Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:49

Azərbaycan prezidenti Qranada görüşünə niyə getmədi?


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə. 31 avqust 2022
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə. 31 avqust 2022

Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib. Bu barədə Azərbaycanın bir sıra media orqanları "özəl" mənbələrə istinadla məlumat yayıblar. Məlumata görə, Azərbaycan görüşdə Türkiyənin iştirakını istəyib, bunda israr edib, lakin buna imkan verilməyib. Üstəlik, iddialara görə, Azərbaycan tərəfi Fransanın vasitəçiliyindən narazıdır.

Ölkə rəsmiləri, o cümlədən Prezident Administrasiyası, hələlik, bu məlumatı nə təsdiq edib, nə də təkzib.

Amma Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məsələyə münasibət bildirib. O, oktyabrın 4-də keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Ermənistan və Avropa İttifaqı nümayəndələri ilə planlaşdırılmış görüşdən imtina etməsi rəsmi Bakının suveren haqqıdır. Həmin görüşdə Azərbaycan, Ermənistan liderlərinin, Avropa İttifaqı Şurası, Fransa prezidentinin və Almaniya kanslerinin iştirakı nəzərdə tutulurdu.

Paşinyan: "Əhvalımız çox konstruktiv idi"

Oktyabrın 5-də Qranadada Avropa Siyasi İcmasının üçüncü sammiti keçiriləcək. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin görüşdən imtina etməsinə baxmayaraq, Qranadaya gedəcəyini bildirib. "Biz son ana kimi Qranadaya səfərimizi təsdiqləyirdik, əhvalımız çox konstruktiv və optimistik idi. Hesab edirdik ki, dönüş sənədini imzalamaq üçün fürsət var idi və bu fürsəti yüksək qiymətləndirirdik. Amma məlum olub ki, görüş baş tutmayacaq", - o vurğulayıb.

H.Babaoğlu
H.Babaoğlu

"Azərbaycan təkləndiyini bilə-bilə..."

Deputat, hakim Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının üzvü Hikmət Babaoğlu "Turan"a bildirib ki, əgər yayılan xəbərlər doğrudursa, Azərbaycanın mövqeyi tamamilə başadüşülən və haqlıdır: "Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin görüşdə iştirak etməsini istəməsindən daha təbii heç nə ola bilməzdi. Bunu da Almaniya və Fransa qəbul etmədi. Əgər onlar bunu qəbul etmirlərsə, Azərbaycan əvvəlcədən təkləndiyini bilə-bilə, əlbəttə ki, görüşdə iştirak etməzdi. Bu da çox doğru qərardır".

Babaoğlunun vurğulamasına görə, onsuz da görüş ərəfəsində Ermənistanın rəsmi şəxslərinin açıqlamalarından aydın olurdu ki, bu ölkə Qranadada hər hansı sülh sənədi imzalamağa hələ də hazır deyil: "Ona görə də Azərbaycanın regionda sülh qurulması ilə bağlı bu qədər görüləsi böyük işlərin olduğu bir vaxtda sadəcə görüş naminə görüşdə iştirak etməməsi doğrudur. Azərbaycanın bu cür görüşlərdə boş-boşuna vaxt itirməyə nə həvəsi, nə də marağı var. Azərbaycan həmişə sülhə hazırdır. Gözləyək, görək Ermənistan nə vaxt sülhə hazır olacaq?".

"Rusiya istəməyib..."

Siyasi şərhçi Ərəstun Oruclu düşünür ki, görüşdən imtina ilə bağlı mediada yayılmış səbəblər sadəcə bəhanədir: "Ona görə ki, bu səbəblərin hər ikisi - Fransanın destruktiv mövqeyi və Türkiyənin görüşdə iştirak etməməsi əvvəlcədən bəlli idi".

Onun sözlərinə görə, görüşdən imtinanın əsl səbəbini axtarmaq lazımdır: “Azərbaycan bu danışıqlar formatından razı deyil. Format sırf Avropa formatıdır. Burada səbəb o ola bilər ki, istər Fransanın, istər Almaniyanın Azərbaycanın keçirdiyi antiterror əməliyyatına neqativ münasibət özünü göstərib”.

Politoloq daha bir versiyanı da irəli sürüb. Onun fikrincə, ola bilsin, Rusiya istəməyib ki, Azərbaycan Qranada görüşündə iştirak etsin. "Bu versiyanın xeyrinə bir neçə məqam var. Onlardan biri Ermənistan parlamentinin Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq məsələsini ratifikasiya etməsidir. Məlumdur ki, bu, Ermənistan tərəfindən birbaşa Putinə qarşı olan addımdır və görüşə bir gün qalmış bu addım atılıb. Rusiya bundan narazı qalıb və Azərbaycana mesaj verib ki, onun görüşdə iştirakını arzulamır", - Oruclu AzadlıqRadiosuna bildirib.

Ə.Oruclu
Ə.Oruclu

Onun qənaətinə görə, buna işarə edən başqa bir məqam da var: "Rusiya Azərbaycanın keçirdiyi antiterror əməliyyatına, ermənilərin Qarabağın dağlıq hissəsindən köç etməsinə çox loyal yanaşıb və separatçı rejimin rəhbərlərinin çox rahat həbs edilməsinə göz yumub. Bu o mətləbdən xəbər verir ki, Azərbaycanla Rusiya arasında hansısa məsələlərə dair müəyyən anlaşma var. İstisna etmirəm ki, bu prosesin içində Türkiyə də var".

Almaniyanın mövqeyi…

Yazıda səslənən fikirlərə Fransa, Almaniya rəsmilərinin münasibəti bəlli deyil. Amma Almaniya Kansleri Olaf Şolts oktyabrın 4-də prezident Əliyevə telefon zəngində deyib ki, Berlin Azərbaycanla Ermənistan arasında münaqişənin danışıqlar yolu ilə həllində israrlıdır. "Kansler hərbi gücdən istifadəni qətiyyətlə rədd etdiyini bildirib", – Almaniya liderinin sözçüsü bəyanatında bildirib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb. Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini elan edib. Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandırdığını açıqlayıb. Separatçı qurumun liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG