Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Separatçılar bir nəfərin aclıqdan öldüyünü deyir, sülhməramlılar gücə əl atmalı olur, Bakı Füzuli-Şuşa yolunu da təklif edib


Rusiyalı sülhməramlılar
Rusiyalı sülhməramlılar

Hikmət Hacıyev: Azərbaycan Füzuli - Şuşa yolunu da təklif edib

"Məhz bu Ağdam - Xankəndi yolunu da biz Qarabağın erməni sakinlərinin Azərbaycanın siyasi, iqtisadi, sosial sahəsinə inteqrasiyasının bir tərkib hissəsi kimi görürük."

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Birincisi bu, inteqrasiyaya xidmət edən amildir, ikincisi daha səmərəlidir və nəqliyyat nöqteyi-nəzərindən daha ucuz başa gəlir. Eyni zamanda yüklərin Azərbaycanın əsas hissəsindən Qarabağa çatdırılması ilə bərabər, Qarabağda yaşayan sakinlərin də Azərbaycanın əsas nəqliyyat infrastruktur sisteminə çıxışını təmin edir."

Onun vurğulamasına görə, bu yol heç bir halda Laçın yolunu inkar etmir. "Lakin eyni zamanda bir və bir neçə yolun olması həmişə yaxşı haldır”, - Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisinin qeyd etməsinə görə, Azərbaycan eyni zamanda Qarabağın erməni sakinlərinə Füzuli - Şuşa yolunu da təklif etmişdir ki, yüklərin, malların çatdırılması üçün istifadə oluna bilər:

“5 avqustda razılıq əldə olunub ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə , qanunlara əməl etməklə Laçın - Xankəndi yolu da açılır."

Onun deməsinə görə, amma qarşı tərəf Ağdam yoluna beton sədlər qoymağa başlayıb:

"Sonra da başladılar Azərbaycanı ittiham etməyə. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır...”

Bu açıqlamaya, hələlik, Ermənistan tərəfinin və Qarabağdakı separatçı qurumun təmsilçilərinin münasibəti bəlli deyil.

Azərbaycan XİN ATƏT sədrinə cavab verib

"Laçın sərhəd-keçid məntəqəsindən hər gün hər iki istiqamətdə onlarla erməni əsilli Azərbaycan sakini keçir."

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Şimali Makedoniya xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmaninin Tvitter paylaşımına cavab verərkən qeyd edib.

O vurğulayıb ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir:

“Cənab nazir, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən keçid yaxşı tənzimlənir və heç yerdə “sərbəst keçid” anlayışı yoxdur. Bölgəyə böyük həcmdə yüklərin tədarükünə gəlincə, Azərbaycan bu məqsədlər üçün Ağdam-Xankəndi yolunu ayırıb ki, əgər 10 gün əvvəl ermənilər tərəfindən razılaşmanın şərtləri pozulmasaydı, bundan istifadə edə bilərdilər”

Bu açıqlamaya, hələlik, Ermənistan Xarici İşlər Nazirliyinin münasibəti bəlli deyil.

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir. Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib. Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.Ermənistan isə bu ittihamı qəbul etmir.

Bundan əvvəl ATƏT-in icraçı sədri, Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirmişdi ki, özünün şəxsi nümayəndəsi Andrjey Kasprşikdən Laçın ərazisinə getməyi və hazırkı vəziyyət barədə məlumat verməyi rica edib.

Buyar Osmani Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına daha bir çağırış edib. Lakin o işarə edib ki, Azərbaycanın təklif etdiyi alternativ yollardandan da paralel qaydada istifadə oluna bilər:

“Başqa marşrutlar paralel olaraq açılmalıdır. Burada humanitar aspekt üstünlük təşkil etməlidir. Siyasi məsələlər barəsində dialoq davam etdirilməlidir. ATƏT bunun həyata keçirilməsində dəstəyə hazırdır”.

***

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Qarabağdakı erməni separatçıların ombudsmanı kimi təqdim olunan Geğam Stepanyana istinadla yazır ki, Qarabağda aclıqdan ölüm hadisəsi qeydə alınıb.

Məlumatda deyilir ki, Xankəndi sakini, 1983-cü il təvəllüdlü K. Ovannisyan “xroniki qida çatışmazlığı və zülal-enerji defisiti” nəticəsində vəfat edib.

Stepanyanın verdiyi arayışda deyilir ki, bu faktı “məhkəmə-tibb ekspertizası” təsdiq edib.

Stepanyan Ovannisyanın ölümünə blokada nəticəsində yaranmış “fəlakətli ərzaq vəziyyətinin”, xüsusilə də “iki aydır davam edən tam mühasirənin” səbəb olduğunu deyir.

O iddia edir ki, belə vəziyyət səhiyyə sisteminin normal işinə mane olur və əhali arasında aclıq təhlükəsi yaradır.

Ermənistanın və separatçıların iddiasına görə Qarabağ 8 aydır ki, blokadadır, son iki ayda isə bölgəyə heç bir ərzaq və dava-dərman gətirilmir.

Bu da bildirilir ki, Azərbaycan Ermənistandan Qarabağa göndərilmiş humanitar yük karvanının Həkəri postundan keçməsinə imkan vermir.

Erməni tərəfinin iddiasına görə Laçın yolunun bağlı olması üzündən ağır xəstələrin Qarabağdan Ermənistan xəstəxanalarına aparılması qeyri-mümkün olub.

Bakı təkzib edir

Rəsmi Bakı Qarabağın blokadada olması iddialarını qətiyyətlə rədd edir.

Azərbaycan tərəfi bildirir ki, Ermənistanla sərhəddəki Həkəri çayı üzərində sərhəd yoxlama-buraxılış məntəqəsinin qurulması onun suveren haqqıdır və beynəlxalq normalara uyğundur.

Rəsmilər deyirlər ki, bu postdan əsas məqsəd Qarabağa silah-sursat və başqa qanunsuz yüklərin gətirilməsinin qarşısını almaqdır.

Bu da bildirilir ki, Qarabağın erməni əhalisi Ermənistana gedib-gəlmək üçün bu postdan istifadə edir.

Bundan əvvəl Qarabağla Ermənistan arasında humanitar daşımaları Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyatı həyata keçirib.

Lakin Bakı ötən ay bildirib ki, Qırmızı Xaçın maşınlarından Qarabağa qaçaqmal gətirilməsi üçün istifadə edilib.

Buna baxmayaraq Azərbaycan ötən həftə Qırmızı Xaçın maşınları ilə Qarabağdan Ermənistana 11 xəstənin aparılmasına imkan yaradıb.

Azərbaycan Qarabağa humanitar yüklərin gətirilməsi üçün Ağdam yolundan istifadə edilməsini təklif edib. Avropa rəsmiləri Azərbaycanın bu təklifini alternativ variant kimi dəstəkləyiblər.

Lakin Qarabağdakı separatçı rejimin rəhbərləri Ağdamdan humanitar yardım gətirilməsi təklifini rədd ediblər və Əsgəran ərazisində Ağdama gedən yolu beton bloklarla bağlayıblar.

Bundan sonra Azərbaycan XİN bu hadisənin separatçıların əsas məqsədinin humanitar yardım olmamasının sübutu olduğunu bəyan edib.

Sülhməramlılar yolu açırlar
Sülhməramlılar yolu açırlar

Sülhməramlılar güc tətbiq etməli olublar

Bu arada Azatutyun xəbər verir ki, Qarabağdakı Rusiya sülhməramlıları öz hərbi bazalarına girişi güc tətbiq edərək və xüsusi texnikanın köməyi ilə açmalı olublar.

Xəbərdə deyilir ki, bazaya girişi “Laçın dəhlizinin açılması uğrunda hərəkat”ın üzvləri bağlamışdılar.

Azatutyun yazır ki, Qarabağ sakinlərinin bir qrupu ötən gecədən Rusiya sülhməramlılarının Xocalı şəhərindəki bazasının giriş və çıxışlarını bağlamışdı.

Sözü gedən fəallar sülhməramlıların öz vəzifələrini yerinə yetirmədiklərini deyirlər.

Onlar sülhməramlılardan “heç olmasa onların Həkəri körpüsünə yürüşünün təhlükəsizliyini təmin etməsini” tələb edirlər.

Ötən həftə sülhməramlı kontingentin komandanlığı etirazçılara bildirmişdi ki, siyasi aksiyalara müdaxilə onların mandatına daxil deyil.

Azatutyun yazır ki, sülhməramlılar bazanın girişini açdıqdan sonra, etirazçılar Xankəndinə qayıtmalı olublar.

Azərbaycan Ermənistan hərbçisini saxlayıb

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirir ki, bu gün, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun bir üzvü saxlanılıb.

Nazirliyin məlumatına görə, kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları məqsədilə Azərbaycan ordusunun Kəlbəcər rayonu istiqamətində mövqeləri arasındakı boşluqlardan istifadə edərək ölkə ərazisinə sızmağa cəhd edib: "Erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib".

+++

Saxlanılan hərbçinin, ilkin araşdırmalara görə, 1983-cü il təvəllüdlü Qaqik Voskanyan olduğu ehtimal edilir. "Saxlanılan zaman onun üzərində bir ədəd RPK pulemyotu, döyüş sursatı və hərbi təchizat aşkar edilib", - rəsmi açıqlamada bildirilir.

Ermənistan tərəfi təkzib edir

Ermənistan Müdafiə Nazirliyi isə hərbçisinin Azərbaycan tərəfinə necə düşə biləcəyini araşdırdığını açıqlayıb.

"Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin sərhədin şərq hissəsində təxribat yolu ilə soxulmağa cəhd etməsi ilə bağlı yaydığı xəbər tamamilə yalandır. İlkin məlumatlara görə, ehtiyatda olan hərbi qulluqçu, təlim-məşq toplanışının iştirakçısı Q.V. döyüş mövqeyini tərk edib. Ehtiyatda olan hərbçinin Azərbaycan tərəfinə necə düşə biləcəyi ilə bağlı mümkün ssenari və şərait öyrənilir", - Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Atəşkəsin pozulması ilə də bağlı vaxtaşırı məlumatlar yayılır. Tərəflər buna görə də, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.

XS
SM
MD
LG