Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Maliyyə Nazirliyi beynəlxalq reytinq agentliyindən narazıdır


Fitch Ratings
Fitch Ratings

Ölkə iqtisadiyyatının durumuna dair beynəlxalq reytinq agentliklərinin açıqlamaları sözügedən ölkənin iqtisadiyyatı ilə bağlı təsəvvürlərə ciddi təsir göstərir. Xarici investorların, medianın, beynəlxalq ictimaiyyətin ölkə iqtisadiyyatından gözləntiləri məhz belə açıqlama və proqnozlar hesabına formalaşır. Bugünlərdə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni açıqlamasını və proqnozlarını yayımlayıb.

Sözügedən agentlik Azərbaycanda bu il iqtisadi artımın 1.8 faiz olacağını proqnozlaşdırıb. "Fitch" qeyd edib ki, 2024-2025-ci illərdə neftdənkənar sektorda artım hesabına iqtisadi artımın orta hesabla 2.3 faiz olacağı gözlənilir. Agentliyin fikrincə, yeni neft hasilatı enerji sektorunda azalmanı yavaşlada bilər. Bununla yanaşı, Avropaya ixrac həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağı gözlənilir. "Fitch"in Azərbaycan iqtisadiyyatına dair bir öncəki – cəmi üç ay öncə yayımlanan hesabatında 2023-cü ildə ölkə iqtisadiyyatının 3.53 faiz artacağı göstərilmişdi. Bu isə o deməkdir ki, cəmi üç ay içində beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatı ilə bağlı böyümə gözləntisi təxminən iki dəfə aşağı düşüb.

Hökumət də proqnozlarını aşağı salıb

Azərbaycan iqtisadiyyatının böyümə faizi ilə bağlı gözləntilərin aşağı düşməsi heç də səbəbsiz deyil. Axı bu il ölkə iqtisadiyyatı ÜDM-in artım tempi baxımından heç də yaxşı performans sərgiləmir. Dövlət Statistika Komitəsinin açıqladığı bilgilərə görə, 2023-cü ilin ilk səkkiz ayında Azərbaycan iqtisadiyyatı cəmi 0.8 faiz böyüyüb. Onu da unutmaq olmaz ki, bu il Azərbaycan hökumətinin özü də 2023-cü ildəki iqtisadi artım proqnozunu aşağı salıb. İlin əvvəlində hökumət 2023-cü ildə Azərbaycan iqtisadiyyatının 2.7 faiz böyüyəcəyini ehtimal edirdi. Ancaq faktik artım göstəricilərinin aşağı olması üzündən, bu ilin iyununda Maliyyə Nazirliyi 2023-cü ildə iqtisadi artımla bağlı proqnozunu 1.8 faizə endirdi Hazırda artım göstəricisinin 0.8 faiz olması o deməkdir ki, hələ də ölkədə iqtisadi böyümə hökumətin proqnozundan təxminən iki dəfə geri qalır.

"Fitch Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycan iqtisadiyyatına dair açıqlamasında bildirilir ki, dövlətin iqtisadiyyatda böyük həcmdə iştirakçılığı, idarəetmə ilə bağlı çətinliklər, maliyyə resurslarına məhdud çıxış, qeyri-neft sektoruna investisiyaların aşağı olması kimi amillər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irəliləyişə mane olur.

Azərbaycanın bank sektoru zəif olaraq qalır

Agentliyin açıqlamasında Azərbaycanın bank sektoru ilə bağlı məqamlara da toxunulub. "Fitch Ratings”in fikrincə, son illər Azərbaycan bank sektorunun durumu nisbətən yaxşılaşsa da, hələ də yetərincə zəif olaraq qalır. Agentlik qeyd edib ki, bunu "Fitch" qiymətləndirmə indikatoru üzrə "b" reytinqi də sübut edir. Sözügedən "b" reytinqi ilə qiymətləndirmə onu göstərir ki, sektorda dayanıqlı böyümə imkanları aşağıdır. Eyni zamanda biznes qurumlarının iqtisadi risklərə qarşı dayanıqlılığı aşağı səviyyədədir. Bundan başqa, "Fitch Ratings" bəyan edib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi ötən ilin sonundakı 3.8 faizdən 3.5 faizə düşüb. Bu da kredit qoyuluşunun sürətli artımından qaynaqlanır: "Banklarda kapital adekvatlığı 17.8 faiz səviyyəsindədir və tələb olunan depozitlərin geniş yayılması fonunda bank sektoru gəlirli olaraq qalır".

Agentlik Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) müsbət proqnozla "BB+" səviyyəsində təsdiqləyib ("emitent" deyərkən, qiymətli kağızların emissiyasını qanunvericiliyin müəyyənləşdirdiyi qaydada gerçəkləşdirən şəxs, müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. "Defolt"sa borc öhdəliklərinin və yaxud borc üzrə faizin ödənilməsinin mümkünsüzlüyü, yaxud bu ödənişlərdən imtina edilməsi anlamındadır -red.). Agentliyin fikrincə, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

"Fitch Ratings"in 2023-cü ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozu 10.1 faizdir. İndi bu göstərici 11.7 faiz civarındadır.

Geosiyasi risklər yüksəkdir

Agentlik hesab edir ki, Azərbaycanla bağlı geosiyasi risklər yüksək olaraq qalmaqdadır. Axı ABŞ və Avropa Birliyinin vasitəçilik cəhdlərinə baxmayaraq, Ermənistanla bağlı münaqişə hələ də həllini tapmayıb. Son dövrlər hər iki ölkənin sərhədə qoşun yığması barədə xəbərlər riskləri bir qədər də artırıb. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin fikrincə, Ermənistanla potensial hərbi qarşıdurmanın Azərbaycan üçün makroiqtisadi təsirləri limitli olacaq.

Agentliyin qiymətləndirməsinə görə, Azərbaycanda qanunun aliliyi, iştirakçılıq, idarəetmənin keyfiyyəti kimi məsələlərlə bağlı problemlər də qalmaqdadır. Ekoloji, sosial və idarəetmə (ESG) qiymətləndirməsinə görə, Azərbaycanda hökumətin hesabatlılığına və qanunun aliliyinə dair göstəricilər aşağıdır. Eyni zamanda, vətəndaşların siyasi proseslərə qatılmaq imkanları məhduddur və ölkədə korrupsiya səviyyəsi yuxarıdır.

Maliyyə Nazirliyi narazıdır

"Fitch Ratings"in Azərbaycan iqtisadiyyatının durumu ilə bağlı budəfəki açıqlamasına Maliyyə Nazirliyi də münasibət bildirib. Nazirlik agentliyin açıqlamasından heç də razı deyil: ""Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb". Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirməməkdən ötrü hesabatda əksini tapan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı sayır.

XS
SM
MD
LG