Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:33

'İran mallarının qiyməti düşüb'


Yollar boşdur
Yollar boşdur

Azərbaycanla İran arasında gərginlik bu ölkələrin sərhəd ticarətinə də təsir edib. Astara sərhəd-keçid məntəqəsinin önündə işləyən ticarət obyektlərinin sayı aydan-aya azalır. Sahibkarların deməsinə görə, İranla alver etmək qorxulu olub. Adının çəkilməsini istəməyən bir sahibkar deyir ki, İrandan mal gətirməsini dayandırıb. Onun sözlərinə görə, anbarında çoxlu İran malı var: "Əsasən yuyucu tozlardır, onları satıram. Hər ay İrandan çoxlu mal gətirərdim. İranda iki-üç tacirlə əlaqə saxlayırdım, malın qiymətini müəyyənləşdirirdik. Qazancımız da olurdu. Onların telefon nömrələrini pozmuşam. Əlaqəni üzmüşəm. Hər gün eşidirik ki, İrana görə, kimisə həbs ediblər, kimdəsə kiminsə telefon nömrəsi tapılıb. İranda bildiyim tacirlər də bunun acısını çəkirlər. Bunlar bizlik deyil. Heç nədən həbs oluna bilərsən".

"Ticarətdən uzaqlaşmaq fikrim var"

Onun deməsinə görə, İranda əlaqədə olduğu tacir tanışlarının hamısı Azərbaycan əsilli olub: "İran pulu ucuzlaşıb və ucuzlaşmaqda davam edir. İranın elə yerləri var ki, 1 Amerika dolları 60 min tüməndən yuxarıdır. Ötən əsrin 90-cı illəri gözümün önünə gəlir. SSRİ-nin dağılması ərəfəsində sovet pulu öldü. İranlılar mağazalarımızı boşaltdılar. İndi onlarda da belə vəziyyət yaranıb. Amma qorxuram. İrandan gətirdiyim malları satandan sonra ticarətdən uzaqlaşmaq fikrim var".

Qonşu mağazada az sayda alıcı var idi. Adının çəkilməsini istəməyən həmin mağaza sahibi isə deyir ki, bir ay ərzində İrandan gətirilən malların qiyməti 10-15 faiz düşüb: "Qablaşdırılmış qaymaqdır, bir həftə bundan əvvəl 1 manat 40 qəpiyə idi. İndi olub 90 qəpik. İran mallarının qiyməti düşüb, çünki İran pulu gündən-günə ucuzlaşır. Orada qiyməti əhalinin qorxusundan qaldıra bilmirlər. Bizə ucuz gəlir".

"İran bazarı sönməyə doğru gedir"

Onun deməsinə görə, İranda Rusiya rubluna da bir elə üstünlük verilmir: "Amerika dolları ilə yanaşı, manat da İranda bahalaşır. Bizdə İran pulu işləmir, kağızdır axı. İranlılar özləri manata və dollara üstünlük verirlər. Heç Rusiya rublunu da qəbul etməkdə maraqlı deyillər. Əvvəllər İran tacirləri ilə əlaqəmiz var di, indi yoxdur. Maşın oradan mal gətirir, kim istəyir alır, tökür mağazaya. Sifarişlə də mal gəlirdi. İndi bilmirəm gəlir, ya gəlmir? Elə bil ki, bizdə İran bazarı sönməyə doğru gedir. Əlimizdə nə var satırıq. Görək sonra nə olacaq".

"İrana gedən yol Rusiya maşınlarına görə işləyir"

O, mağazadan çıxıb bir neçə dəqiqə eşikdə qalır. Ətrafa diqqətlə baxır. Qayıdıb sözünə belə davam edir: "Mən siyasətçi deyiləm, siyasi işlərə də qarışmıram. İranın Azərbaycana olan pis münasibətini pisləyirəm. Vəziyyət düzəlsəydi, yaxşı olardı. Belə getsə, sovet dövründə olduğu kimi, sərhəd tamamilə bağlanacaq. Hamı belə düşünür. Deyirlər ki, sərhəd tamamilə bağlanacaq. Mənim mağazam İrana gedən yolun üstündədir. Gedib-gələn yoxdur, görməmişəm. İrana gedən nəqliyyat yolu Rusiya maşınlarına görə işləyir".

"Mollaların ipinin üstünə odun yığılası deyil"

Yaxınlıqda kənd təsərrüfatı məhsulları satan satıcı da deyir ki, Novruz bayramı (21 mart) ərəfəsində alver olub: "İlin bu vaxtında İrandan gələn kənd təsərrüfatı məhsullarının hesabına qiymət aşağı olardı. İndi belə deyil. Oradan, elə bil ki, kənd təsərrüfatı məhsulu gəlmir. Xiyar satıram, 1 kiloqramı 2 manat 50 qəpik, pomidor 4 manat 50 qəpik. Şəmkirdən, Salyandan gəlib, baha olduğu üçün hər kəs ala bilmir. Bir ay bundan əvvəl İran badımcanı gətirdilər. Bazarda qiymət düşdü. Mollaların ipinin üstünə odun yığılası deyil. Yəqin, özləri belə istəyirlər".

İrana keçmək istəyən, Rusiyaya məxsus yük maşınlarının uzun növbəsi qalmaqdadır. Astara sərhəd-keçid məntəqəsindən ən çox Rusiyaya və İrana məxsus yük maşınları istifadə edirlər.

Yazıda səslənən fikirlərə, Azərbaycan və İranın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Son illər Azərbaycan və İran arasında qarşılıqlı ittihamlar eşidilməkdədir. Azərbaycanın hüquq-mühafizə orqanları İrandan təlimat alan bəzi şəxslərin ölkənin konstitusiya quruluşuna qarşı fəaliyyət apardığını bildirir. Hətta qeyd edilən hallarla bağlı həbslərin də olduğu açıqlanıb. İran isə Azərbaycanda onlara qarşı xarici qüvvələrə şərait yaradıldığını iddia edir. İttihamlar qarşılıqlı olaraq təkzib edilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra Azərbaycan səfirliyin işçilərini təxliyə edib. İran silahlı hücumun araşdırılacağını bəyan edib.

Ötən həftə isə İranın Azərbaycandakı səfirliyinin dörd əməkdaşı persona-non qrata elan edilib.

XS
SM
MD
LG