Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:39

AXCP funksionerinə 5 il həbs kəsildi: onunla birlikdə mühakimə olunanlara şərti cəza verildi


Elxan Əliyev
Elxan Əliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev 5 il azadlıqdan məhrum edilib. Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası onunla birlikdə mühakimə olunan digər iki nəfərə - Vəfadar Axundov ilə Yusif Əliyevə isə şərti cəza verib.

V.Axundov məhkəmə zalından azadlığa buraxılıb, Y.Əliyev isə məhkəmə gedən müddətdə də həbsdə deyildi.

Hakimlər hökmdən öncə AXCP fəalına son sözünü deməyə də imkan verməyib. E.Əliyev son sözə hazırlaşmaqdan ötrü məhkəmədən vaxt istəyib. Hakim Leyla Əsgərova-Məmmədova bildirib ki, ona vaxt verilmir və vaxt istəməsi son sözdən imtina kimi anlaşılır.

Cinayət işinin materiallarında iddia olunur ki, sadalanan təqsirləndirilən şəxslər Nardaran qəsəbəsində 14 sot torpaq sahəsini çıxarışı olmadan, bələdiyyə sənədi ilə Ramo Şükürova 57 min manata satmaqla dələduzluq ediblər.

"Deyirdi ki, sən torpaq tap, adamım var"

Y.Əliyev satılan torpağın sahibidir, E.Əliyev daşınmaz əmlak alqı-satqısında vasitəçiliklə məşğul olurdu. V.Axundov da bu işdə vasitəçilikdə suçlanır.

Adları çəkilən şəxslərin heç biri dələduzluq ittihamını qəbul etmir.

E.Əliyev siyasi baxışlarına görə şərləndiyini, öncədən planlanmış təxribat nəticəsində həbs edildiyini deyir. Həbsindən öncə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olduğunu söyləyən AXCP fəalının sözlərinə görə, R.Şükürov özü günlərlə zəng edərək ondan israrla torpaq sahəsi tapmasını istəyib: "Deyirdi ki, "sən torpaq tap, adamım var, sənədləşməyə kömək edəcək, özüm çıxarış alacağam". Bu torpaq sahəsi də sahibinə bələdiyyənin qərarı ilə verilmişdi, o da satırdı. Ondan beh istəniləndə pulun hamısını verməsi də sübut edir ki, bu bir oyun imiş. Dərhal sonra da gedib şikayət etdi. Qurulmuş plan tam icra olundu".

Nemət Kərimli
Nemət Kərimli

E.Əliyevin vəkili Nemət Kərimli də aprelin 1-dəki çıxışında müvəkkilinin təqsirsiz olduğunu, siyasi baxışlarına görə cəzalandırıldığını deyib. Vəkil vurğulayıb ki, baş verənlər E.Əliyevin həbsi üçün hazırlanmış təxribatdır: "Bu, məhkəmə prosesində də göründü. Hətta baş verənlərin gerçək alqı-satqı olduğunu qəbul etsək belə, Elxan Əliyevin əməlində cinayət tərkibi yoxdur. Biri torpaq satır, o biri də alır. Mübahisə varsa belə, mülki qaydada həll olunmalı idi. Üstəlik, bu adam özü gəlib Elxan Əliyevi tapıb".

N.Kərimli müvəkkilinin insult keçirməsi, himayəsində üç azyaşlı övladının olması və s. məsələləri də hakimlərin diqqətinə çatdırıb.

Vəkil əvvəlki məhkəmə iclaslarında E.Əliyevin həbsindən bir neçə gün öncə çəkdiyi və sosial şəbəkələrdə yayılmış videonu təqdim etmişdi. Cəbhəçi fəal orada bildirir ki, bir nəfər ona israrla zəng edir, ev və ya bağ sahəsi tapmasını istəyir: "Zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Yenə əl çəkmir, indi zəng edib ki, gedək çörək yeyək, yaxından tanış olaq. Bilmirəm ki, hakimiyyətin bir oyunudur, nədir...".

Pul qaytarılıb, amma…

E.Əliyevin sözlərinə görə, videoda bəhs etdiyi adam hazırda zərərçəkmiş qismində tanınan R.Şükürovdur.

İş materiallarına əsasən, ondan alınmış 57 min manatdan E.Əliyevə 3 min 900 manat çatıb. Həmin pul da ona qaytarılıb. Ümumiyyətlə, 57 min manat tam şəkildə zərərçəkmişə ödənilsə də, R.Şükürov məhkəmədə deyib ki, pulu qaytarılsa da, yenə E.Əliyevdən şikayətçidir.

N.Kərimli hökmdən apellyasiya şikayəti verəcəyini bildirib: "Tam əsassız və qanunsuz hökmdür. Göz görə-görə günahsız adama 5 il cəza verildi...".

E.Əliyev daha öncələr də bir neçə dəfə polisə müqavimət ittihamı ilə inzibati qaydada həbs edilib. Ona hər dəfə 20-30 sutka inzibati həbs cəzası kəsilib.

Hazırda AXCP-nin beşdən çox fəalı müxtəlif ittihamlarla həbsdədir. Onların heç biri özünü təqsirli bilmir, siyasi baxışlarına, etiraz aksiyalarına qatıldıqlarına və hökumətin ünvanına tənqidi fikirlərinə görə şərləndiklərini bildirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu barədə deyilənləri təkzib edir, siyasi fəalların konkret faktlar əsasında saxlandıqlarını bildirir.

Hökumət rəsmiləri də ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını bəyan edir.

XS
SM
MD
LG