Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Əfqanıstan canlıların təsvirini yasaqlayan tək ölkə olub


"Tolo News"un qadın aparıcısı Təhminə Usmani Kabildəki "Tolo" telekanalında canlı yayımda üzünü örtür.
"Tolo News"un qadın aparıcısı Təhminə Usmani Kabildəki "Tolo" telekanalında canlı yayımda üzünü örtür.

Talibanın repressiv siyasəti və İslamın radikal yozumu ölkəni özünütəcridə sürükləyib.

Əfqanıstan 2021-ci ildə yeniyetmə qızların məktəbə getməsini yasaqlayan ilk və tək ölkə olub. İndi də yeni bir ilkə imza atır: Ölkədə insan və heyvanların təsvir edilməsi yasaqlanacaq.

"Bu qərar absurd və inanılmazdır", - Talibanı izləyən əfqanıstanlı veteran jurnalist və şərhçi Səmi Yusafzai belə deyir.

İslamda bütpərəstlik və bütə sitayiş günah sayılır. Talibanın radikal yozumu nəticəsində manikenlərin başları qopardılıb, gəlinciklərin satışına qadağa qoyulub. Son illərdə bir çox heykəl ya yerindən götürülüb, ya da tam dağıdılıb.

İndi də bütpərəstliyə qadağa kampaniyası çərçivəsində Taliban kompüter və mobil telefonlarda canlıların video və şəkillərini çəkib baxmağı yasaqlayıb.

"Əsas istəkləri… Taliban əmirliyini dirçəltməkdir"

"Əsas istəkləri 1990-cı illərdəki Taliban əmirliyini yenidən dircəltməkdir", - London Ali İqtisadiyyat Məktəbi Güney Asiya Mərkəzinin dəvətli mütəxəssisi Obəydulla Bahirin sözləridir.

Taliban 1996-2001 illərdə hakimiyyətdə olarkən, İslama zidd saydığından canlıların hər hansı görüntüsünün TV-lərdə göstərilməsini və ya fotosunun çəkilməsini qanunsuz sayıb. Talibançılar videokasset və televizorları hamının gözü önündə sındırıb-dağıdıblar.

Onlar, beləcə, İslama zidd və bütpərəst saydıqları, çoxu Budda heykəlləri olan minlərlə tarixi yadigarı məhv ediblər. Ən yadda qalan olaysa 2001-ci ildə bütün dünyanı sarsıdan iki azman Budda heykəlinin partladılması idi. Bu 6-cı əsrə aid abidələrin məhv edilməsində təyyarəvuran toplardan, tank əleyhinə dinamitdən və digər partlayıcı vasitələrdən istifadə olunub.

Kabil restoranında canlı yayımda din xadiminin çıxışına baxırlar.
Kabil restoranında canlı yayımda din xadiminin çıxışına baxırlar.

2001-ci ildə ABŞ-nin başçılığı ilə hərbi müdaxilədən sonra hakimiyyəti itirən Taliban öz təbliğatında foto və rəsmlərdən geniş yararlanıb. Talibançıların internet saytı və sosial şəbəkə hesabları aramsız fəaliyyət göstərib.

Hakimiyyətə yenidən gələndən sonra dövlət televiziyasına, digər telekanallara sərt məhdudiyyətlər qoyulsa da, fəaliyyətlərinə icazə verilib. Sosial şəbəkə hesablarından faydalanan yüksəkvəzifəli Taliban rəsmiləri öz görüş və xarici səfərlərinin video və foto görüntülərini paylaşırlar.

Azad medianın məhvi

Talibanın sözügedən qadağası ölkədə media azadlığını məhdudlaşdırır və bu, narahatlıq doğurur.

Artıq fərqli düşünənlərə qarşı repressiyalar başlanıb. Onlarla jurnalist döyülüb, saxlanılıb və ya həbsə atılıb. Taliban müstəqil media qurumlarını zorla qapadaraq özünün hələ də tanınmayan hökumətinə qarşı istənilən görüntülü tənqidə yasaq qoyub.

Son günlər Talibanın yönəltdiyi media qurumları bəzi vilayətlərdə canlıların təsvirinin nümayişini dayandırıb. Bəzi TV kanalları audioyayıma keçməyə məcbur qalıb. Talibanın yayıma cavabdeh nazirliyi oktyabrın 14-də yasağın tədricən bütün ölkə ərazisinə yayılacağını açıqlayıb.

"Bu, Əfqanıstanı böyük bir həbsxanaya çevirəcək", - Yusafzai belə deyir.

"Biz düşünürdük ki, Əfqanıstanda heyvanların qadınlardan daha çox azadlığı var", - Kabildə Fəribə adlı müxbirin AzadlıqRadiosuna söylədiyi sözlərdir. "Ancaq Talibanın hətta heyvanlara da mərhəməti yoxmuş", - bunu da o deyir.

Mühacirətdəki Əfqanıstanlı Jurnalistlər Federasiyasının sözçüsü Heşmət Vacdani Talibanın belə davranışını mətbuat azadlığı üçün zərərli sayır. "Bu, Əfqanıstanda media və azad düşüncənin məhvinə aparır",- onun sözləridir.

XS
SM
MD
LG