Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Həbsdəki icra başçılarının ortaq cəhətləri: ordenlər, pulsuz vəkillər...


DTX əməliyyatları davam etdirir
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

DTX əməliyyatları davam etdirir

2019-cu ilin dekabrından bu yana 5 rayonun (Ağstafa, Yevlax, Neftçala, Biləsuvar və İmişli) icra başçısı həbs olunub. Onların hamısı korrupsiyada, büdcə vəsaitlərinin, aztəminatlı şəxslərə çatası pulların mənimsənilməsində ittiham olunur. Amma belə görünür ki, bu ittiham sabiq icra başçılarını birləşdirən yeganə məqam deyil. Onlara aid başqa ortaq cizgilər də var.

Atalar və...

Məsələn, həbs edilən icra başçılarının hamısını prezident müxtəlif vaxtlarda ordenlə təltif edib. Son həbs edilən İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev 2017-ci il avqustun 21-də prezidentin sərəncamıyla 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Eyni ordenlə Neftçalanın həbsdə olan sabiq icra başçısı İsmayıl Vəliyev də mükafatlandırılmışdı. O, həbsindən cəmi dörd ay öncə - 2019-cu il oktyabrın 30-da 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeniylə təltif edilmişdi. Prezident İlham Əliyevin bu barədə sərəncamında yazılıb ki, İ.Vəliyev Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenə layiq görülür.

Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyev də 2018-ci il noyabrın 27-də eyni ordeni alıb. Prezidentin sərəncamında vurğulanır ki, bu orden M.Quliyevə "Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə" verilir.

Bənzər durum Yevlaxın sabiq icra başçısı Qoca Səmədova da aiddir. Ötən ilin dekabrında həbs edilən Q.Səmədov bundan iki ay əvvəl - oktyabrın 12-də prezidentin sərəncamıyla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Onun haqqında sərəncamda da ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırıldığı qeyd olunub.

Ağstafada iş otağında tutulan daha bir icra başçısı Nizaməddin Quliyevə də prezidentin 2 sentyabr 2014-cü il tarixli sərəncamıyla "Şöhrət" ordeni verilib.

...oğullar

O da məlum olub ki, korrupsiyada ittiham olunan sabiq icra başçılarının bir neçəsinin övladları Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində çalışır, məhkəmədə hakimlik edirmiş.

N.Quliyevin övladlarından Ramin Quliyev Nərimanov Rayon Məhkəməsinin hakimi idi, Ramal Quliyev isə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işləyib. Atalarının həbsindən sonra onların hər ikisinin faktiki işini itirdiyi bildirilir.

DTX əməliyyatından sonra İmişlidə keçirdiyimiz sorğu
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00

"Ramal Quliyev yanvarda işdən çıxıb. Onun işdən çıxmaq barədə özünün ərizəsi olub. Atası həbs olunandan dərhal sonra onun və qardaşının harada işləməsi mediada yayıldı. Ona demişdilər ki, bundan sonra orada işləyə bilməz. Ramin Quliyev isə rəsmi şəkildə hələ çıxarılmayıb. O, hakimdir deyə, səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi asan məsələ deyil. Hakimlər prezidentin sərəncamıyla təyin edilir. Ramin Quliyev 2013-cü ildən hakimdir. Atasının həbsindən sonra faktiki fəaliyyət göstərmir. Əvvəldən icraatında olan işlərə baxıb. Ona yeni iş verilmir", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

Mayın 4-də həbs edilən V.Hacıyevin oğlu Məhəmməd Hacıyev də Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışırdı. Artıq onun da işdən çıxarılması barədə məlumatlar yayılıb.

Həbs olunan icra başçılarının işi üzrə araşdırmalar DTX-nın İstintaq İdarəsində aparılır. Onlar elə bu qurumun istintaq təcridxanasında saxlanılırlar.

Ziddiyyətli durum

Cinayət Prosessual Məcəllənin 92.3.9 maddəsində yazılıb ki, təqsirləndirilən şəxs haqqında həbs-qətimkan tədbiri seçiləndə mütləq o, vəkillə təmin olunmalıdır. AzadlıqRadiosuna bildirilib ki, sabiq icra başçıları onlar haqqında həbs-qətimkan tədbiri seçilərkən məhkəmə qarşısına dövlət hesabına təyin edilmiş vəkillərlə çıxarılıblar.

Y.İmanov
Y.İmanov

Hüquqşünas Yalçın İmanov deyir ki, bir tərəfdən cəmiyyətə bu adamların milyonlarla dəyərində var-dövlətini nümayiş etdirib, digər tərəfdən onları dövlət hesabına vəkillə təmin etmək ziddiyyətlidir. Onun sözlərinə görə, qanunvericilik dövlət hesabına hüquqi yardım almaq hüququnu o şəxslərə tanıyır ki, onların vəkil tutmağa maddi imkanı yoxdur: "Öncə şəxsin özündən soruşulmalıdır ki, vəkilin olacaqmı? Varsa, onu dəvət etməlidirlər. Yox, şəxsin vəkillə müqavilə bağlayıb pulunu ödəmək imkanı yoxdursa, bu halda ərazi üzrə vəkil bürosuna məlumat verilir. Oradan vəkillərin siyahısı gətirilir. Şəxs siyahıdakı vəkillərdən birini seçir və onun hüquqi xidmətindən pulsuz istifadə edir".

Y.İmanov deyir ki, sabiq icra başçılarının vəkil tutmağa maddi imkanının olmaması inandırıcı deyil. İstər hüquq-mühafizə orqanlarının onlar haqqında açıqladığı məlumatlar, istərsə də özlərinin və övladlarının həyat tərziylə bağlı görüntülər kifayət qədər imkanları olmasından xəbər verir. Hüquqşünasın fikrincə, həbsdəki məmurlara dövlət hesabına vəkil verilməsinin səbəbi başqadır: "Bu, maddi imkanla bağlı məsələ deyil. İstintaq orqanının qətimkan tədbiri üçün məhkəməyə qədər istintaq hərəkətlərini daha rahat həyata keçirmək istəyindən irəli gəlir. Müqavilə ilə qoşulan vəkil daha keyfiyyətli müdafiə həyata keçirir. Pulsuz hüquqi yardım göstərən müdafiəçilər isə, adətən, yola verməklə, formal hansısa sənədləri imzalamaqla məşğul olur. İstintaq orqanına da heç bir çətinlik yaratmırlar".

A.Bağırov
A.Bağırov

"Burada qəbahət yoxdur"

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə AzadlıqRadiosuna bildirib ki, şəxs öz hüquqlarının müdafiəsi üçün lazımi addımı atmırsa, bu halda həmin işi dövlət öz üzərinə götürür, onu müdafiəsiz qoymur. Ona görə də sabiq icra başçılarının dövlət hesabına hüquqi yardımla təmin olunmasında qəbahət yoxdur: "Söhbət dövlətin vətəndaş qarşısında Konstitusiyanın 61-ci maddəsində nəzərdə tutulan pozitiv öhdəliyinin icrasından gedir. Cinayət törətməkdə ittiham olunan şəxs hüquqi yardımla təmin olunmalıdır. Qanunda nəzərdə tutulan hallarda o yardım dövlət hesabına həyata keçirilə bilər. Əgər şəxs öz təşəbbüsüylə bu hüququndan istifadə etmirsə, buna təşəbbüs göstərmirsə, dövlətin vəzifəsidir ki, vətəndaşın bu hüququnu təmin etsin. Şəxs özünə vəkil tutmursa, dövlət pozitiv öhdəliyini icra edərək onu müdafiəsiz qoymur. Burada qəbahət yoxdur".

AzadlıqRadiosu onu da öyrənib ki, həbsdəki icra başçılarından bir neçəsi əvvəl məhkəmə qarşısına dövlət hesabına vəkillə çıxsalar da, sonradan ailələri başqa müdafiəçilərlə müqavilə bağlayıb.

XS
SM
MD
LG