Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:50

'Fərid Səfərli məhkəmədə fars dilində dindirilir'


Fərid Səfərli
Fərid Səfərli

Almaniyada təhsil alan və İranda casusluq ittihamı ilə martın əvvəlində həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin vəkillə təmin edilmədiyi bildirilir.

Onun anası Dilarə Əsgərova "Turan"a bildirib ki, İranda oğlunun məhkəməsi başlayıb və o, bilmədiyi fars dilində dindirilir: "Oğlumun digər məsələdə də hüquqları pozulur. Fərid dörd aydır qanunsuz həbsdədir, amma bugünə kimi nə Azərbaycan, nə də İran tərəfindən vəkillə təmin olunub".

Əsgərova bu məsələ ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramova müraciət etdiyini deyib: "Hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də cənab nazirdən xahiş edirəm, Azərbaycan dövləti adına onun müdafiəsinə səylərini əsirgəməsin".

Konsulluqdan məhkəməyə gedən yoxdur

Gəncin anası oğlunun vəkillə təmin olunması prosesinin sürətləndirilməsini, Azərbaycandan bir vəkilin bu işə cəlb olunmasını xahiş edib.

O, həmçinin bildirdi ki, Azərbaycanın İrandakı konsulluğundan heç kəs oğlunun məhkəməsində iştirak etmir: "Bu barədə oğlum axırıncı dəfə telefonla danışdığımız zaman dedi. Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmir?".

Əsgərova əlavə edib ki, onun oğlu ilə telefonla təması da kəsilib, həbsindən sonra iki dəfə telefonla danışıblar. O, nazir Bayramovdan oğlu ilə yenidən telefon əlaqəsinin qurulmasına, avqustda görüşməyinə şərait yaradılmasına, vəkillə təmin olunana qədər konsulluq işçilərinin məhkəmədə iştirakına səy göstərməyini xahiş edib.

Xarici İşlər Nazirliyindən "Turan"a bildirilib ki, məsələ ilə bağlı məlumat veriləcək.

Bu deyilənlərə, hələlik, İranın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Almaniyada təhsil alan Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın dəvəti ilə Tehrana getdiyi deyilir. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb. Səfərlinin bu ittihamları rədd etdiyi bildirilir.

Hazırda İranla Azərbaycanın münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Amma Azərbaycanın İrandakı konsulluğu fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG