Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:33

Ekspert: 'Cinayət Məcəlləsinə təkliflər qorxuludur'


Rəşid Hacılı
Rəşid Hacılı

«Cinayət Məcəlləsinə böhtan və təhqirə görə cəzaları sərtləşdirən yeni 148-1-ci maddənin daxil edilməsi ifadə azadlığının boğulmasına yönəlmiş növbəti qorxulu addım kimi dəyərləndirilməlidir».

Baş prokurorun Cinayət Məcəlləsinə internet azadlığı ilə əlaqəli parlamentə təklif etdiyi əlavələri dəyərləndirərkən Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı belə deyib.

TƏNQİD ETMƏK SƏRBƏSTLİYİ HƏDƏF ALINIB

R.Hacılının fikrincə, bu təklif Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə müəyyən edilmiş ideya və məlumatların yayılması azadlığını, toplumun ictimai önəmli məsələlər barədə müzakirələr aparmaq, tənqid etmək sərbəstliyini hədəfə alıb.

«Cinayət Məcəlləsi böhtan (147-ci maddə) və təhqirə (148-ci maddə) görə ağır cəzalar müəyyən edir. Belə qanunlardan ilk növbədə yüksəkvəzifəli şəxslər öz tənqidçilərini boğmaq üçün geninə-boluna istifadə edirlər. Azərbaycan hökuməti Cinayət Məcəlləsinin bu maddələrinə yenidən baxacağını, ağır cəzaları ləğv edəcəyini bəyan edib. Prezidentin tapşırığıyla 2010-cu ildən Cinayət Məcəlləsinin bu maddələrinin tətbiqinə moratorium qoyulub. Hökumət bəyan edib ki, sərt ifadələrə görə həbs cəzası verilməsinin tərəfdarı deyil», - deyən R.Hacılının fikrincə, prokurorluğun bu təklifi hökumətin bəyanatı əleyhinə addım kimi görünür.

R.Hacılı qanunvericilikdə anonim müəllifliyin xüsusi hədəfə alınmasının da təhlükəli olduğunu qeyd edib. «Hər kəsin ifadə azadlığı onun həm öz adı, həm də təxəllüs və ya bəlli olmayan ad altında ifadələr yaymaq sərbəstliyini əhatə edir. Anonim və ya açıq yayılmış ifadələrə görə fərqli hüquqi məsuliyyət müəyyən edilməsinin ictimai maraqdan irəli gəldiyi barədə iddiaların heç bir məntiqi əsası yoxdur», - MHİ rəhbəri vurğulayıb.

Xalid Ağaliyev
Xalid Ağaliyev

İNTERNET AZADLIĞINA HƏDƏ

Digər media hüquqçusu Xalid Ağaliyev isə qanunvericilik təklifini şərh edərkən, «Freedom House» təşkilatının internet azadlığı ilə bağlı bu günlərdə açıqlanmış hesabatını yada salıb. «Həmin hesabatda Azərbaycanda internetin qismən azad olduğu vurğulanırdı. Hökumət hesabata cavabında bunun yanlış olduğunu, Azərbaycanda internetin tam sərbəst olduğunu iddia edirdi. Təəssüf ki, bu təklif bilavasitə internet azadlığına dəlalət edən, onu hədələyən məzmundadır», - deyən X.Ağaliyev təklifin hüquqi baxımdan da yanlış olduğunu ifadə edib.

AVROPA HƏMİN MADDƏNİN ÜMUMİYYƏTLƏ LƏĞVİNİ İSTƏYİR ...

X.Ağaliyevin fikrincə, təklif cinayət qanunlarının yazı texnikası baxımından da qüsurludur. Cinayət Məcəlləsinin 147, 148-ci maddələri böhtan və ya təhqir sayılan ifadələrin kütləvi yayılmasına onsuz da məsuliyyət müəyyən edib. Hazırkı təklif anonim ad altında yayılan ifadələri fərqləndirir. Ekspert deyir ki, bu gərəksizdir.

X.Ağaliyev deyir ki, Avropa Şurası, Avropa Birliyi kimi qurumlar Azərbaycandan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini, ümumiyyətlə, ləğv etməsini gözləyir. Ancaq indi həmin maddələr daha da «zənginləşdirilir».

Baş prokuror Zakir Qaralov parlamentə qanunvericilik təşəbbüsü ilə müraciət edib. Z.Qaralov Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddəsinin salınmasını təklif edir.

Yeni maddəyə görə, saxta adlarla böhtan və ya təhqirə görə 1000 manatdan 1500 manatadək cərimə nəzərdə tutulur. Habelə, həmin şəxsə 360 saatdan 480 saatadək ictimai iş, 2 ilədək islah işləri və ya 1 ilə qədər həbs cəzası verilə bilər.

XS
SM
MD
LG