Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:48

'AZAL prezidentinin xanımı məni asılı duruma salıb payımı əlimdən aldı'


İlqar İsmayılov
İlqar İsmayılov

"İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov deyir ki, şirkətdəki payını əlindən almaq üçün ona 5 milyonluq kredit tələsi qurulmuşdu. Həbsdə olan işadamı iyunun 21-də öz məhkəməsində bu barədə danışıb.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 1999-cu ildə "İdeal Kompani"ni təkbaşına yaradan işadamının sözlərinə görə, 2011-ci ildə AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevanın istəyi ilə şirkətdəki payın 50 faizini ona satandan bir müddət sonra 5 milyonluq kredit məsələsi ortaya çıxıb.

5 milyonluq kredit

"Göstəriş vermişdi ki, mağazaların sayının artırılması, şirkətin böyüməsi üçün elə özünə məxsus ovaxtkı "SilkWay", indiki "Premium Bank"dan 5 milyon manat kredit ayrılsın. Krediti mənim adıma rəsmiləşdirmişdilər. Amma əlbəəl mənə bir manat da pul verilməyib. Bankdan inkassator maşınlar birbaşa şirkətin kassasına gətirib təhvil veriblər. Sonradan bildim ki, əslində, bu kredit tələ imiş. Mənim əlimdəki payı almaqdan ötrü məni asılı duruma salmağa xidmət edirmiş...", – İsmayılov vəkillərinin suallarını cavablandırarkən belə deyib. Onun sözlərinə görə, devalvasiyadan sonra kredit müqaviləsinə dəyişiklik edilib – kredit manatla götürülsə də, müqavilədə dollarla göstərilib. Aylıq ödəniş məbləğinin isə 250 min dollar olduğu deyilib: "Bilirdilər ki, bunu ödəmək iqtidarında deyiləm. Onların da istədiyi bu idi. Şirkətdə qalan payımdan imtina edəndən sonra məndən əl çəkdilər".

İşadamı əlavə edib ki, kredit müqaviləsinin saxtalaşdırıldığını xarici ölkələrdə müraciət etdiyi ekspertizalar da təsdiqləyib.

Bağ evində toplantılar və gəlirlərin bölgüsü

İsmayılov AZAL rəhbərinin xanımı ilə şərik işlədikləri dövrdə gəlirlərindən də danışıb. Deyib ki, təsisçilər olaraq, hər ay toplaşırdılar, gəlirləri müzakirə edirdilər. Toplantı da, adətən, bağ evində keçirilirdi: "Bəzi hallarda Zərifə Həmzəyeva özü, bəzi hallarda "Gazelli Group"un vitse-prezidenti Fuad Əliyev iştirak edirdi. Dividentlər bölgüsü aparılırdı və bölgüyə uyğun olaraq, tərəflər "İdeal"ın kassasından paylarını götürürdülər. İndi deyirlər ki, 5 il 6 ay ərzində paylarını almayıblar. Doğru deyil...".

"İdeal"ı Həmzəyeva ilə şərikli idarə etdikləri müddətdə – 2013-2016-cı illərdə şirkətin 680 min manatını mənimsəmək ittihamına da münasibət bildirən İsmayılov deyir ki, cinayət işinin materiallarındakı sənədlərin özü bu ittihamın saxtalığını sübut edir: "Audit yoxlamasında məxariclər nəzərə alınıb, amma mədaxillər yox. Üstəlik, mənim imzam olmayan kassa məxaric orderi necə sübut kimi götürülüb? Ən əsası, order 2013-2016-cı illərə aiddir, üstündə isə "Adore" şirkətinin möhürü. Bu şirkət də 2020-ci ildə təsis olunub. Bu da sübut edir ki, məni sifarişlə həbs eləmək üçün belə saxta sübutlar yaradıblar".

Xatırlatma

İşadamı CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşadamı vurğulayıb ki, başına gələnləri ictimailəşdirdiyinə görə onu cəzalandırmaq, həm də susdurmaq məqsədilə yenidən həbs ediblər.

"Premium Bank" isə İsmayılovun dediklərini təkzib edib. Bankdan bildirilib ki, İsmayılov müxtəlif dövlət orqanlarına şikayət edib, amma onun iddiaları təsdiqini tapmayıb.

"Premium Bank" AZAL rəhbərinin xanımına məxsusdur. Həmzəyeva bankın əsas səhmdarıdır. O, həm də Azərbaycanda kosmetika məhsullarının istehsalçısı olan "Gazelli Group"un rəhbəridir.

"İdeal"ın idarəçiləri 2020-ci ildə "Sabina" mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company"yə daxil edilib.

XS
SM
MD
LG