Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:56

Azərbaycanın ilk hərbi təyyarəçisinin ölümündən 100 il ötür


Fərrux ağa Qayıbov
Fərrux ağa Qayıbov
«Düşmənin öydüyü Azərbaycan pilotu»
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

AzadlıqRadiosu «İz» proqramının bu sayında Birinci Dünya Müharibəsinin bir qəhrəmanı - Fərrux ağa Qayıbov anılacaq.

O, Azərbaycanın ilk hərbi təyyarəçisi olub.

Sentyabrın 12-də onun göylərdə qeybə çıxmağından 100 il ötür.

FƏRRUX AĞA ADLI-SANLI QAYIBOVLAR NƏSLİNDƏN İDİ

Araşdırıcı-jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də bu nəsildəndir. Çar ordusunda «Top Tanrısı» sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun sevimli həyat yoldaşı ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi. Daha bir Qayıbov - İsmət Qayıbov da, nə yazıq ki, 1991-ci ildə göylərdə qeyb oldu. Beləcə, Fərrux ağa hələ neçəsinin adı çəkilməyən hörmətli bir nəslin davamçısıydı…

ATA DA OĞLU KİMİ...

Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu - Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi - praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı.

Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağanı əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa boya-başa yetirir.

Kənddə 5 sinifli Rus-Azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.

Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki 11-ci aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərinə bomba yağdırıb, hər şeyi külə döndərir… Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur…

AZƏRBAYCANIN İLK ŞAHİNİNİ ALMANLAR ŞƏRƏFLƏ DƏFN EDİRLƏR

Düşmən olanda nə olar? Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Ertəsi gün alman təyyarələrindən atılan kağızlarda Qayıbov və heyətinin qəhrəmancasına həlak olduğu və şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açıblarmış…

- «Müsəlmandan zabit, üstəlik, göylərə yüksələn zabit olmaz» kimi yazılmamış çar qanununu kimlər pozmağa özündə cəsarət tapdı?

- Qayıbovun idarə etdiyi təyyarənin adı, özəlliyi nə idi?

- Fərrux ağa ölümündən əvvəl və sonra hansı mükafatları aldı?

- Fərrux ağanı oğlu kimi sevən Əliağa Şıxlinski ölümündən əvvəl (1942) yazdığı «Azərbaycanlılardan ilk təyyarəçi» məqaləsində şahidi olduğu hünər gününü necə təsvir edir?

- Fərrux ağanın şərəfinə Qazaxda təyyarə - abidəni kim ucaltdı, abidəyə niyə onun adını vermədilər və kim onu dəyişdirib Böyük Vətən Müharibəsi abidəsinə çevirdi?

- Şıxlinski Fərrux ağanın hansı yadigarını Tarix muzeyinə bağışladı?

- Fərrux ağanın əvvəllər bilinməyən məzarı necə üzə çıxdı? Almanlar onu nə vaxt yenidən qurdular?

- Şəmistan Nəzirli nə vaxtsa sentyabrın 12-də - səma şahininin anım günündə onun yatdığı məzarı ziyarət etmək arzusuna çata biləcəkmi?

Və nəhayət:

- Bəs sonralar, Cümhuriyyət dönəmində, Fərrux ağanın estafetini kimlər davam etdirdi? Kimlər «hava şahini» adını yaşatdı?

Bütün bu sualların cavabını sentyabrın 11-də saat 23-də AzadlıqRadiosunda və radionun saytının multimedia bölməsində «İz»i tıklamaqla Şəmistan bəyin öz səsindən duya bilərsiniz.

Bu «İz»i itirməyin.

XS
SM
MD
LG