Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Həbsdə olan I qrup əlil hakimə: ‘Mən 28 gündür acam, siz də bircə gün ac qalın...’


Azerbaijan -- Famil Khalilov
Azerbaijan -- Famil Khalilov

Həbsdə olan hər iki qolu iflic I qrup əlil Famil Xəlilov 28 gündür aclığı davam etdirdiyini deyir. O bu sözləri sentyabrın 12-də öz məhkəməsində dilə gətirib.

Ötən il İsveçdən readmissiya qaydasında Azərbaycana qaytarılan və 4 aydan çoxdur həbsdə olan ictimai fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. F.Xəlilovun vəkili Bəhruz Bayramov müvəkkilinin durumunun ağır olduğunu vurğulayıb və onun hökm çıxarılanadək ev dustaqlığına buraxılmasından ötrü vəsatət qaldırıb.

Prokuror ictimai fəalın həbsdən buraxılmasına etirazını bildirib.

Azər Tağıyevin sədrlik etdiyi hakimlər kollegiyası F. Xəlilovun durumunun diqqətdə saxlanacağını söyləsə də, onu ev dustaqlığına buraxmaqdan imtina edib. Bu məsələ ilə əlaqədar onun saxlandığı Bakı İstintaq Təcridxanasına tapşırıqlar verilib.

F.Xəlilov hakimə təcridxanada ona heç bir tibbi yardım göstərilmədiyini deyib:

“Birincisi, mənə yoldaşım onsuz da yaxşı baxır, qulluq edirdi. Mən niyə ona-buna yalvarmalıyam, möhtac olmalıyam? Siz bircə gün əli-qolu bağlı yaşaya bilərsiniz? Siz bircə gün əli-qolu bağlı vəziyyətdə tualetə gedin, o zaman məni başa düşərsiniz. Mən 28 gündür acam, siz də bircə gün ac qalın, onda bilərsiniz ki, bu vəziyyətdə mən nələr çəkirəm”.

İctimai fəalın işi üzrə məhkəmə baxışı sentyabrın 26-na təyin edilib.

Xatırlatma

34 yaşlı Famil Xəlilov mayın 4-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. İttiham sübut olunarsa, o, 12 ilədək azadlıqdan məhrum edilə bilər.

Yaxınları F. Xəlilovun sosial şəbəkələrdə tənqidi statuslarına görə narkotiklə şərləndiyini vurğulayırlar.

Amma rəsmilər, bir qayda olaraq, insanların ölkədə tənqidi mövqeləri üzündən, əsassız yerə təqib edilmələri ilə bağlı deyilənləri qəbul etmirlər.

Son 3 ildə Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən, azı, beş nəfər narkotik və başqa ittihamlarla həbs edilib.

Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları na bağlayırlar.

Readmissiya – dövlət tərəfindən digər ölkələrin ərazisinə qanunsuz daxil olan şəxslərin geri qəbul edilməsidir.

Bu saziş vətəndaşını geri qəbul edən ölkənin üzərinə bəlli öhdəliklər qoyur. Həmin şəxslərin əsassız təqibi yolverilməz sayılır və hökumət onların üzləşdiyi problemlərin həllinə dəstək verməlidir.

XS
SM
MD
LG