Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:59

Gürcüstanda hakim partiya prezidenti yenə də impiçment etmək istəyir


Salome Zurabişvili
Salome Zurabişvili

Gürcüstanda hakim “Gürcü arzusu” partiyası yenidən prezident Salome Zurabişvilinin impiçment təşəbbüsü ilə çıxış edir. Bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə impiçment təşəbbüsünə səbəb prezidentin yenidən Nazirlər Kabinetinin icazəsi olmadan Paris, Brüssel, Berlin və Varşavaya səfərləridir.

Hakim partiya hesab edir ki, Zurabişvili ölkə konstitusiyasını pozub. Konstitusiyada deyilir ki, prezident xarici ölkələrə sırf təmsilçilik missiyası ilə və hökumətin icazəsi ilə gedə bilər.

Papuaşvili bildirib ki, əgər Konstitusiya Məhkəməsi prezidentin qanunu pozduğunu təsdiqləsə, onun impiçment məsələsində artıq yeni parlament tərkibi baxacaq.

Yeni parlament baxacaq

Hazırkı parlamentdə hakim partiyanın impiçment prosedurunu həyata keçirmək üçün kifayət qədər mandatı yoxdur.

İmpiçment qərarının qəbul edilməsi üçün təşəbbüsü 150 deputatın ən azı 100-ü dəstəkləməlidir.

Hazırda hakim partiyanın parlament çoxluğunda 84 deputatı var. Müxalifət 56 mandata sahibdir. Keçən dəfə impiçment ona görə baş tutmamışdı ki, ona 86 deputat səs vermişdi.

Bu da qeyd olunur ki, Zurabişvilinin səlahiyyətləri 26 oktyabr 2024-cü il seçkisindən sonra onsuz da başa çatır.

Gürcüstan konstitusiyasına görə prezident seçkisi yeni parlament tərkibinin ilk iclasından 45 gün müddətində keçirilməlidir.

Zurabişvili

Salome Zurabişvili 2018-ci ildən Gürcüstan prezidentdir. O Fransada siyasi mühacir ailəsində doğulub və 30 il müddətində Fransa XİN-də diplomatik fəaliyyət göstərib.

O Gürcüstana 2003-cü ildə gəlib. Əvvəlcə Fransanın Tbilisidəki səfiri olub, 2004-cü ildə isə Saakaşvili hökumətinin xarici işlər naziri təyin edilib.

Elə o vaxt Gürcüstan vətəndaşlığı alan Zuravbişvili Fransa vətəndaşlığından da imtina etməyib. Məhz bu səbəbdən 2013-cü ildə keçirilən prezident seçkisində onun namizədliyi qeydə alınmayıb.

2018-ci ildə Fransa vətəndaşlığından imtina edən Zurabişvili həmin il prezident seçilib.

Zurabişvili 2005-ci ildə nazir vəzifəsindən azad edildikdən sonra müxalifətə keçmişdi. Amma o 2018-ci il seçkisində müstəqil namizəd kimi iştirak etmişdi. Buna baxmayaraq hakim Gürcü arzusu partiyası bu namizədliyi dəstəkləmişdi.

Zurabişvili 2023-cü ilin martında antihökumət etirazlarını dəstəkləməklə hakim partiya və onun hökuməti ilə qarşıdurmaya keçib.

XS
SM
MD
LG