Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Paşinyan 'Rusiya daha əsas hərbi müttəfiq ola bilməz' deyir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan bir sıra obyektiv və subyektiv səbəblərə görə hərbi-texniki əməkdaşlığı əvvəllər olduğu kimi yalnız Rusiya ilə inkişaf etdirə bilməz.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin ictimai radiosuna müsahibəsində deyib:

“Başa düşməliyik ki, hərbi-texniki və müdafiə xarakterli münasibətlərimiz real olaraq kiminlə ola bilər. Əvvəl bu problem sadə idi, çünki belə bir məsələ yox idi və konsepsiyanın yaradılması mürəkkəb deyildi. Əvvəllər bizim müdafiə sferasındakı münasibətlərimizin 95-97 faizi Rusiya Federasiyası iləydi. İndi isə istər obyektiv, istərsə də subyektiv səbəblərə görə belə ola bilməz...”

Paşinyan deyib ki, ölkənin yeni müdafiə qanununun layihəsi hələ 2022-ci ilin yanvarında hazır olmalı idi, lakin Azərbaycanın Laçın dəhlizini bağlaması ilə əlaqədar hadisələr onun qəbuluna mane oldu:

“Yeni sənəd belə görünür, ilin sonunaədək qəbul olunacaq. Lakin orda ölkələrlə qarşılıqlı əməkdaşlıq məsələsinə yenidən baxılmalı və ölkənin müdafiə sferasında kiminlə və necə əməkdaşlıq edəcəyi məsələsi əks olunmalıdır”.

Baş nazir deyib ki, Ermənistanın hərbi-texniki əməkdaşlığı hansı ölkə ilə qura biləcəyini başa düşmək lazımdır:

“Məsələn Ermənistanın təhlükəsizlik sferasında İran, Gürcüstan, ABŞ-la necə münasibətləri olacaq? Bizim təhlükəsizlik sahəsində Rusiya ilə münasibətlərimiz dəyişəcəkmi? Dəyişəcəksə, necə dəyişəcək? Biz KTMT (Kollektiv Təhlükəsizlik Əməkdaşlığı Təşkilatı-red) tərkibində qalacağıq, yoxsa qalmayacağıq? Biz elə bir konsepsiya formalaşdırmalıyıq ki, onun həyata keçirilməsi üçün ən azı razılaşmalarımız olsun. Mən düşünürəm ki, biz bu işi ilin sonunadək bitirməliyik”.

Paşinyan ölkəsinin müstəqillik aktını yenə tənqid edir

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin 1990-cı il Müstəqillik aktını bir daha tənqid edib, yeni konstitusiya ilə bağlı planlarını müdafiə edib. O, fevralın 1-də Ermənistan İctimai Radiosuna müsahibəsində bu haqda danışıb.

Sözügedən deklarasiyada ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) və sovet Ermənistanın qanunverici orqanlarının 1989-cu il unifikasiya aktına istinad var. Müstəqillik aktında həmçinin 1915-ci ildə ermənilərin Osmanlı Türkiyəsində "kütləvi" qırğınının soyqırımı kimi tanınması ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış yer alıb. 1995-ci ildə qəbul olunmuş, hazırda qüvvədə olan Ermənistan konstitusiyasının preambulasında deklarasiyaya istinad olunub.

Paşinyan müsahibəsində deyib ki, bu istinadın yeni konstitusiyadan çıxarılmasını istəyir: "Bu gün deklarasiya ilə münasibətlərimizi, həqiqətən də, nizama salmalıyıq. Sual budur ki, dövlət siyasətimiz buna istiqamətlənməli, bu mesajı rəhbər tutmalıdırmı, Dağlıq Qarabağ Milli Şurasının və Ermənistan Ali Şurasının Qarabağ və Ermənistanın birləşdirilməsi qərarına əsaslanmalıdırmı".

"Belədirsə,, bu o deməkdir ki, heç vaxt sülhə nail olmayacağıq. Bundan başqa, bu o deməkdir ki, müharibə olacaq", - baş nazir vurğulayıb.

Azərbaycanın təzyiqini danmır

Paşinyan konstitusiyanı Azərbaycanın təzyiqi altında dəyişmək istəməsi haqda ölkə müxalifətinin iddialarını danmayıb. O deyib ki, Bakı açıq şəkildə bu dəyişikliyi tələb etməklə konstitusiya islahatını gözdən salmaq və nəticədə Ermənistanı zəiflətməyə çalışır.

Baş nazir onu da etiraf edib ki, onun nəzərdə tutduğu yeni konstitusiya Azərbaycanın təcavüzünün qarşısını almaya da bilər.

Paşinyanın siyasi opponentləri və digər tənqidçilər deyirlər ki, onun Bakıya davamlı birtərəfli güzəştləri daha bir müharibə riskini yalnız gücləndirir.

Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Azərbaycan prezidenti İlham Əliyev isə fevralın 1-də deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

XS
SM
MD
LG