Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:29

İlqar Məmmədov bəraət aldı. Hakimlər cəzalanacaqmı?


İ.Məmmədov
İ.Məmmədov

ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Rəsul Cəfərov barəsindəki cinayət işlərinə bəraətverici əsaslarla xitam verilib. Hər ikisinin məhkum edilməsi haqda vaxtilə yerli məhkəmələrin çıxardığı hökmlər və onları qüvvədə saxlayan yuxarı instansiyaların qərarları ləğv edilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə Azərbaycan hökuməti İ.Məmmədova 234 min, R.Cəfərova isə 57 min 400 manat kompensasiya ödəyəcək. Aprelin 23-də Ali Məhkəmənin Plenumunun iclasında bu barədə qərar verilib.

İ.Məmmədov və R.Cəfərov ayrı-ayrı cinayət işləri üzrə məhkum olunublar. İ.Məmmədov 2013-cü ilin fevralınla İsmayıllı hadisələrinə görə, R.Cəfərov isə 2014-cü ilin avqustunda QHT-lərlə bağlı cinayət işi üzrə həbs olunub. Plenumun iclasında da onların işlərinə ayrı-ayrılıqda baxılıb.

"Siyasi mübarizəmizi davam etdirəcəyik"

Özü haqqında qərarı AzadlıqRadiosuna şərh edən İ.Məmmədov bunu Azərbaycanın məhkəmə-hüquq tarixində yeni və mühüm mərhələnin başlanması kimi dəyərləndirib:

Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00


"Bəraət aldım, mənəvi kompensasiya təyin olundu. Azərbaycan qanunvericiliyi əsasında biz haqlı olduğumuzu sübut etdik. Bununla Azərbaycan məhkəmə-hüquq tarixində mühüm və yeni mərhələ açılır. Cinayət işinə xitam verildi. Ümumiyyətlə, mən təqsirsizəm. Bundan sonra da siyasi mübarizəmizi davam etdirəcəyik".

İ.Məmmədov ona ödəniləcək kompensasiyanın məbləği barədə suala cavabında dəqiq rəqəm söyləmək istəməyib: "Təyin olunan mənəvi kompensasiya da ödənməlidir. Amma ən önəmlisi odur ki, mən artıq təqsirsizəm. Ali Məhkəmənin Plenumu mənim təqsirsiz olduğumu, faktiki bəraət aldığımı təsdiqlədi".

Amma AzadlıqRadiosu başqa mənbədən kompensasiyanın 234 min manat olduğunu dəqiqləşdirib.

İ.Məmmədov üzərindəki məhkumluğa görə fevralın 9-da keçirilən parlament seçkilərinə namizəd kimi qatıla bilməmişdi. Son seçkidə bir neçə dairənin nəticələri ləğv olundu və o dairələr üzrə yenidən seçki keçiriləcək. Artıq üzərindən məhkumluq götürülüb, bu halda, İ.Məmmədov seçkiyə qatılacaqmı? ReAL sədri bu suala belə cavab verib: "Üzərimdən nəinki məhkumluq götürüldü, mən ümumiyyətlə, təqsirsizəm. Bundan o tərəfi yoxdur. Tamamilə təqsirsiz, tamhüquqlu vətəndaşam. Mən artıq seçkilərdə iştirak edə bilərəm. Parlament seçkilərini nəzərdə tutursunuzsa, onu hələ dəyərləndirəcəyik. Bütün seçkilərdə iştirak haqqım bərpa olundu".

F.Ağayev
F.Ağayev

"Məhkəmələrin öz borcudur"

Plenum İ.Məmmədov haqqında yerli məhkəmələrin çıxardığı hökm və qərarların qanunsuz olduğunu təsdiqlədi. Bəs həmin qərarları verən hakimlərin cəzalandırılması üçün İ.Məmmədov hansısa hüquqi addımlar atacaqmı? ReAL sədri bu sualı cavablandırmaq istəməyib.

Vəkili Fuad Ağayev isə suala belə cavab verib: "Birincisi, bu addımların atılması hüquq-mühafizə orqanlarının, məhkəmələrin öz borcudur. İkincisi, hüquqları pozulan şəxs İlqar Məmmədovdur və o, müəyyən etməlidir".

F.Ağayev ümid edir ki, Plenumun qərarı yerli məhkəmələrin təcrübəsinə müsbət təsir göstərəcək: "İlqar Məmmədovun işində açar rolunu Avropa Məhkəməsinin Konvensiyasının 18-ci (Konvensiyadan kənar məqsədlərlə hüquq və azadlıqların məhdudlaşdırılması) maddəsinin pozuntusunu tanıması oynadı. Məhz buna görə Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətindən dəfələrlə İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib. Bu, nəticə verməyəndə isə Avropa Şurası tarixində ilk dəfə üzv dövlətin Avropa Məhkəməsinin qərarını icra etməməklə öz öhdəliyini pozub-pozmamasının müəyyənləşdirilməsi üçün sorğu verib. Avropa Məhkəməsinin Böyük Palatası da tarixdə ilk dəfə bu sorğuya baxaraq, pozuntu baş verməsinə dair qərar qəbul edib. Hesab edirəm ki, bugünkü məhkəmə qərarı yerli məhkəmələrin praktikasına müsbət təsir etməlidir".

R.Cəfərov
R.Cəfərov

"Gec də olsa..."

İnsan Haqları Klubunun rəhbəri R.Cəfərov AzadlıqRadiosuna özü haqda qərarı şərh edərkən deyib ki, gec də olsa, ədalət bərqərar oldu.

Hüquq müdafiəçisinin sözlərinə görə, Avropa Məhkəməsinin onun haqqında qərar çıxarıb, həbsinin qanunsuz olmasını təsdiqləməsindən 4 il keçib: "Gec də olsa, dövlət hüquqları pozulmuş vətəndaşının bəraət haqqını tanıdı. Məhdudlaşdırılmış mülki və siyasi hüquqlarını bərpa etdi".

R.Cəfərov yada salıb ki, üzərindəki məhkumluğa görə bir sıra hüquqları məhdudlaşdırılırdı. Məsələn, Vəkillər Kollegiyasına üzvlük üçün imtahanda iştirak edə bilmirdi, fevralın 9-da keçirilən parlament seçkilərində namizəd kimi qatılmasına imkan verilmədi: "Bu məhdudiyyət aradan qalxıb. Bərpa edilmiş hüquqlarımdan növbəti mərhələlərdə istifadə etməyi planlaşdırıram".

XS
SM
MD
LG