Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Ermənistanda XİN müəmması davam edir


Ara Ayvazyan XİN əməkdaşları ilə vida görüşündə
Ara Ayvazyan XİN əməkdaşları ilə vida görüşündə

Nazirlik rəsmiləri heç Ermənistanın 2020-ci il dövlət büdcəsinin icrası üzrə parlament müzakirələrinə də qatılmayıblar

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) yüksək rütbəli rəsmiləri iyunun 3-də hökumətin və parlamentin iclasına qatılmayıblar. Bu isə qurumun ölkənin müvəqqəti baş naziri Nikol Paşinyanla münasibətləri haqda əlavə suallar yaradıb. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti – Azatutyun yazır.

Ayvazyanın eyhamı

Xarici işlər naziri Ara Ayvazyan mayın 27-də, Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra istefa verib. Həmin iclasda Azərbaycanla sərhəddə gərginliyin artması müzakirə olunub.

Ayvazyan rəsmi olaraq vəzifəsindən bazar ertəsi azad olunub. O, XİN əməkdaşları ilə vida görüşündə hökumətin qərarları ilə razılaşmadığına görə vəzifədən getdiyinə eyham vurub. Onun sözlərinə görə, həmin qərarlar ölkənin suverenliyinə, milli təhlükəsizliyinə təhdid yarada bilər. Ayvazyan detallara toxunmayıb.

Nazirliyin iyunun 3-də bildirməsinə görə, hazırda nazirin vəzifələrini onun dörd müavinindən biri – Artak Apitonyan icra edir.

Amma həmin gün Paşinyan hökumətinin iclasına nə Apitonyan, nə də qurumun digər təmsilçiləri qatılıb.

Müavinlər məşğuldur

Nazirlik rəsmiləri heç Ermənistanın 2020-ci il dövlət büdcəsinin icrası üzrə parlament müzakirələrinə də qatılmayıblar. Söhbət diplomatik xidmətə aid müzakirələrdən gedir. Nazirlik təmsilçilərinin olmaması parlamentin iyunun 3-ü səhərə təyin olunmuş iclasının iki dəfə təxirə salınmasına səbəb olub. XİN-in maliyyə idarəsinin rəhbəri parlamentə gələndən sonra iclas baş tutub.

“Çiçəklənən Ermənistan” müxalifət partiyasından deputat Mikael Melkumyan sual edib ki, niyə nazirlik müzakirələrə müavinlərdən birini göndərməyib. Hökumətyönlü deputat Ruben Rubinyanın sözlərinə görə, spiker Ararat Mirzoyan nazirlikdən məktub alıb, nazir müavinlərinin deputatlar qarşısında çıxış edərək onların suallarını cavablandırmağa vaxtları olmadığı, onların həddən artıq məşğul olduqları bildirilib.

Müxalifətdən digər deputat Taqui Tovmasyan nazirin dörd müavininin istefaya getdiyini açıqlayıb. Onun sözlərinə görə, onlar Azərbaycanla sərhəd mübahisəsinin nizamlanmasında Paşinyanın “xəyanətkar” cəhdləri üçün məsuliyyət daşımaq istəmirlər.

Azatutyun nazir müavinlərindən Qaqik Qalaçyanın mayın 27-də istefa verdiyini yazır . Amma o, iyunun 3-də öz addımını şərh etməyib, suallarla XİN-in mətbuat xidmətinə müraciət etməyi məsləhət görüb.

XİN müavinlərin iş başında olduğunu deyir

Azatutyun-un nazirlikdən əldə etdiyi yazılı şərhdə isə deyilir ki, Apitonyan, Qalaçyan və daha iki nazir müavini “vəzifələrinin icrasını davam etdirirlər”. Onlardan heç birinin hökumətin iclasında və parlament müzakirələrinə qatılmaması isə izah olunmur.

Paşinyan mayın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla sərhəd boyunca xarici müşahidəçilər yerləşdirməyi təklif edib.

Ermənistanın bir sıra müxalifətçiləri və tənqidçilər Paşinyanın təklifini pisləyiblər, onu ölkəni xarici təcavüzdən qorumaq gücündə olmamaqda, Ermənistan ərazisindən Azərbaycana vermək planında suçlayıblar. Baş nazir və komandası isə ittihamları rədd edir.

Mayın 12-dən sərhəddə gərginlik artıb. Ermənistan iddia edir ki, Azərbaycan bir neçə kilometr onun ərazisinə girib. Azərbaycan isə sərhəddə mövqelərini möhkəmləndirdiyini bildirib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Laçın dəhlizinə, eləcə də Qarabağın içində qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG