Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:33

Ermənistan milyarderi İsanın nəhəng heykəlini ucaldacaq. Kilsə əleyhinədir


İsa Məsihin nəhəng heykəli Yerevan yaxınlığındakı dağda ucaldılır
İsa Məsihin nəhəng heykəli Yerevan yaxınlığındakı dağda ucaldılır

Ermənistan milyarderi və siyasətçisi Qagik Tsarukyan deyib ki, Yerevan yaxınlığındakı dağda İsa Məsihin abidəsinin ucaldılması üçün hökumətin narahatlıqlarını nəzərə alıb.

Tsarukyan deyib ki, heykəl “demək olar” hazırdır:

“Bütün dünyada belə bir abidə yoxdur. Ən yaxşısı bizdə olacaq”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, milyarder Hatis dağında İsanın heykəlinin qoyulması planlarını 2022-ci ildə açıqlamışdı.

O demişdi ki, “bu abidə ölkəmizin və xalqımızın mühafizi” olacaq və bütün xarici aləmi heyran qoyacaq.

Erməni Kilsəsi abidənin qoyulması ideyasını tənqid edib və bildirib ki, bu, Erməni Kilsəsi ənənələrinə ziddir.

Lakin bu, Tsarukyanın 2022-ci ildə abidənin ən yaxşı layihəsi üçün müsabiqə elan etməsinin qarşısını ala bilməmişdi.

Qagik Tsarukyan 2022-ci ildə təməlqoyma məeasimində
Qagik Tsarukyan 2022-ci ildə təməlqoyma məeasimində

Kənkan dağında

Heykəltəraş Armen Manvelyan tərəfindən hazırlanmış abidənin hündürlüyü 33 metr olmalıdır. Onun 44 metrlik pedestalı Hatis dağının ətəklərində yerləşdiriləcək. Bu dağın keçmiş adı azərbaycanca Kənkan dağıdır.

Yerevanın 30 kilometrliyində yerləşəcək abidə dəniz səviyyəsindən 2500 metr hündürlükdə olacaq.

Azatutyun yazır ki, Ermənistanın Təhsil, Elm və Mədəniyyət Nazirliyi 2022-ci ilin iyulunda abidənin tikintisinin dayandırılmasına sərəncam vermişdi. Nazirlik ölkə arxeoloqlarının bu ərazidə 20-dək müxtəlif qədim abidələrin olmasına dair narahatlığını nəzərə almışdı.

Mühafizə olunan abidələrin arasında Hatis dağında Bürünc Əsri qalasının qalıqları da göstərilirdi.

Tsarukyan bildirib ki, o nazirliyin narahatlıqlarını nəzərə alaraq ilkin layihəyə düzəlişlər edib.

Bununla belə 67 yaşlı milyarder abidənin nə vaxt açılacağı barədə dəqiq məlumat verməyib.

Azatutyun yazır ki, Təhsil Nazirliyi də hələ ki, layihəyə yaşıl işıq yandırılmasına dair rəsmi bəyanat verməyib. Erməni Kilsəsi də İsanın abidəsinə qarşı çıxış etməkdə davam edir.

Firavan Ermənistanın lideri

Tsarukyanın Firavan Ermənistan Partiyası (FEP) parlamentin keçmiş çağırışında aparıcı müxalifət partiyası sayılırdı. Bu partiya baş nazir Nikol Paşinyanın istefasını hələ 44 günlük müharibədən əvvəl tələb etmişdi.

Tsarukyan seçici səslərinin satın alınmasında ittiham edilərək 2020-ci ilin sentyabrında həbs olunmuşdu. Həbsinin siyasi motivli olduğunu bildirən FEP lideri bir ay sonra zaminə buraxılıb.

Partiyası parlament seçkisində mandat qazana bilməyən Tsarukyan hazırda ölkənin siyasi həyatında o qədər də fəal görünmür.

Ötən ilin noyabrında Paşinyan hökuməti Tsarukyana və ailəsinə məxsus yüz milyonlarla dollarıq aktivlərin müsadirəsinə hazırlaşırdı.

Lakin bu niyyət hələ də həyata keçirilməyib.

XS
SM
MD
LG