Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:53

Hibrid avtomobillərə və elektromobillərə güzəşt işə yarayacaqmı?


2021-ci ilin doqquz ayı ərzində ölkəyə 60 min 578 minik avtomobili gətirilib.
2021-ci ilin doqquz ayı ərzində ölkəyə 60 min 578 minik avtomobili gətirilib.

Hər 100 maşından, vur-tut, 4-ü təzədir

Avtoparkın yaşlanması məsələsi Azərbaycanda tez-tez gündəmə gəlir. İlin əvvəlinə olan sonuncu rəsmi rəqəmlərə görə, ölkədə 1 milyon 264 min minik avtomobili qeydiyyata alınıb. Hər 100 maşından 79-nun istismar müddəti 10 ili aşıb. Bu göstərici illər ötdükcə daha da pisləşir. Məsələn, 7 il öncə - 2014-cü ildə 10 ildən artıq istismar müddəti olan avtomobillər ölkədəki avtomobil parkının cəmi 62 faiziydi.

Cədvəl: 2014-2020-ci illərdə Azərbaycanda minik avtomobilləri parkının yaş strukturu

İstismar müddəti

İl

5 ilədək

5-10 il arası

10 ildən çox

2020

4 faiz

17 faiz

79 faiz

2019

4 faiz

19 faiz

77 faiz

2018

6 faiz

17 faiz

77 faiz

2017

9 faiz

19 faiz

72 faiz

2016

12 faiz

21 faiz

67 faiz

2015

15 faiz

19 faiz

66 faiz

2014

17 faiz

21 faiz

62 faiz

Cədvəldən də göründüyü kimi, ölkədəki hər 100 minik avtomobilindən cəmi 4-ü yeni sayıla bilər. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə də bu məsələ əksini tapıb. Yeni dəyişikliklərə görə, idxal edilən nəqliyyat vasitələrinin istehsal tarixi 7 ili aşarsa, həmin avtomobillər üçün aksiz dərəcəsi daha çox olacaq. Avtomobilin mühərriki benzinlə işlərsə, aksiz dərəcə 1.2 dəfə, dizel mühərrikli avtomobillərdə isə 1.5 dəfə yüksəldici əmsalla hesablanacaq. Bu baxımdan, hökumət daha yaxşı avtomobillərə daha çox vergi tətbiq etməklə onların ölkəyə gətirilməsinə olan motivasiyanı azaltmaq istəyir.

Hazırda ölkədəki minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 30 qəpik, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat, üstəgəl mühərrikin həcminin 2000 -3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat aksiz dərəcəsi tətbiq edilir. Yeni təklif edilən dəyişikliyə görə, bu tariflər dəyişilməsə də, 7 ildən çox istismar müddəti olan avtomobillərin mühərrikinə görə yüksəldici əmsallar tətbiq ediləcək.

Məsələn, istehsal tarixi 2012-ci il olan, benzinlə çalışan və mühərrikinin həcmi 2500 kubsantimetr olan avtomobilə indiyədək 3 min 100 manat aksiz vergisi hesablanırdısa, dəyişiklikdən sonra bu məbləğ 1.2-ə vurulacaq və artıq 3 min 720 manat ödənilməli olacaq. Avtomobil dizellə çalışarsa, bu məbləğə 1.5 dəfə yüksəldici əmsal tətbiq ediləcək və 4 min 650 manat aksiz vergisi hesablanacaq. Bu göstəricilər o deməkdir ki, həmin avtomobillər üçün işlətdiyi yanacağa görə 620-1 min 550 manat daha çox vergi ödənmiş olacaq.

Azərbaycanda olan 1 milyon 265 min minik avtomobilinin 1 milyon 147 mini (91 faizi) benzin, 107 mini (8 faizi) dizel mühərriki ilə çalışır. Ölkədə qazla işləyən cəmi 9 min 684 minik avtomobili var.

Hibrid avtomobillərə güzəştlər

Avtomobil parkının "gəncləşməsinə" yönəlmiş addımlardan biri də ekoloji baxımdan daha təmiz hibrid avtomobillərə tətbiq edilən güzəştlərdir. Dəyişikliklərə görə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad ediləcək. Hibrid avtomobillərlə yanaşı, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin də idxal və satışı ƏDV-dən azad edilib.

Nəzərə almaq lazımdır ki, son dövrlərdə Azərbaycana gətirilən hibrid avtomobillərin sayında ciddi artım gözə çarpır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin doqquz ayı ərzində ölkəyə toplam 60 min 578 minik avtomobili gətirilib. Bunun 8 min 779-u, yəni təxminən 15 faizi hibrid avtomobillərdir. 2018-ci ildə ölkəyə cəmi 146; 2019-cu ildə 3 min 645; ötən ilsə 5 min 80 hibrid avtomobil gətirilib. Bu o deməkdir ki, təkcə bu ilin 9 ayında ölkəyə gətirilən hibrid avtomobillərin sayı son üç ildə gətirilən hibrid avtomobillərin sayı qədərdir. 2021-ci ildə hibrid avtomobillərin idxalı Azərbaycana 54 milyon dollara başa gəlib.

Amma onu da nəzərə almaq lazımdır ki, bu qədər çox hibrid avtomobil gətirilsə də, avtoparkın orta yaşı azalmayıb. Axı gətirilən hibrid avtomobillərin də istehsal tarixi çox vaxt 5 ili aşıb. Bu avtomobilləri əksər hallarda azgəlirli şəxslər gətirirlər ki, yanacaq xərclərinə qənaət etsinlər. Yeni dəyişikliklərin təkcə son üç ildə istehsal olunmuş hibrid avtomobillərə tətbiq edilməsi və həmin avtomobillərin daha baha qiymətə satılması nəzərə alınsa, bu amil avtomobil parkının gəncləşməsinə elə də təsir göstərməyəcək.

Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərə gəlincə, bu il ölkəyə cəmi 93 belə maşın gətirilib və buna 2 milyon 281 min dollar ödənilib. Deməli, hər elektromobilin idxal dəyəri ortalama 25 min dollar civarında olub. Bu baxımdan həmin qiymətə olan avtomobillərin də əhalinin böyük bir qrupu üçün əlçatan olmayacağı görünür.

Avtomobillərin ƏDV-si geri qaytarılmayacaq

Vergilər Məcəlləsinə dəyişikliklərdə avtomobillərlə bağlı gözə dəyən daha bir məqam Əlavə Dəyər Vergisi ilə bağlıdır. Gələn ildən etibarən "ƏDV geri al" sistemi ilə avtomobillərə ödənilmiş ƏDV-nin bir hissəsini geri almaq mümkün olmayacaq. Çünki avtomobillər ƏDV-nin geri qaytarıldığı məhsulların siyahısından çıxarılıb. Avtomobillərlə birlikdə tütün məmulatları və alkoqollu içkilər üçün də ƏDV-ni geri almaq mümkün olmayacaq.

XS
SM
MD
LG