Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:41

İvanişvilinin bəyanatından sonra Gürcüstan şəhərlərində etirazlar başlayıb


Tbilisidə "Dapioni" hərəkatının aksiyası
Tbilisidə "Dapioni" hərəkatının aksiyası

Hakim “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə görə Tbilisini ittiham etdikdən və “osetin qardaş və bacılardan” üzr istəyəcəyini vəd edəndən sonra Gürcüstanın bir çox şəhərlərində “Kremlin diktəsinə yox!” şüarı ilə etiraz aksiyaları keçirilib.

Tbilisidəki nümayiş parlamentin binası qarşısında keçirilib. Kutasi şəhərində də izdihamlı etiraz aksiyası olub.

Aksiyanın iştirakçılarından “Dapioni” gənclər hərəkatının lideri Zviad Tsketladze deyib ki, “başlamadığımız müharibəyə görə bizi üzr istəməyə məcbur edirlər”:

"Bizim kollaborasionist oliqarxımız Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə apararaq həlak olmuş qəhrəmanlarımızın ruhuna tüpürüb. O eyni zamanda hazırda sağ olan veteranlarımızı, canlı qəhrəmanlarımızı – sağlamlığını və həyatını Vətən naminə riskə atan insanlarımızı təhqir edib. Biz sakitcə evdə oturub buna reaksiya verməyə bilməzdik. Etiraz etməyə bilməzdik. Çox mühümdür ki, hamı küçələrə çıxsın. Bu, hər hansı konkret qrupun etirazı olmayacaq, bu ləyaqətli cəmiyyətin və ləyaqətli millətin etirazı olacaq”.

“Güclü Gürcüstan” koalisiyasının liderlərindən Levan Tsutskiridze deyib:

"Mən bir nəfər də əsl vətəndaş tanımıram ki, onu (İvanişvilini-red) alqışlamaq istəsin. Mən bura qəzəbli vətəndaş kimi gəlmişəm. Gürcüstanda Rusiyanın maraqlarına deyil, xalqın maraqlarına xidmət edən hakimiyyət olmalıdır”.

İvanişvili “seçki qələbəsindən” sonra üzr istəyəcək

Sentyabrın 14-də Qori şəhərində keçirilən seçki öncəsi mitinqdə çıxış edən İvanişvili demişdi ki, “Gürcüstan Cənubi Osetiya ilə 2008-ci il müharibəsinə görə üzr istəmək üçün özündə qüvvə tapacaq”.

Onun sözlərinə görə bu, hakim “Gürcü arzusu” partiyasının oktyabr seçkisində qələbəsindən sonra baş verəcək.

2008-ci ildə baş vermiş 5 günlük müharibə zamanı Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmən tanıyıb.

Bu iki muxtar qurumun böyük əraziləri həmin vaxt, 1990-cı illərin əvvəllərində Gürcüstanın nəzarətində deyildi.

Hazırda həm Abxaziya, həm də Cənubi Osetiyada Rusiya qoşunları yerləşdirilib. Gürcüstan bu əraziləri rəsmən Rusiyanın işğalı altında olan ərazilər kimi tanıyır.

XS
SM
MD
LG