Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:42

Bir il əvvəl qətlə görə 17 il cəza almış DTX polkovniki azadlığa buraxıldı


DTX
DTX

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şöbəsinin rəisi vəzifəsində işləyərkən – 2018-ci ildə qətl cinayətinə göstəriş verməkdə suçlanan polkovnik-leytenant Cavanşir Qədirov həbsdən buraxılıb. Onun haqqında 17 il 6 aylıq həbs hökmü ləğv edilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, 2020-ci ildə Qədirovun 17 il 6 ay azadlıqdan məhrum edilməsinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsi bir müddət öncə onun işinə yenidən baxıb. Bu dəfə isə eyni məhkəmə DTX polkovnikinin haqqında bəraət hökmü çıxarıb.

Söhbət Şirvan şəhər sakini, 62 yaşlı Sarayxanım Abdullayevanın qətlindən gedir. Cinayət işinin materiallarında bildirilir ki, 2018-ci ildə DTX-nın Şirvan şöbəsinin əməkdaşı, kapitan Rövşən Ağayevin də daxil olduğu əməliyyat qrupu Abdullayevanın oğlu Xəyalı saxlayıb. Onun evindən 258 ədəd güclü təsiredici həb tapıldığı iddia olunub. Tutulma prosesində Şirvan sakini Mətləb Əmirov hal şahidi qismində iştirak edib.

25 min manat

"Rövşən Ağayev tanışı Mətləb Əmirov vasitəsilə Sarayxanım Abdullayeva ilə əlaqə saxlayıb, onun evində görüşüblər. Görüş zamanı oğlunu psixi xəstəliklə həbsdən buraxdırmağa kömək edəcəyini deyib. Bundan ötrü Xəyal Abdullayevin anasından 25 min manat pul alıb. Bu məbləğin 23 min manatını rəis Cavanşir Qədirova, 500 manatını isə vasitəçilik edən Mətləb Əmirova verib", – iş materiallarında belə yazılıb.

Bir müddət keçsə də, Abdullayev həbsdən buraxılmayıb. Belə olan halda, onun anası xəbər göndərib ki, danışıqların bütün səs yazıları onda var, əgər oğlu buraxılmasa, onları DTX rəhbərliyinə təqdim edəcək. Kapitan Ağayev bunu rəisinə məruzə edib. Qədirov ona çatmış 23 min manatı Ağayevə verərək tapşırıb ki, onun pulunu qaytarsın. Amma bir qədər sonra işçisi DTX-nın Şirvan şöbəsinin rəisini məlumatlandırıb ki, ana pulu istəmir, oğlunun həbsdən buraxılmasını tələb edir. İddiaya görə, rəis işçisinə məsləhət görüb ki, qadını susdurmağın yolu onu etibarlı adam vasitəsilə aradan götürməkdir.

7 min manatlıq plan

DTX kapitanı Xankərəm Kərimovla 7 min manata Abdullayevanı öldürmək haqda razılığa gəlib. Planı həyata keçirmək üçün icarəyə avtomobil götürülüb, ona saxta dövlət nömrə-nişanı vurulub. Plana əsasən, kapitan Ağayev anaya deyib ki, oğlunu məhkəməyə aparacaqlar, həmin vaxt onları görüşdürə bilər. Qadın razılaşıb və Kərimov icarəyə götürülmüş avtomobillə onun işlədiyi məktəbə gəlib, özünü DTX-nın vəzifəli əməkdaşı kimi təqdim edib, maşına mindirib aparıb. Maşını Salyan rayonu ərazisində çöllükdə saxlayıb və Abdullayevanı boğaraq qətlə yetirib. Daha sonra DTX əməkdaşının cinayəti gizlətmək üçün meyiti Şamaxı rayonunda dağlıq ərazidə yüksəklikdən atdığı iddia olunur.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Rövşən Ağayev 19 il, Xankərəm Kərimov 17 il azadlıqdan məhrum edilib. Onlar qəsdən adam öldürməkdə təqsirli bilinib. Xəyal Abdullayevin həbsində hal şahidi kimi iştirak etmiş, sonradan onun anasıyla DTX əməkdaşı arasında vasitəçilik etmiş Mətləb Əmirov isə CM-in 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə təqsirli bilinib və ona 3 il həbs cəzası kəsilib. DTX-nın Şirvan şöbəsinin sabiq rəisi, polkovnik Cavanşir Qədirova qəsdən adam öldürmə ilə bağlı ittihamlar üzrə bəraət verilib. O, CM-in 312-1 və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə 3 il azadlıqdan məhrum edilib.

Cəza artırılıb

Prokurorluq hökmdən DTX polkovnikinə aid hissədə protest verib, ona qəsdən adam öldürmə ittihamı üzrə də cəza verilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsi 2020-ci ildə protestə baxaraq onu təmin edib və Qədirovun cəzası 3 ildən 17 il 6 aya qaldırılıb. O, Abdullayevanın qətlində iştirakda təqsirli bilinib.

Özünü təqsirli bilməyən Qədirov Ali Məhkəməyə üz tutub. Bu instansiyada şikayəti təmin edilib – hökm ona aid hissədə ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Abdullayevanın yaxınları da hökmdən narazı qalıb. Onlar Ağayev və Kərimova ömürlük həbs cəzası verilməsini istəyiblər.

Qərəzli ifadə, yoxsa...

Ağayev keçmiş rəisinin əleyhinə ifadə verib. O, iddia edib ki, Abdullayevadan 25 min manat alması da, onu qətlə yetirmək ideyası da Qədirovun fikri olub, o isə reallaşdırıb. Onun sözlərinə görə, rəisi "Xəyalın azadlığa buraxılmaq ehtimalı böyükdür, get pulu al" deməsəydi, "arvad birmənalı danışmamalıdır, onu aradan götürmək lazımdır, bunun üçün etibarlı adam tap..." tapşırığını verməsəydi, özü də bu cinayətləri törətməzdi.

Qədirov isə ifadəsində bildirib ki, bu haqda iddialar yalandır, keçmiş işçisinin ona qarşı qərəzindən irəli gəlir. Şirvanda DTX-nın rəisi vəzifəsində cəmi 6 ay işlədiyini vurğulayan Qədirovun sözlərinə görə, bu müddətdə Ağayev işinə səhlənkar və qeyri-peşəkar yanaşdığına görə dəfələrlə ona irad bildirib, bu üzdən ona qarşı qərəzli olduğunu və yalan ifadələr verdiyini düşünür.

Bakı Apellyasiya Məhkəməsi bu cinayət işini ikinci dəfə araşdıranda belə nəticəyə gəlib ki, DTX-nın Şirvan şöbəsinin keçmiş rəisinə qarşı ittihamların heç biri sübuta yetirilməyib. Ağayevin onun əleyhinə ifadələrini ziddiyyətli hesab edən məhkəmə ona bütün maddələr üzrə bəraət verilməsini məqsədəuyğun hesab edib. Belə qənaətə gəlib ki, Qədirovun rüşvət alması, qətlə göstəriş verməsini təsdiqləyən mötəbər sübutlar yoxdur.

XS
SM
MD
LG