Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Tehran 'qatil bombalar'a görə intiqam andı içərkən, sadə iranlılar güvənlikdən narahatdırlar


İranın Kirman şəhərində baş vermiş partlayışdan sonra insanlar yaralılara kömək edirlər.
İranın Kirman şəhərində baş vermiş partlayışdan sonra insanlar yaralılara kömək edirlər.

İran rəsmiləri yanvarın 3-də Kirman şəhərində törədilən və azı 84 nəfərin ölümü ilə sonuclanan qoşa partlayışa görə sərt cavab verəcəklərini vəd ediblər. Ancaq sadə iranlılar intiqamdan çox öz güvənliklərindən və yaşamını itirənlərdən rahatsızdırlar.

Jurnalist Maykl Skollonun hazırladığı məqalədə deyilir ki, iranlılar AzadlıqRadiosunun "Radio Fərda" xidmətində və sosial mediada dərd və qəzəb dolu hisslərini paylaşıblar. Çoxları belə bir hücumun baş verməsinə necə imkan verildiyini, ölkə içində bu qədər ciddi təhlükələr olduğu halda rəsmi Tehranın ölkə xaricindəki hərbi macəralarına necə haqq qazandıra bildiyini sorğulayır.

"Süleymaninin əsgərləri onlara çox güclü cavab verəcək", - birinci vitse-prezident Məhəmməd Mohber yanvarın 4-də partlayışlarda yaralanan 280-dən çox insanın bir qisminin müalicə olunduğu xəstəxanada jurnalistlərə verdiyi müsahibədə bu sözləri dilə gətirib. İslam İnqilab Keşikçiləri Korpusu (İİKK) də bəyanat verərək düşmənlərin "qətiyyət və ədalətlə" cəzalandırılacağını bildirib.

Qorxaq davranış?

Hücumu qorxaq davranış adlandıran İİKK onu təşkil edənlərin niyyətinin "inamsızlıq yaratmaq və xalqdan İslam respublikasına dərin sevgisi və bağlılığına görə intiqam almaq" olduğunu söyləyib. İran rəsmiləri və sərt nəzarət altındakı dövlət mediası "terror hücumu" adlandırdıqları bu olaya görə məsuliyyəti İsrail və ABŞ-ın boynuna qoyub. İran mediası və müşahidəçilər "İslam Dövləti" (İD) (terrorçu təşkilat) və xarici qüvvələrin də bu hadisəni törədə biləcəyinə diqqət çəkiblər.

Ancaq istər hökumət, istərsə dövlət mediası güvənlik qüvvələrinin minlərlə insanın toplaşdığı yerdə törədilən hücumun qarşısını almaq iqtidarında olmamasını çox da sorğulamayıb. Yalnız parlamentin Enerji təhlükəsizliyi komissiyasının üzvü Fereydun Abbasi İİKK ilə bağlı olan "Təbnak" xəbər agentliyinə müsahibəsində bildirib ki, keşikçi və güvənlik qüvvələrinin səhlənkarlığının da rolu olmuş ola bilər.

Daxili işlər naziri Əhməd Vahidi əvvəlcə bu hücumun İran düşmənlərinin iri mərasimlərə basqın planının bir hissəsi olduğunu iddia edib. Amma yanvarın 4-də televiziyada deyib ki, "güvənlik, kəşfiyyat və hüquq-mühafizə qurumları hər şeydən tam xəbərdardır və hər vəziyyətə nəzarət edir".

Tehranda müşahidə kameraları
Tehranda müşahidə kameraları

"Diqqəti hicaba, cərimələrə, maşınların müsadirəsinə cəmləşdirəndə…"

İranlıların "Radio Fərda"ya göndərdiyi şərhlərdə İranın Yaxın Şərqdəki hərbi iştirakı və ölkə daxilində müxalifət fəalları ilə hicab qanununu pozan qadınları izləməsi sorğulanır.

"Niyə [İraqda] Kərbəlada güvənliyi təmin edirsiniz, ancaq İran küçələrində yox!?", - Pərham adlı dinləyicinin sualıdır. Sosial mediada da buna bənzər fikirlər paylaşılıb.

"Bütün diqqətini hicaba, cərimələrə, maşınların müsadirəsinə (hicab taxmayan sürücü və sərnişinlərə tətbiq edilən çoxsaylı cəzalardan biri) cəmləşdirəndə, insanların güvənliyi arxa planda qalar!" - bir X istifadəçisi yazıb.

XS
SM
MD
LG