Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:40

«Like» edənlər şahid kimi dindirilib


Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

-

«Fuad Qəhrəmanlının Facebook statuslarını bəyənmiş adamları çağırıb istintaqda şahid qismində dindiriblər, onların ifadələrini sübut kimi təqdim ediblər», – AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov AzadlıqRadiosuna belə deyib.

«NƏ YOLLA OLURSA OLSUN, HƏBSDƏ SAXLAMAQ»

Fuad Qəhrəmanlı Facebook statuslarına görə həbs edilsə də, onun işi Nardaran hadisələri zamanı həbs olunanlar barəsindəki cinayət işinə birləşdirilib. Artıq cinayət işinin istintaqı yekunlaşıb və tərəflər iş materialları ilə tanış olublar.

Yalçın İmanov deyir ki, materiallarla tanışlıq zamanı istintaqın birtərəfli, qərəzli aparıldığının şahidi olub: «Görünür ki, istintaq obyektiv araşdırma aparmağa yox, yalnız ittiham üçün dəlillər toplamağa çalışıb. Bununla belə, Fuad Qəhrəmanlıya qarşı ittihamı sübut edəcək ciddi heç nə ortaya çıxara bilməyiblər. Ona görə də materiallarla tanışlıqdan sonra istintaq orqanına Fuad Qəhrəmanlı barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət təqdim etdik. Amma təmin olunmadı. Bir daha aydın oldu ki, məqsəd nə yolla olursa olsun, Fuad Qəhrəmanlını həbsdə saxlamaqdı».

Cinayət işi yaxın vaxtlarda Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. Fuad Qəhrəmanlı həbsdə olan ilahiyyatçı Taleh Bağırzadə və digərləri ilə birlikdə məhkəmə qarşısına çıxarılacaq.

ƏDALƏTSİZLİYƏ ETİRAZ

Bugünlərdə Fuad Qəhrəmanlı barəsində həbs-qətimkan tədbirinin müddəti daha bir ay uzadılıb və iyunun 28-də Bakı Apellyasiya Məhkəməsində həmin qərardan verilmiş şikayətə baxılıb. Qail Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. Məhkəmədə Fuad Qəhrəmanlı özü iştirak etməyib.

«Özü məhkəməyə ərizə göndərmişdi ki, apellyasiya şikayətinə onun iştirakı olmadan baxılsın. Fuad Qəhrəmanlı hesab edir ki, məhkəmə müdafiəsi səmərəli deyil və əziyyət çəkib gəlib bu prosesdə iştirak etmək istəmir. Yəni bu müəyyən mənada təqsirləndirilən şəxsin məhkəmənin ədalətsizliyə, qeyri-obyektivliyinə etirazı kimi də qəbul oluna bilər», - Yalçın İmanov bildirib.

Fuad Qəhrəmanlı 2015-ci il dekabrın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Fuad Qəhrəmanlı ittihamları qəbul etmir və siyasi sifarişlə həbs olunduğunu bildirir.

«Amnesty International» beynəlxalq insan haqları təşkilatı Fuad Qəhrəmanlını «vicdan məhbusu» elan edib.

XS
SM
MD
LG