Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Ermənistana yatırılan investisiyaların həcminə görə BƏƏ Rusiyanı ötüb


Ermənistan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün viza tələblərinin qarşılıqlı azad edilməsi haqqında Protokol imzalanıb. 9 sentyabr 2023-cü il
Ermənistan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üçün viza tələblərinin qarşılıqlı azad edilməsi haqqında Protokol imzalanıb. 9 sentyabr 2023-cü il

Ötən il Ermənistana ən çox yatırım göstərən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mediaya açıqlamasında belə deyib. Ermənistan iqtisadiyyatına 2023-cü ildə yatırılan xarici investisiyaların həcmi təxminən 1.4 milyard dollardır. Ermənistan statistika qurumunun ötən ilin ilk 9 ayı ilə bağlı açıqladığı rəqəmlərə görə, BƏƏ-nin bu ölkəyə yatırdığı investisiyaların həcmi 305 milyon dollar olub. Ermənistana yatırılan investisiyaların həcminə görə ənənəvi olaraq lider sayılan Rusiyadan gələn xarici investisiyaların həcmi isə eyni dövrdə 250 milyon dollardır.

Müqayisə üçün: 2023-cü ilin ilk 9 ayında BƏƏ Azərbaycana 67 milyon dollar həcmində investisiya yatırıb. Bu, Ermənistanla müqayisədə təxminən beş dəfə az deməkdir. BƏƏ-nin Ermənistanla iqtisadi münasibətlərində bir məqam da diqqət çəkir: Əsas investor şirkətlərdən biri Azərbaycanda da fəaliyyət göstərir. Söhbət alternativ enerji sahəsində çalışan "Masdar" şirkətindən gedir.

Ötən il bu şirkətin Azərbaycandakı ilk layihəsinin - 230 MVt gücündəki "Qaradağ" Günəş Elektrik Stansiyasının açılışı olmuşdu. Eyni şirkətlə Ermənistan arasında imzalanan anlaşmaya görə, 200 MVt gücündə günəş elektrik stansiyası tikilir. 85 faizi "Masdar"a, 15 faizi Ermənistan Dövlət Maraqları Fonduna (ANIF) məxsus olacaq elektrik stansiyasına 174 milyon dollara yaxın investisiya qoyulacaq. Tikinti Ermənistanda toplam gücü 400 MVt-lıq bərpa olunan enerji layihələrinin inkişafı üçün 2019-cu ilin noyabrında "Masdar"la imzalanmış Sazişə əsasən aparılır.

Ötən il keçirilən Ermənistan-BƏƏ biznes forumunda çıxış edən Ermənistan rəsmisi bildirib ki, iki ölkə arasında alternativ enerji ilə yanaşı, digər strateji partnyorluq olan sahə aviasiyadır. Nəzərə almaq lazımdır ki, Ermənistanın milli aviadaşıyıcısı "FLY Arna" şirkətini 2021-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Air Arabia" və ANIF təsis edib. Ermənistanın iqtisadiyyat naziri BƏƏ ilə ticarət əlaqələrinin inkişafını Ermənistan hökumətinin bu ölkə ilə apardığı məqsədyönlü danışıqların nəticəsi sayıb və əlavə edib ki, Ermənistan hazırda Hindistan, Çin, Yaponiya və Avropa Birliyinin də ölkə iqtisadiyyatına marağının artması yönündə fəaliyyət göstərir.

İki ölkə arasında ticarət də artır

Ötən il Ermənistan və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi də artıb. Ermənistan Statistika Komitəsinin 2023-cü ilin ilk 11 ayı ilə bağlı yayımladığı rəqəmlərə görə, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1.5 milyard dollara yaxın olub. Bu, 2022-ci ilin eyni dövri ilə müqayisədə üç dəfəyə yaxın artım deməkdir. Həmin göstərici ilə BƏƏ Ermənistanın ən böyük xarici ticarət dövriyyəsi olduğu ikinci ölkədir. Maraqlıdır ki, Ermənistan və BƏƏ arasındakı ticarətdən qazanclı tərəf daha çox Ermənistandır, çünki bu müddət ərzində Ermənistanın BƏƏ-yə satdığı məhsulların toplam dəyəri 1.4 milyard dollar olduğu halda, BƏƏ-dən Ermənistana cəmi 70 milyon dollar dəyərində ixrac gerçəkləşdirilib.

Bugünlərdə Ermənistanın Qida Təhlükəsizliyi Müfəttişliyi də BƏƏ-nin uyğun qurumu ilə anlaşma imzalandığını açıqlayıb. Açıqlamada bildirilir ki, BƏƏ və Ermənistan arasında Ermənistanın balıq, bal, ağartı, ət və ət məhsulları üçün sağlamlıq sertifikatı haqqında razılıq baş tutub və bu razılıq Ermənistanın BƏƏ-yə qida məhsulları ixracını artıracaq. Bu il fevralın 1-dən başlayaraq Ermənistan və BƏƏ arasında vizasız rejim qüvvəyə minir. Erməni tərəfinin fikrincə, bu addım Ermənistana BƏƏ-dən gələn turistlərin sayını artıracaq.

Ermənistanın ixracı necə artır?

O da var ki, Ermənistanın xarici ticarət göstəricilərinin artmasında Rusiyaya tətbiq edilən sanksiyaların da təsiri var. Ukraynaya hücumdan sonra Rusiyaya sanksiyalar tətbiq edildiyindən rusiyalı sahibkarların idxal və ixrac əməliyyatları çətinləşib. Belə olan halda son iki ildə Rusiyanın idxal və ixracında Ermənistan rol oynamağa başlayıb. Belə ki, Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir. Eyni zamanda, Ermənistan xaricdən gətirdiyi bəzi məhsulları təkrar Rusiyaya ixrac edir. Ermənistan Statistika Komitəsinin məlumatına görə, ötən ilin ilk 11 ayında ölkənin almaz ixracı 2022-ci illə müqayisədə iki dəfə artıb. Ermənistanın almaz ixracında BƏƏ-nin payı 86 faizdir. Ermənistan mətbuatında çıxan araşdırmalarda qeyd edilir ki, Ermənistanın almaz ixracındakı kəskin artımın səbəbi məhz Rusiya almazının təkrar ixracıdır.

Rusiya ilə təkrar idxal-ixrac əməliyyatlarının Ermənistanın xarici ticarət əlaqələrinə təsirini digər rəqəmlər də təsdiqləyir. Ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 20.7 milyard dollar olub. Bu, 2022-ci illə müqayisədə 46 faiz artım deməkdir. 2023-cü ildə Ermənistanın ixracı 55 faiz, idxalı isə 40 faiz yüksəlib. Ermənistanın sırf Rusiyaya ixracındakı artımsa 60 faizə yaxındır.

XS
SM
MD
LG