Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Gürcüstan kəndlərində seçiciləri geosiyasətdən çox, üzümün qiyməti maraqlandırır


Kvarelidə müxalifət partiyaları gün batımında mitinq keçirir.
Kvarelidə müxalifət partiyaları gün batımında mitinq keçirir.

Gürcüstanın şərabçılıq bölgələrində insanlar uzun illərdir ki, üzümün qiymətinin aşağı olmasından narazıdır.

Üzümün qiymətini dövlət təyin edir. Ötən il aşağı qiymətlərə etiraz edən fermerlər Gürcüstanın şərqində yerləşən, 8 minədək əhalisi olan Kvareli şəhərciyi ətrafında yolları bağlamışdılar.

"İnsanların əməyinə dəyər verilmir, fermerlərin heç nəyi yoxdur", - yerli sakin Dimitri Maxvaşvili deyir.

Gələn ay ölkədə parlament seçkiləri keçiriləcək. Maxvaşvili seçkidə iştirak edən partiyalardan hər hansı birinin işə yarayacağına inanmır. "Hamı deyir, üzümün qiymətini qaldıracağıq, ancaq hakimiyyətə gələndən sonra heç kim heç nə etmir", – o əlavə edir.

AzadlıqRadiosunun müxbiri Coşua Kuçeranın hazırladığı məqalədə deyilir ki, oktyabrın 26-da keçiriləcək seçkilər çoxlarına görə dönüş nöqtəsi olmalıdır. Müxalifət partiyaları bu seçkini Rusiya ilə Qərb arasında sərt seçim anı kimi görür. Onlar iddia edirlər ki, hakim "Gürcü arzusu" partiyası son 20 ildə ölkəni Rusiya istiqamətinə sürükləyib. Müxalifət ölkənin Qərblə isti münasibətlərini bərpa edəcəyini vəd edir.

Əhalinin 70 faizinin tələbləri

Bu cür vədlər ölkənin şəhərlərdə yaşayan və müxalifəti dəstəkləyən orta sinfini ruhlandırıb. Bu ilin yazında on minlərlə insan küçələrə çıxaraq, maliyyəsinin 20 faizindən çoxunu xarici donorlardan alan QHT-lərin qeydiyyatdan keçməsini tələb edən yeni qanuna etiraz edib. Xalq bu qanuna "Rusiya qanunu" adını verib.
Ancaq təhlilçilər və sorğu təşkilatları deyirlər ki, geosiyasət mərkəzli vədlər ölkə əhalisinin paytaxtdan kənarda yaşayan və, əsasən, gündəlik dolanışıq və həyat keyfiyyəti kimi məsələləri düşünən 70faizinin tələbləri ilə səsləşməyəcək.

ABŞ-nin Makkeyn İnstitutu bu yaxınlarda Gürcüstanda apardığı dəyərləndirmənin nəticələrinə dair hesabatında bildirib ki, "bir çox vətəndaş cəmiyyəti, media və müxalifət nümayəndələri …hətta seçki ilə bağlı təzyiq və mümkün manipulyasiyalar fonunda belə "Gürcü arzusu"nun qalib gələ bilməyəcəyi qənaətindədir".

Əksər gürcüstanlılar üçün əsas problem

Hesabatda daha sonra deyilir ki, "seçici rəylərini yaxından izləyən və Tbilisidən kənarda vaxt keçirənlər bu fikrin əksini iddia edir. Onlar bildirirlər ki, əksər gürcüstanlılar üçün əsas problem Aİ-yə üzvlük deyil, iqtisadiyyat və iş yerləri, habelə "Gürcü arzusu"nun ölkənin Rusiya ilə razılığa nail olmasına dair verdiyi mesajdır".

Müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava Kvarelidəki mitinqdə tərəfdarları salamlayır.
Müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava Kvarelidəki mitinqdə tərəfdarları salamlayır.

Gürcüstan Siyasət İnstitutunun təhlilçisi Nino Samxaradzenin kənd yerlərində aparılan seçki kampaniyasına dair hesabatında gəldiyi nəticələr də bundan ibarətdir.

"Əgər partiyalar bölgələrdə insanlarla ünsiyyət qururlarsa da, bunu yanlış yox, qeyri-dəqiq edirlər. Onlar, məsələn, Marneuli, yaxud Svanetidə yaşayanlara Avropa, yaxud Rusiyadan danışırlar. Bu onlara o qədər də maraqlı deyil. Əlbəttə, bu vacibdir və kənd camaatı da bunu anlayır. Ancaq gündəlik həyatda yuxudan oyananda, əsasən, məsələn, məhsullarının qiyməti haqda düşünürlər", – Samxaradze AzadlıqRadiosuna deyib.

"Gürcü arzusu"nun kampaniya mesajları da gündəlik çörək məsələlərinə çox fokuslanmayıb. Onlar sosial mühafizəkarlığa, məsələn, "LGBT təbliğatı"nı yasaqlayan qanunlara və Gürcüstanın suverenliyini vurğulayaraq antiqərb ritorikasına üz tutublar.

"Ancaq onlar hakimiyyətdə olduqları üçün insanların gündəlik problemləri ilə məşğul olurmuş kimi görünürlər", – Samxaradze söyləyir.

O deyir ki, hakim partiya hər zaman ortada olduğu üçün insanlar onu tanıyırlar: "Gürcüstanda partiya və hökumət, demək olar, eyni şeydir. … "Gürcü arzusu"ndan olan mer onlar üçün hökumət nümayəndəsi yox, "Gürcü arzusu"nun nümayəndəsidir…. Yol çəkirsənsə, bu o deməkdir ki, hökumət deyil, "Gürcü arzusu" yol çəkir".

Müxalifət kənd yerlərinə vaxt ayırmır

Samxaradzenin sözlərinə görə, müxalifət partiyalarının problemləri təkcə mesajları ilə bağlı deyil. Onlar kənd yerlərinə, yaxud kiçik şəhərlərə çox pul və vaxt ayırmırlar. Bu, əsasən, onların imkanlarının azlığından və güclərini şanslarının daha çox olduğu yerlərə sərf etməli olduqlarına inanmalarından irəli gəlir. Buna görə də partiyaların yerli ofisləri azdır, onları da tapıb əlaqə saxlamaq çətindir.

Kənd yerlərində insanlar dövlət xidmətlərindən daha çox asılıdır. Bu xidmətlərsə "Gürcü arzusu"nun əlindədir. Bu da müxalifətə açıq dəstəyi riskli edir.

Bu cür çatışmazlıqlar sorğularda öz əksini tapır. Tbilisidə yerləşən Qafqaz Tədqiqat Resurs Mərkəzinin bu yaxınlarda keçirdiyi sorğu üzə çıxarıb ki, Tbilisidən kənarda yaşayan seçicilər mövcud hökumətə daha çox, hər hansı müxalifət partiyasının onlara yaxın olduğuna isə daha az inanırlar.

"Gürcü arzusu" partiyasının Kvarelidəki qərargahı
"Gürcü arzusu" partiyasının Kvarelidəki qərargahı

Saakaşvilinin xarici qonaqları apardığı Kvareli

Gürcüstanın şərabçılıq bölgəsinin mərkəzində yerləşən Kvarelidə "Gürcü arzusu"nun yüzlərlə posterini görmək olur. Digər siyasi partiyalarınsa hər hansı əlaməti gözə dəymir.

"Təəssüf ki, müxalifət partiyaları Kvarelidə heç nə etmirlər. Çox təəssüf edirəm ki, bu il hətta əvvəlki vaxtlardan da sakit keçir", – müxalifəti dəstəkləyən, ancaq yerli məmurların təzyiqindən çəkindiyi üçün adının çəkilməsini istəməyən bir sakin deyir.

"Kaxetidə hər il əsas mövzu üzümün qiymətidir. Müxalifət bu problemlə bağlı mesaj ortaya qoya bilmir. Bu çox böyük problemdir", - o bildirir.

Kvareli müxalifət partiyası olan Vahid Milli Hərəkatın (ENM) bir növ güclü olduğu bölgədir. Partiyanın yaradıcısı, keçmiş prezident Mixeil Saakaşvili hakimiyyətdə olduğu dövrdə buranın inkişafına xüsusi diqqət yetirib. O, tez-tez bura xarici qonaqları gətirərək onlara üzüm sahələrini göstərirmiş. Saakaşvili buradan özünə ev də alıb. Partiya Kvarelinin 27 yerlik bələdiyyə şurasında 7 yerə sahibdir. Şuradakı çoxluqsa "Gürcü arzusu"na məxsusdur.

Ancaq seçkinin nəticəsini proqnozlaşdırmaq çətindir. "Gürcü arzusu"ndan ümumi narazılıq müxalifətin qələbə qazanmasına şərait yarada bilər.

XS
SM
MD
LG