Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Belaruslu fəal buraxıldığını, amma Ermənistandan çıxmasına qadağa qoyulduğunu deyir


Dziyana Maiseyenka
Dziyana Maiseyenka

Belaruslu fəal Dziyana Maiseyenka AzadlıqRadiosunun Belarus xidmətinə deyib ki, Ermənistanda həbsdən buraxılıb, amma ölkədən çıxmasına qadağa olub. O, siyasi sığınacaq üçün sənədlərini təqdim etdiyini bildirib.

Maiseyenka sentyabrın 2-də Gürcüstan-Ermənistan sərhədini keçərkən Minskin xahişi ilə saxlanılıb.

O, Belarusda "ictimai asayişi kobud şəkildə pozan fəaliyyətin təşkilində və onu hazırlamaqda" ittiham olunur.

İttihamlar fəalın 2020-ci ilin avqust etirazlarında iddia olunan iştirakından qaynaqlanır. Həmin seçkidə avtoritar lider Aleksandr Lukaşenkonun qalib elan olunması kütləvi etirazlara səbəb olub.

Bir çox Qərb hökumətləri seçkinin nəticələrini tanımaqdan imtina edib, Lukaşenkonu Belarusun legitim lideri saymır.

Siyasi sığınacaq almağa çalışacaq

Ermənistanda məhkəmə Maiseyenkaya qarşı məhdudiyyətlər, daha sonra onun mümkün deportasiyası ilə bağlı qərar verməlidir, - fəalın belaruslu məsləhətçisi, vəkil Ales Mixaleviç AzadlıqRadiosuna deyib.

Maiseyenka sentyabrın 3-də Gürcüstanla sərhəddə yerləşən Noyemberyan şəhərindən paytaxt Yerevana gedəcəyini deyib. O, ermənistanlı vəkillə görüşəcəyini, işi üzrə qeyri-müəyyənliyin qaldığı bir vaxtda siyasi sığınacaq almaq yönündə çalışacağını söyləyib.

Maiseyenka Belarusdan 2023-cü ilin yayında çıxıb. O, keçmiş siyasi məhbus Andrey İvanyuşinin qızıdır. Atası 2020-ci il sentyabrın 19-da "Europe" ticarət mərkəzi yaxınlığında motosikletlərlə bağlı insidentə görə 2 il yarım azadlıqdan məhrum edilib.

Ölkəsini niyə tərk edib

Belaruslu fəalın dediyinə görə, azı 2022-ci ildən, atasının azadlığa çıxmasını gözlədiyi vaxtdan Belarus hakimiyyətinin onu izlədiyinə inanır.

"Onlar həyat yoldaşımı həbs edərək ona 15 sutka verdilər, baxmayaraq ki, o, hər hansı etiraza getməmişdi. Məni mülki geyimli, kepkalı gənclər izləyirdi", – o danışıb.

Fəal 2023-cü ilin yayında atasının azadlığa çıxmasını gözləmədən Belarusu tərk edib. Atası iyunda buraxılsa da, avqustda yenidən altı aylığa həbs olunub. O, kütləvi iğtişaşların təşkili və onda iştirakda ittiham olunub, hazırda girov qarşılığında azadlıqdadır.

Maiseyenka bir ildən çox Gürcüstanda yaşadığını, ölkəsində barəsində cinayət işi açılmasından xəbəri olmadığını bildirib. Bir dəfə Türkiyəyə gedib, daha sonra qonşu Ermənistana səfər etmək qərarına gəlib. Bu zaman sərhədçilər onun pasportunu alıblar.

Fəal polisdə onunla yaxşı davranıldığını sözlərinə əlavə edib.

"Nəzəri olaraq, məni ekstradisiya edə bilməzlər, amma qorxuram ki, Belarusdan təhlükəsizlik qüvvələri gəlib məni apara bilərlər. Bilmirəm bu nə dərəcədə realdır", – o vurğulayıb.

"Ona görə də Ermənistanda siyasi sığınacaq üçün müraciət etmişəm", – fəal deyib.

Hazırda Belarus həbsxanalarında jurnalistlər, insan haqları fəalları, siyasətçilər daxil olmaqla azı min 500 siyasi məhbus var.

2020-ci il etirazlarına amansız divan tutulandan sonra 200 min – 500 min belaruslunun ölkədən çıxdığı bildirilir.

XS
SM
MD
LG