Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Azərbaycanda əhali ötən il nə qədər dollar alıb-satıb?


Əhalinin ilboyu dollar alışı dollar satışını 300 milyon dollardan çox qabaqlayıb.
Əhalinin ilboyu dollar alışı dollar satışını 300 milyon dollardan çox qabaqlayıb.

Ötən il Azərbaycan əhalisi banklardan nağd 2 milyard 357 milyon dollar alıb. Bu, 2021-ci illə müqayisədə təxminən 260 milyon dollar çox olsa da, daha öncəki illərdəki göstəricilərdən aşağıdır. Məsələn, 2020-ci ildə ölkə vətəndaşları banklardan, azı, 3 milyard dollar almışdı. Pandemiyanın ilk dövrlərində Azərbaycan neftinin qiyməti ucuzlaşıb 20 dollardan da aşağı endiyindən əhalidə devalvasiya gözləntiləri yaranmış və bu amil dollar alışını artırmışdı. 2018-2019-cu illərdə də əhali banklardan ortalama 3 milyard dollar satın alıb.

Əhalinin dollar alışını aylar üzrə gözdən keçirərkən görünür ki, dollara ən çox tələb yanvarda qeydə alınıb. Ötən ilin yanvarında əhali banklardan 367 milyon dollar alıb. İl ərzində dollara tələbin ən aşağı olduğu aysa avqustdur (cəmi 141 milyon dollar).

Ötən il əhalinin banklardan aldığı dollarla yanaşı, banklara satdığı dolların da həcmi artıb. İl ərzində banklara 2 milyard 40 milyon dollar satılıb. Bu baxımdan əhalinin ilboyu dollar alışı dollar satışını 300 milyon dollardan çox qabaqlayıb. Ancaq nəzərə almaq lazımdır ki, əhalinin banklara satdığı dolların həcmində ötən illərlə müqayisədə daha yüksək artım qeydə alınıb. Məsələn, 2021-ci ildə əhali banklara cəmi 1 milyard 353 milyon dollar satmışdı. Bu baxımdan, aydın olur ki, 2022-ci ildə əhalinin banklara satdığı dolların həcmində 50 faizdən çox artım baş verib. Eyni zamanda, əhalinin ötən il banklara satdığı dolların həcmində 2016-cı ildən sonra ən yüksək göstərici qeydə alınıb. 2022-ci ildə əhalinin banklara ən çox dollar satdığı ay iyun ayı olub. İyunda əhali banklara təxminən 250 milyon dollar satıb. Eyni göstərici baxımından ən aşağı rəqəm yanvarda qeydə alınıb. Yanvarda əhalinin banklara dollar satışı 80 milyon dollar aşmayıb.

Dollar satışı niyə artıb?

Ötən il Azərbaycana göndərilən pul köçürmələrinin sayındakı artım əhalinin banklara satdığı dolların həcmini ən çox artıran səbəblərdən biridir. Mərkəzi Bankın açıqladığı göstəricilərdən aydın olur ki, fiziki şəxslərin 2022-ci ilin ilk doqquz ayında Azərbaycana pul köçürmələri 2.7 milyard dollar olub. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3.6 dəfə çoxdur. Pul köçürmələrinin həcmindəki artım Rusiyadan Azərbaycana göndərilən pulun həcmindəki artımdan qaynaqlanır. Belə ki, eyni dövr ərzində Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 5 dəfədən çox artıb. Azərbaycana köçürülən 2.7 milyard dolların 2.2 milyard dolları məhz Rusiyanın payına düşür. Bu səbəbdən, Rusiyadan Azərbaycana daha çox vəsait göndərilməsinin əhalinin banklara satdığı dolların həcmcə artmasına da təsiri var.

Azərbaycana köçürülən pulların artması fiziki şəxslərin depozit portfelində qeyri-rezidentlərin payının artışında da özünü göstərir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, ötən il yanvarın sonunda qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi 294 milyon dollar idi. Fevralda Rusiyanın Ukraynaya hücumu nəticəsində bu ölkənin iqtisadiyyatına ciddi sanksiyaların tətbiqinə başlandı. Həmin sanksiyaların ən çox zərər vurduğu istiqamətlərdən biri Rusiyanın maliyyə sektorudur. Rusiya bankları ilə əməliyyatların çətinləşməsi ucbatından bir çox insan öz vəsaitini Rusiyadan çıxarmağa başladı. Rəsmi rəqəmlərdən görünür ki, qeyri-rezidentlərin Azərbaycan banklarında saxladığı vəsaitin həcmi ilin sonunda artıq 1 milyard 174 milyon dollara çatıb. Bu, 11 ay ərzində 900 milyon dollara yaxın artım deməkdir.

Rusiyadan pul köçürmələrinin satışı əhalinin rublla bağlı bank əməliyyatlarında da özünü göstərir. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, 2022-ci ildə Azərbaycanda əhali banklara 19 milyard 626 milyon rus rublu satıb. Bu, iki il öncə ilə müqayisədə 5 milyard rubldan çox artım deməkdir. Ötən il əhali banklardan 2 milyard 160 milyon rubl satın alıb. Bu, banklara satılan məbləğin təxminən 10 faizidir.

Bəs digər valyutalar?

Mərkəzi Bankın açıqladığı göstəricilər dollarla yanaşı, digər valyutaların da alqı-satqısına dair bilgiləri əhatə edir. Məsələn, 2022-ci ildə Azərbaycanda əhali banklardan toplam 210 milyon həcmində nağd avro alıb. Bu, 2021-ci ildəkindən 35 milyon avro çoxdur. Əhali ilboyu banklara 106 milyon avro satıb. Bu o deməkdir ki, il ərzində əhalinin banklardan aldığı avronun həcmi banklara satılan avronun həcmini 2 dəfə qabaqlayıb. Üstəlik, ötən il avro ciddi dəyər itkisinə məruz qalıb və orta məzənnəsi 1.7799 manat olub. 2021-ci ildə həmin göstərici 2.0172 idi. Deməli, ötən il avronun manata qarşı orta məzənnəsi təxminən 13 faizdən çox azalıb.

2022-ci ildə Azərbaycanda əhali banklardan 22 milyon funt sterlinq alıb. İngilis valyutasının satış məqamı daha çox diqqət çəkir. Belə ki, ötən il Azərbaycan əhalisi banklara 27 milyon funt sterlinq satıb. Deməli, dollar və avrodan fərqli olaraq, əhalinin funt sterlinq satışı onun alışını qabaqlayıb. Banklara funt sterlinq satışının əvvəlki illərlə müqayisədə dəfələrcə artması da ayrıca diqqət çəkir. 2014-2021-ci illərdə Azərbaycanda əhali ilboyu banklara ən çox 11 milyon funt sterlinq satmışdısa, ötən il həmin göstərici 27 milyonu ötüb.

XS
SM
MD
LG