Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:28

Əliyev: ‘Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etmək mümkün deyil’ 


Əliyev erməni mədəni irsinin həm Bakıda, həm də Qarabağda mühafizə olunduğunu, işğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən dağıdıldığını, bu barədə qətnamədə heç bir söz deyilmədiyini bildirib

“Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi anti-Azərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir”.

Prezident İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Deyvid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən belə deyib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

67 məsciddən 65-i dağıdılıb

İlham Əliyev bu ilin martında Avropa Parlamentinin Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı qəbul etdiyi qətnamənin birtərəfli hazırlandığını, bu məlumatların həqiqətə uyöun olmadığını söyləyib.

O, erməni mədəni irsinin həm Bakıda, həm də Qarabağda mühafizə olunduğunu, işğal zamanı 67 məsciddən 65-nin Ermənistan tərəfindən dağıdıldığını, bu barədə qətnamədə heç bir söz deyilmədiyini bildirib.

İlham Əliyev Azərbaycanın Avropa ilə yaxın münasibətlər qurmaq istədiyini, parlamentin bəzi üzvlərinin cəhdlərinə baxmayaraq, Avropanı Azərbaycandan və Azərbaycanı Avropadan təcrid etməyin mümkün olmadığını vurğulayıb.

Yayılmış rəsmi açıqlamada cənab MakAlisterin prezidentin səsləndirdiyi tənqidlərə hansısa formada cavab verdiyi haqda məlummat yoxdur.

Qətnamələr

Avropalı parlamentarilər Cənubi Qafqaza səfəri həftə boyu davam edəcək. Onlar Azərbaycana səfərdən sonra Gürcüstana, daha sonra isə Ermənistana səfər edəcəklər.

Avropa Parlamenti 44 günlük müharibədən sonra Azərbaycanda saxlanılan erməni əsirlərlə bağlı qətnamə qəbul etmişdi.

Orda Human Rights Watch-un hesabatına istinadla erməni hərbi əsirlərə qarşı Azərbaycanın qeyri-insani rəftar göstərdiyi iddia olunur, bütün erməni əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması tələb edilirdi.

Bu il martın 10-da Avropa Parlamentinin “Qarabağda mədəni irsin məhv edilməsi ilə bağlı” qəbul etdiyi qətnamədə erməni məbədlərinin dağıdılmasından, erməni kilsələrinin albanlaşdırılmasından narahatlıq ifadə olunurdu.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG