Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

Əli Kərimliyə 6 ay həbs istənilir


AXCP sədri Əli Kərimli
AXCP sədri Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə 6 ay həbs cəzası istənilib. Nəsimi rayon Məhkəməsində 5 il öncə partiyadan xaric olunmuş Aydın Əliyev bu tələblə çıxış edib.

Avqustun 13-də A.Əliyevin AXCP sədrinə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə iddiasını əsaslandıran A.Əliyev deyib ki, Ə.Kərimli "Azərbaycan saatı", "Osmanqızı" kimi YouTube kanallarında, AXCP Ali Məclisinin iclasında səsləndirdiyi fikirlərlə ona böhtan atıb. Ə.Kərimli həmin çıxışlarında A.Əliyevin AXCP-nin kursuna zidd olan hökumətyönlü siyasi xətti tutduğuna görə partiyadan xaric olunduğunu bildirib. İddiaçı daha sonra məhkəmə qərarıyla zorla partiyaya qaytarıldığını da vurğulayıb. Ardınca da hökumət A.Əliyevdən yararlanaraq onun qaldırdığı iddia əsasında məhkəmə yoluyla AXCP qurultayının nəticələrini ləğv etdirib.

A.Əliyevin 63 yaşı var və o iddia edir ki, Ə.Kərimli bu çıxışlarıyla ona böhtan atıb: "Şərəf və ləyaqətimi aşağılayıb, özümə və ailəmə iztirablar yaşadıb. Xahiş edirəm, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə təqsirli bilinsin və 6 ay azadlıqdan məhrum edilsin".

"O tələblərin heç birinə əməl olunmayıb"

Ə.Kərimlinin vəkili Fəxrəddin Mehdiyev iddiaya etirazını bildirib. Vəkilin fikrincə, A.Əliyevin məhkəməyə təqdim etdiyi iddia qanunun tələbinə uyğun tərtib olunmayıb: "Məhkəmə bu vəziyyətdə tərtib olunmuş iddianı icraata götürüb baxa bilməz. Xüsusi ittiham qaydasında qaldırılan iddia ilə bağlı qanunun tələbləri var. O tələblərin heç birinə əməl olunmayıb. İddia edilən cinayət harada baş verib, sübutlar nədən ibarətdir – bütün bunlar göstərilməliydi, amma yoxdur".

Hakim Babək Pənahov A.Əliyevə iddia ərizəsindəki çatışmazlıqları aradan qaldırmağa bir həftə vaxt verib. Elə bu səbəbdən məhkəmənin hazırlıq iclası avqustun 19-nadək ertələnib.

AXCP-nin bəyanatında bildirilir ki, bu məhkəmə işi birbaşa prezident İlham Əliyevin sifarişiylə başladılıb.

Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsində 500 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai iş, 1 ilədək islah işləri və ya 6 ayadək həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

AXCP sədri haqqında daha öncə də (təşkilat "Azərbaycan Xalq Cəbhəsi" adlanan və Əli Kərimlinin həmin təşkilatda sədrin müavini olduğu vaxtlar) - 1994-cü ilin sentyabrında cinayət işi qaldırılmışdı. O zamanlar hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partladıcı maddə tapıldığını bildirərək onu həbsinə nail olmuşdu. Di gəl, bu həbs elə də uzun çəkməmişdi.

Ə.Kərimli ümumvətəndaş pasportunun etibarlılıq müddəti bitdiyindən 2006-cı ildə Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Ancaq 1994-cü ildə açılan cinayət işi əsas gətirilərək ona yeni pasport verməkdən imtina edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci il iyulun 16-da Ə.Kərimliyə pasport verilməməsi ilə bağlı şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə pasport verilməməsini onun Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci (hərəkət etmək azadlığı) maddəsində nəzərdə tutulan hüquqlarının pozuntusu kimi qiymətləndirib. Məhkəmə mənəvi ziyana və çəkilmiş digər xərclərə görə dövlətin Ə.Kərimliyə 8 min 600 avro kompensasiya ödəməsinə qərar versə də, AXCP sədri hələ də xarici pasport ala bilməyib.

XS
SM
MD
LG