Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Kimsə düz demir: ya prezident, ya Statistika Komitəsi


İqtisadçı Qubad İbadoğlu
İqtisadçı Qubad İbadoğlu

İqtisadçı Qubad İbadoğlu iş yerləri statistikasına şübhə ilə baxır

"Minlərlə iş yerləri açılıb, sənayedə artım var, vergiyığımında plan yerinə yetirilib". Rəsmilərin bu kimi bəyanatları, Statistika Komitəsinin rəqəmləri ölkə iqtisadiyyatında nikbin notlardan xəbər verir. Bəs reallıq necə, rəqəmlərlə ayaqlaşırmı?

İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosunun suallarını cavablandırır.

– Qubad bəy, Statistika Komitəsi 6 ayda 5,9 min, ölkə başçısı isə 90 min iş yerinin açıldığını deyir. Rəqəmlərdəki bu ziddiyyəti nə ilə izah edərdiniz?

– Azərbaycanda iş yerləri ilə bağlı məlumatların statistikasına həmişə şübhə ilə baxmışam. Çünki iş yerlərinin açılması birbaşa həm əməyin ödənilməsində, həm miqrasiyada, həm yoxsulluğun səviyyəsində özünü göstərlməlidir. Əgər iş yerləri bu qədər artsaydı, o zaman Sosial Müdafiə Fondunda qeydiyyata duranların, yəni sığorta şəhadətnaməsi alanların sayında bunu görməliydik. Necə olur ki, iş yeri açılır, amma sığorta şəhadətnaməsi verilmir?

Sığorta şəhadətnaməsi olanların sayı iş yerlərinin sayı ilə uyğun gəlmir, arada ciddi fərq var. Bu da o deməkdir ki, iş yerləri ilə bağlı məlumatlar daha çox siyasi xarakter daşıyır. Azərbaycanda təxminən milyon yarım muzdla işləyən var ki, onun da sektor tərkibinə baxanda daha çox dövlət sektorunda işləyənlərdir.

Rəsmi çıxışlardan belə anlaşılır ki, söhbət özəl sektordan gedir. Üstəlik, iş yerlərinin bağlanması ilə bağlı məlumatlar da verilmir. Halbuki, statistikada bu rəqəmlər də öz əksini tapmalıdır ki, real vəziyyəti qiymətləndirə biləsən.

– Qubad bəy, Statistika Komitəsi sənayedə cüzi də olsa, artım olduğunu deyir. Ölkə iqtisadiyyatında bu artım hiss olunurmu?

– Əslində, artım varsa, bu, özünü ÜDM-da göstərməlidir. Siyasi rəqəmlər açıqlanır, real rəqəmlər yox. Son 5 ayın statistikasına nəzər salsaq, görərik ki, qeyri-neft sektorunun payı 7 faiz azalıb. Necə ola bilər ki, indi sənaye sektorunda artım olsun? Mən aqrar sektorda artımla bağlı rəqəmləri daha inandırıcı sayıram. Çünki manatın devalvasiyasından sonra aqrar sektor müəyyən stimul qazanıb. Əgər söhbət neft sektorundan gedirsə, dünyada neftin qiyməti cüzi artdığından sənayedə cüzi artım baş verə bilər.

– Xarici ticarətdə yenə də əsas ixrac məhsulu neftdir. Əgər aqrar sektorda inkişaf müşahidə edirsinizsə, bu, niyə ixracda da özünü göstərmir? Nəzərə alsaq ki, Türkiyə-Rusiya münasibətləri uzun müddət gərgin oldu və hər iki ölkə bir-birinə idxal qadağası tətbiq etdi, Azərbaycan kənd təsərrüfatı məhsulları üçün bazar yaranmışdı...

– Razıyam ki, bölgədəki siyasi vəziyyətin fonunda regional bazar Azərbaycana cəlbedici ola bilərdi. Ancaq Rusiya-Türkiyə münasibətləri uzun müddət gərgin qalmadı, Azərbaycan aqrar sektoru isə qısa müddətdə yaranmış boşluğu doldurmaq imkanlarına sahib deyil. Bu, ixracat potensialının hələ də formalaşdırılmamasını göstərir. Bu, həm də iqtisadiyyatın şaxələnməsi ilə bağlı deyilənlərin də daha çox söz olduğundan xəbər verir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı barədə siyasi bəyanatlar gerçəklikdən uzaqdır.

– Ancaq Vergilər Nazirliyi vergi yığımı ilə bağlı proqnozu artıqlaması ilə yerinə yetirdiyini bildirir.

– Bu, qısamüddətli effektdir, ilin sonuna kimi saxlaya bilməyəcəklər. Qeyd eləyim ki, Azərbaycan büdcəsi də əvvəlki deyil. Qeyri-neft sektorunun töhfəsini əvvəlki səviyyədə saxlamaq istədiyimizə baxmayaraq, düşünürəm ki, bunu saxlamaq o qədər də asan olmayacaq.

XS
SM
MD
LG