Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Niyə Bakıdan Füzuliyə uçmaq Avropada bir ölkədən o biri ölkəyə uçmaq qiymətinədir?


Füzuli aeroportu
Füzuli aeroportu

İyulun 17-dən Füzuli hava limanı uçuşlara başlayacaq. Bakı-Füzuli-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti bir tərəf üçün 78 manatdır. Uçuşlar həftədə iki dəfə keçiriləcək.

2022-ci ildə digər bir hava limanı – Zəngilan Beynəlxalq Hava Limanının açılışı olub.

Prezident İlham Əliyev keçən həftə Xocalı aeroportuna da baxış keçirib. Bildirib ki, gələn ildən Laçın hava limanı da istismara veriləcək.

Azərbaycanın digər bölgələrində də hava limanları var. Gəncə və Naxçıvan aeroportları fəaliyyət göstərsə də, Zaqatala, Lənkəran və Qəbələ hava limanları illərdir işləmir. Ancaq onların saxlanmasına hər il dövlət büdcəsindən vəsait ayrılır.

Bakı-Füzuli istiqamətində biletlərin qiymətinin bir tərəf üçün 78 manat olması isə birmənalı qarşılanmayıb.

Rüfət Quliyev
Rüfət Quliyev

Deputat: "Füzuliyə avtomobil ilə də getmək olar"

İqtisadçı, Milli Məclisin VI çağırış deputatı Rüfət Quliyev "Turan"a bildirib ki, AZAL bu reyslərə hələ təzə başlayır və işğaldan azad olunmuş ərazilərə uçuşlarla bağlı qiymət siyasəti tam təsdiqlənməyib: "Ola bilsin ki, bu ərazilərə getmək istəyən insanların axını güclənəcək və qiymətlər aşağı düşəcək".

O hesab edir ki, hava limanlarını qismən icarəyə vermək olar, digər aviaşirkətlərlə də müqavilələr bağlamaq mümkündür.

Deputat aeroportların strateji infrastruktur olmasını da xatırladıb: "Unutmaq lazım deyil ki, hava limanları strateji infrastrukturdur və ermənilərin revanşist hissəsinin hər hansı fikirləri olarsa, həmin aeroportlar çox vacib rol oynayacaq".

Qiymət məsələsinə gəlincə, R.Quliyev deyib ki, aviareyslərin alternativi var: "Avtomobil yolu ilə də Füzuliyə getmək olar. Amma buna sərf olunan benzini hesablasaq, bunun nə dərəcədə sərfəli olacağını demək çətindir. Yəqin ki, ailə üçün maşınla getmək daha sərfəli olacaq. Bazar iqtisadiyyatının öz bazar qanunları var, halbuki dövlət onları müxtəlif üsullarla tənzimləyir. Düşünürəm ki, başlanğıc üçün təyin olunan qiymət heç də pis deyil".

Natiq Cəfərli
Natiq Cəfərli

AZAL-a rəqib olmadığına görə qiyməti özü müəyyənləşdirir

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, regionlarda olan hava limanlarının rentabelli olması üçün onları böyük şirkətlərə icarəyə verməkdən başqa yol yoxdur: "Qarabağ strateji nöqtə olduğundan, bəlkə də, orada tikilən hava limanlarının icarəyə verilməsi problem yarada bilər. Amma Lənkəranda, Qəbələdə, Zaqatalada, Gəncədə olan aeroportların xarici loukost şirkətlərə onların işinə qarışmamaq şərti ilə icarəyə verilməsi daha doğru olar. Bu, uçuşların sayını artıra bilər".

Qiymət siyasətinə gəlincə, ekspert qeyd edib ki, bölgələrə uçuşu tək AZAL şirkəti həyata keçirir: "Burada rəqib yoxdur və şirkət özü qiyməti təyin edir. İllərdir Naxçıvan istiqaməti üçün dövlət büdcəsindən dotasiyalar ayrılır. İndi burada da belə situasiya yarana bilər. Təklif olunan qiymət – 78 manat həqiqətən bahadır, Avropada bir ölkədən o biri ölkəyə uzun məsafəyə uçuşlar bu qiymətədir. Belə bir qiymət qalarsa, reyslərin həmişə dolu olmadığına görə AZAL, yəqin, dotasiya istəyəcək. Dotasiya verilərsə, daha ucuz etmək olar".

İqtisadçı düşünür ki, Qarabağdakı hava limanları bir neçə il digər bölgədəki aeroportlardan daha rentabelli olacaq: "Qarabağa ciddi maraq var. Ola bilər ki, bir müddət həm xaricdə yaşayan azərbaycanlılar, həm də ölkədə yaşayan soydaşlarımız həmin hava limanlardan istifadə edərək müəyyən qədər canlanma yarada bilərlər. Amma daimi daxili turizmi canlı tutmaq üçün tək qiymət siyasəti də yetərli olmayacaq".

XS
SM
MD
LG