Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:31

Ermənistan demokratiya sammitinin hansı müddəasına və niyə qoşulmayıb?


Ermənistan baş naziri Nikol Paşinyan (Arxiv fotosu)
Ermənistan baş naziri Nikol Paşinyan (Arxiv fotosu)

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya sammitinin” yekun bəyannaməsinə “istisna ilə” qoşulub.

Ermənistan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikası yekun bəyannaməsinin bir paraqrafına imza atmayıb.

Məlumatda deyilir ki, sözü gedən paraqraf “heç də bütün münaqişə və böhranları əks etdirmir və o Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə qarşı təcavüzü və Ermənistanın bəzi ərazilərinin işğalı məsələsinə toxunmur”.

Azatutyun Ermənistanın imzalamaqdan imtina etdiyi paraqrafın mətnini bütünlüklə çap edib.

Yerevanın imzalamadığı paraqrafda nə deyilir?

Qeyd olunmalıdır ki, bu paraqrafda söhbət spesifik olaraq Rusiyanın Ukraynaya qarşı təcavüzündən, dövlət sərhədlərinin pozulmazlığından gedir və paraqraf Ukrayna ərazisindəki bütün Rusiya qoşunlarının dərhal oradan çıxarılmasını tələb edir:

“Biz Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin dövlətlərin öz beynəlxalq münasibətlərində istənilən başqa ölkənin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı güc tətbiqi ilə hədədən və ya gücdən istifadə olunmamasını və mübahisələrin dinc yolla həllini ehtiva edən təməl prinsiplərini qəbul edirik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq dövlətlərin fərdi və ya kollektiv qaydada özünümüdafiə kimi alınmaz haqqını tanıyırıq”.

Rusiyanın Ukraynaya qarşı təcavüzü

Daha sonra həmin paraqrafda söhbət Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzündən, bu müharibənin gətirdiyi iztirablardan, Ukraynanın mülki infrastrukturuna dəyən ziyandan gedir:

“Biz Rusiyadan öz qoşunlarını Ukraynanın beynəlxalq aləmdə tanınan sərhədlərinədək bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasını tələb edir və döyüş əməliyyatlarını dayandırmağa çağırırıq”.

Bu paraqrafda habelə bu silahlı münaqişənin tərəflərinə beynəlxalq öhdəliklərinə, bütün əsirlərin, qanunsuz saxlananların, məhbus edilənlərin, uşaqlar da daxil deportasiya olunanların qaytarılmasına çağırış edilir:

“Biz Ukrayna ərazisində törədilmiş ağır cinayətlərə görə beynəlxalq hüquqa uyğun olaraq, milli və beynəlxalq səviyyədə, lazımi, ədalətli və müstəqil təhqiqatlara əsaslanan məhkəmə təqibini, habelə bütün qurbanlar üçün ədalətin təmin olunmasını və gələcək cinayətlərin qarşısının alınmasını qətiyyətlə dəstəkləyirik”.

Dünən martın 28-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın təşəbbüsü ilə virtual formatda keçirilən “Demokratiya naminə” forumunda etdiyi çıxışda Azərbaycanı “Laçın dəhlizini bağlamaqla Qarabağ ermənilərinin etnik təmizlənməsi cəhdində” ittiham etmişdi.

Müharibədən sonra Ermənistanda 200-dən çox əsgərin taleyi bəlli deyil
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Azərbaycan XİN-in reaksiyası

Martın 30-da Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın Demokratiya Sammitində səsləndirdiyi bir sıra fikirlərə münasibət bildirib.

Nazirliyin sözçüsü hesab edir ki, Azərbaycanın Laçın yolunu bağladığı barədə iddialar səsləndirilməsinin heç bir əsası yoxdur:

"Baş nazirin Azərbaycanın etnik təmizləmə və "soyqırımı" aktı törətmək niyyətində olması barədə növbəti dəfə səsləndirdiyi absurd fikirlərə gəldikdə qeyd edək ki, Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb…"

Xatırlatma

Ötən ilin dekabrın 12-dən Şuşa şəhəri yaxınlığında Laçın-Xankəndi yoluna toplaşıb özlərini eko-fəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər.

Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG