Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:34

Səfirlik fransız qrafiti rəssamının Azərbaycanda həbsini pisləyir


Bakı metrosunda qrafiti
Bakı metrosunda qrafiti

Azərbaycandakı Fransa səfirliyi Teo Klerkin "açıq-aşkar ayrıseçkilik xarakterli özbaşına rəftarın qurbanı" olmasını pisləyib.

Səfirliyin bəyanatında deyilir ki, T.Klerk sentyabrın 10-da metroda qrafiti çəkdiyinə görə 3 il həbs cəzasına məhkum edilib. Eyni əməllərə görə onunla birgə təqsirləndirilən başqa millətdən olan iki nəfər isə yalnız cərimə olunublar.

Səfirlik Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara, məcburi səbəbləri çıxmaqla Azərbaycana getməməyi tövsiyə edir. Buna səbəb kimi isə ölkədə əsassız həbs və ədalətsiz mühakimə olunma riskinin olduğu göstərilir.

10 sentyabr

Bakı metrosuna şəkil çəkən Fransa vətəndaşına 3 il həbs

Sentyabrın 10-da Nərimanov rayon Məhkəməsində beş ay öncə Bakıda metro vaqonunun üstünə boya ilə rəsm çəkildiyinə görə həbs edilən Fransa vətəndaşı Klerk Teo Hüqoya hökm oxunub.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, ümumilikdə məhkəmədə Hüqodan başqa Yeni Zelandiya vətəndaşı İsmael de Sent-Kvent və Avstraliya vətəndaşı Han Paulun barəsində də ittiham hökmü çıxarılıb.

O qeyd edib ki, məhkəmə metronun üzərinə heç bir mənfi məna kəsb etməyən qrafiti rəsm çəkilməsini xuliqanlıq və ağır nəticələrə səbəb olmaqla özgə əmlakının zədələməsi kimi qiymətləndirib: "Fransa vətəndaşını 3 il azadlıqdan məhrumetmə, digərlərini isə 6 min 800 manat cərimə cəzası ilə cəzalandırdı. Halbuki zərər də tam ödənilmişdi və ilk dəfə idi ki, zərərin içərisinə əldən çıxmış fayda - qatarın işləmədiyi vaxta görə əldə ediləcək gəlir də əlavə edilmişdi".

Vəkilin bildirməsinə görə, rəssamlar qrafitilərin çəkildiyini etiraf ediblər, amma bunu zərər vermək və xuliqanlıq məqsədilə etmədiklərini vurğulayıblar. Onun sözlərinə görə, həmin şəxslər bildiriblər ki, başqa ölkələrdə də qrafiti çəkiblər, amma bu, maksimum 400 avro cərimə ilə nəticələnib.

E.Sadıqov məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Həbsləri və məhkəmədə dedikləri...

Həmin şəxslər bu il martın sonunda saxlanıblar. Cinayət işində iddia olunur ki, adları çəkilən xarici vətəndaşlar martın 30-da gecə saatlarında metro qatarlarının dayandığı depoya gizli daxil olaraq, vaqonu boyayıb və beləcə, "Bakı Metropoliteni"nə 4 min 850 manat ziyan vurublar. Əvvəl onların barəsində mülki qaydada cərimə cəzası tətbiq edilsə də, daha sonra barələrində Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və 186.2.2. (Əmlakı təhlükəli qəsdən məhv etmə) maddələri ilə iş açılmışdı. Təqsirləndirilən şəxslər məhkəmədə bildiriblər ki, üç dost birlikdə Azərbaycana turist kimi səfərə çıxıblar. Demələrinə görə, metro vaqonunun üzərinə rəsm çəkərkən bunun cinayət sayılacağını və həbs olunacaqlarını ağıllarına da gətirməyiblər.

"Mən Fransanı təmsil etmirəm. Ölkələr arasında gərginlik yaranıbsa, buna görə niyə mən cəzalanmalıyam?", - 38 yaşlı K.T.Hüqonun sözləridir.

Xatırlatma

Son illər Azərbaycan və Fransa arasında müəyyən gərginlik müşahidə edilir. Azərbaycan Fransa hökumətini onunla Qarabağ məsələsi ilə bağlı uzun illərdir münaqişədə olan Ermənistanı himayə etməkdə, onu silahlandırmaqda günahlandırır. Fransa rəsmiləri Azərbaycan və Ermənistan məsələsində tərəf tutmaqları ilə bağlı iddiaları qəbul etmirlər, sadəcə regionda sabitlik istədiklərini bildirirlər.

Fransa Xarici İşlər Nazirliyi (XİN) ötən həftə vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etməməyi tövsiyə edib. Fransada hesab edirlər ki, həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir. Azərbaycan XİN bu tövsiyəni əsassız və qərəzli sayıb.

XS
SM
MD
LG