Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Dövlətə xəyanətdə suçlanan qızın psixi durumuna ekspert rəyi verilib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Dövlətə xəyanətdə - Ermənistanın xüsusi xidmət orqanlarına məlumat ötürməkdə suçlanan 21 yaşlı Fidan Əliyevanın vəkili onun psixi durumunda problemlər olduğunu düşünür. Bu məsələni məhkəmədə də qaldıran vəkil onun psixi durumu ilə bağlı rəy almaqdan ötrü ekspertiza keçirilməsini istəmişdi. Məhkəmə vəkilin vəsatətinə dayanaraq ekspertiza təyin etsə də, ekspertlər F.Əliyevanın anlaqlı olduğu qənaətinə gəlib.

Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlayan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında F.Əliyeva da olub. İddia edilir ki, o, könüllü kimi aksiyaya qatıldığı dövrdə Ermənistan xüsusi xidmət orqanı əməkdaşı ilə tanış olub, ona Telegram kanalı vasitəsilə bilgi, video və fotoşəkillər göndərib.

Özünü təqsirli saymayan F.Əliyeva deyir ki, sosial şəbəkə vasitəsilə danışdığı şəxsin Ermənistanın xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməyib.

"Başqa heç bir məqsədim olmayıb"

İttiham tərəfinin iddiasına görə, onun əməlini sübut edən video və audio yazılar var.

F.Əliyeva söyləyir ki, sosial şəbəkələrdə tanışdığı şəxs ondan olduğu yerlərin fotolarını istəyib, bu üzdən göndərib: "Başqa heç bir məqsədim olmayıb".

Bu işə bir ildir Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

F.Əliyevanın anlaqlı olduğuna dair rəy verildiyindən yaxın vaxtlarda məhkəmə istintaqı yekunlaşacaq. Ardından prokuror çıxış edərək ona cəza istəyəcək.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsində 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulsa da, Azərbaycanın cinayət qanunvericiliyinə görə, qadınlara və 65 yaşı tamamlamış kişilərə ömürlük həbs cəzası verilmir.

XS
SM
MD
LG