Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Gəncə polisindən şikayət var


Post Patrul maşını. Foto arxiv
Post Patrul maşını. Foto arxiv

«Nə baş verdiyini soruşanda dördü də üstümə hücum çəkib məni döydü. İkisini tutub polisə təhvil verdik, səhəri eşitdik ki, şöbədən buraxıblar».

Bunu AzadlıqRadiosuna Gəncə sakini Kamil Qasımov deyir.

«İKİSİ QAÇA BİLDİ»

Onun sözlərinə görə, bu il aprelin 8-də axşam saat 10 radələrində şəxsi maşını ilə işdən evə gedərkən dörd nəfərin bir qızın qarşısını kəsərək döyüb çantasını əlindən aldığını görüb. Maşından düşərək onlara yaxınlaşıb və xanıma kömək etmək istəyib. Bu zaman həmin dörd nəfər özünə hücum edib:

«Əsasən sifətimə vurmaqla məni o ki var döydülər, maşınımı əzdilər, maşının salonundakı telefonu da götürdülər. Bu vaxt yoldan keçənlər imdadıma çatdı. Mən kömək üçün yaxınlaşanda dörd nəfərdən ikisi qaça bildi, ikisini yaxaladıq».

Yaxalanan iki nəfər polis şöbəsinə, K.Qasımovsa təcili tibbi yardım maşını ilə xəstəxanaya götürülüb. Polis K.Qasımovun izahatını alıb.

«7 AYDIR BUNA NAİL OLA BİLMİRƏM»

Növbəti gün xəbər tutub ki, saxlanılan şəxslər polis şöbəsindən azadlığa buraxılıb:

***Buna da bax-Qusar sakini: 'Polislər qardaşımı döyərək xəstəxanalıq ediblər'

«O gün - bu gün, düz 7 aydır ki, məni qrup şəklində döyüb, maşınımı əzib, telefonumu oğurlamaqla mənə maddi və mənəvi zərər vuranların cəzalandırılmasına nail ola bilmirəm. Gecə küçədə polis patrulları olmalıdır, olmayıb, onların yerinə vətəndaşı mən xilas etmişəm, belə götürəndə, polisin etməli olduğunu etmişəm, həm canımdan, həm malımdan zərər çəkmişəm. Sonra yenə polisin yerinə cinayətkarları yaxalamışam, polis çağırmışıq, gəliblər, ikisini də onlara təhvil vermişəm. İndi təşəkkür əvəzinə, həmin adamları şöbədən buraxıblar, üstəlik də, az qalırlar özümü təqsirli çıxarsınlar».

Kamil Qasımov
Kamil Qasımov

Gəncə şəhər polisindən «Qaynar xətt»ə bildirilib ki, bu il aprelin 8-dən 9-na keçən gecə Gəncədəki 3 saylı xəstəxanadan K.Qasımovun xəsarətlərlə daxil olması barədə məlumat verilib. İdarənin əməliyyatçısı xəstəxanaya gedərək zərərçəkənin izahatını alıb. Həmin gecə idarəyə gətirilən iki nəfər şübhəli şəxsin izahatı alındıqdan sonra iltizamları alınaraq buraxılıblar:

«İş hələ araşdırıldığından və həmin şəxslər barədə son qərar verilmədiyindən, ad və soyadlarını açıqlamaq mümkün deyil. Cinayət Məcəlləsinin 221.1.2 və 221.2.2 maddəsiylə istintaq davam edir».

İdarədən əlavə məlumat verilməyib.

***Buna da bax-Şəki sakini: 'Polis şöbəsində huşumu itirənədək döydülər'

«CİNAYƏT İŞİ BİR NEÇƏ MADDƏ ÜZRƏ QALDIRILMALIYDI»

Hüquqşünas Vaqif Alıyev deyir, bu maddələrin vətəndaşa qarşı törədilənlərlə heç bir əlaqəsi yoxdur:

«221-ci maddə xuliqanlıq, 221.1.2 qrup şəklində xuliqanlıq, 221.2.2 isə ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə qarşı – yəni polisə qarşı qrup şəklində xuliqanlıq əməlinə görə qaldırılıb. Vətəndaşsa deyir, onu döyənlərin öhdəsindən özü və yoldan keçənlər gəlib, polisə də özləri təhvil verib. Vətəndaşın əmlakına qəsdən xəsarət yetirilməsi və telefonunun aparılması ayrıca cinayət əməlidir və Cinayət Məcəlləsində buna görə maddələr var. Cinayət işi bir neçə maddə üzrə qaldırılmalıydı».

Hüquqşünas deyir, belə halda vətəndaş prokurorluğa ərizə ilə müraciət etməlidir.

K.Qasımovsa bildirir ki, onu döyərək maşınını əzən və telefonunu aparan şəxslər yaxın günlərdə həbs olunmasalar, baş prokurora və daxili işlər nazirinə müraciət edəcək. Deməsinə görə, həmin şəxslər onun çalışdığı mağazaya gələrək polisə şikayətini geri götürməsini tələb edirlər və əks halda sonunun pis nəticələnəcəyi ilə hədələyirlər. K.Qasımov təhlükəsizliyinin təmin olunmasını da istəyir.

XS
SM
MD
LG