Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

Gömrük işçisi: ‘Gördüm avamdı... 2 min 200 dollarını aldım’


Arxiv fotosu
Arxiv fotosu

Dövlət Gömrük Komitəsinin (DGK-nın) keçmiş əməkdaşları məhkəmədə ilginc ifadələr veriblər.

Söhbət Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qaçaqmalçılıq yolu ilə 285 min manatlıq qızıl-zinət əşyalarını keçirmək cəhdində suçlanan gömrükçülərdən gedir.

Bu cinayət işi üzrə məhkəməyə çıxarılan 6 nəfərdən dördü - Neman Abbasov, Adil Kazımov, Aytəkin Tağıyeva və Muxtar Qasımov DGK-nın Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri olub. Qalan iki təqsirləndiriləndən biri - Bakıdakı "Moskva" univermağında qızıl-zinət əşyaları satan Ziyafət Qurbanova, digəri isə Türkmənistan vətəndaşı Aman Balıyevdir.

Buna da bax:​ Gömrük Komitəsinin üzü güləcək

Adları çəkilən 6 nəfərdən ikisi - Aman Balıyev və Neman Abbasov həbsdədirlər. O biriləri haqqında istintaq və məhkəmə dövrü üçün həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Gömrükçülər 285 min manatlıq qızıl qaçaqmalçılığında suçlanır

İttihama görə, gömrük əməkdaşları 285 min manatlıq qızıl-zinət əşyalarını hava limanından keçirməyə cəhd göstəriblər. İttiham aktında yazılıb ki, təqsirləndirilən şəxslərdən gömrük inspektoru Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2 min 200 dollar rüşvət alıb. Təqsirləndirilən digər gömrükçülər də onunla razılaşıblar. Razılaşmaya görə, Ziyafət Qurbanovanın verdiyi qızılları gömrükçülər özləri keçirib, ayaqyolunda Aman Balıyevə verməliymiş.

Buna da bax:​ Maliyyə sanksiyalarının 70%-i əməkhaqqına gedib

Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan keçmiş gömrükçülərdən, biri istisna, digərləri ittihamla razılaşmır, heç istintaqdakı ifadələrini də təsdiqləmirlər.

"Ehtiyac üzündən elədim"

Gömrük Komitəsinin əməkdaşı olmuş təqsirləndirilən şəxslərdən yalnız həbsdə olan Neman Abbasov özünü təqsirli bilir və ehtiyac üzündən bu addımı atdığını deyir.

O, məhkəmə ifadəsində bildirib ki, növbə rəisi Adil Kazımov ona Ziyafət Qurbanovanın aeroporta gələcəyini deyib. Bu xanım qızılları rəsmi qaydada keçirməkdən ötrü ondan yardım istəyib: "Ziyafət Qurbanova ilə danışdıq, başa düşdüm ki, bu adam qanunları bilmir, avam adam olduğunu bilib, onu aldatdım. Dedim ki, qızılları aparmaq üçün rüsum ödənməlidir. Halbuki qızılı gətirən rüsum ödəyir, aparan yox. Ehtiyac üzündən onu aldatdım".

Buna da bax:​ Prezident 'yardım edək' deyir, gömrük - 'tutub alaq'?

Digər təqsirləndirilənlərin əməllərindən xəbərsiz olduğunu deyən Neman Abbasov əlavə edib ki, Aytəkin Tağıyevadan çantanı içəri keçirməsini istəyib. Lakin həmin vaxt Aytəkin çantanın içində nə olduğunu bilməyib.

Neman Abbasov özünü təqsirli bilsə də, cinayət işinin materiallarındakı ifadəsini təsdiqləmir və səbəbini belə əsaslandırır: "Bizə rəhbərlikdən dedilər ki, "belə izahat yazın". Ona görə elə yazılıb. Əslində, burada dediklərim doğrudur".

"Bu sözləri mənə "paqon" deyirdi, ona görə inandım"

Təqsirləndirilən Adil Kazımov da istintaqda rəhbərliyin göstərişinə uyğun ifadə verdiyini deyib: "Bizə dedilər ki, "bu cür ifadə verin, narahat olmayın, iş elə idarədə bağlanacaq".

O, heç kimlə cinayət əlaqəsinə girmədiyini vurğulayıb.

Buna da bax:​ Gömrükdə plan doldurmaqda rekord vurur

Qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Ziyafət Qurbanova da özünü təqsirli bilmir. Deyir ki, əvvəlcədən heç nəyi planlaşdırmayıb. Sadəcə, Neman Abbasov onu aldadıb: "Adil müəllimi bir dəfə aeroportda olanda görmüşdüm. Məndə nömrəsi vardı. Zəng eləyib dedim ki, Türkmənistandan qohumlarımız gəlib, gedəndə qızıl alacaqlar, qanuni yolla necə keçirə bilərlər? İzah elədi, aeroportda Nemanla görüşdüm. Mənə dedi ki, rüsum ödənməlidir. Mən də verdim".

Xanımın sözlərinə görə, Neman Abbasov ona deyib ki, rəis Adil Kazımovun da məsələdən xəbəri var: "Mən vağzalda deyildim ki... Bu sözləri mənə "paqon" deyirdi, ona görə də inandım".

"Rəhbərlik demişdi ki, bizi işdən çıxarmaqla məsələ bağlanacaq"

DGK əməkdaşı olmuş başqa bir təqsirləndirilən - Aytəkin Tağıyeva özünü qismən təqsirli bilir: "Gecə növbəsində idim. Neman da neçə ildir ki, iş yoldaşımdır. Xahiş etdi ki, çantanı qonaqlarına verim. İçində nə olduğunu bilmirdim. Mən də apardım. Səhvim çantanın içərisinə baxmamağım idi".

Aytəkin Tağıyeva qızılları tualetdə təhvil verməsini isə belə əsaslandırıb: "O zona böyükdür, fikirləşdim ki, birdən məni tapa bilməz. Özüm də əlimi yumaq üçün ora gedirdim".

Buna da bax:​ 10 min dollarlıq güzəştin ömrü 2 ay çəkdi

O da rəhbərliyin göstərişi ilə istintaqda fərqli ifadə verdiyini deyir: "Rəhbərlik demişdi ki, bizi işdən azad etməklə məsələ bağlanacaq”.

Dəmir barmaqlıqlar arxasında olan Türkmənistan vətəndaşı da özünü təqsirli bilmir. Qızıl alveri ilə məşğul olduğunu, Dubay və Türkiyədən alış-veriş etdiyini deyən Aman Balıyev bildirir ki, Bakıya gələndə 48 min dolları olub:

"Ziyafət Qurbanovadan da qızıl aldım. Pulu ona verdim. Dedi ki, narahat olma, məsələni necə lazımdırsa, özü həll edəcək. Bilsəydim ki, belə olacaq, əlbəttə ki, razılaşıb, özümü işə salmazdım".

Məhkəmə şahid ifadələri ilə davam edəcək.

XS
SM
MD
LG