Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

İran prezident seçkisinin qalibi Pezeşkiandan gözləntilər


Məsud Pezeşkian - İran prezident seçkisinin qalibi
Məsud Pezeşkian - İran prezident seçkisinin qalibi

İranda prezident seçkisinin ikinci turunda etnik azərbaycanlı Məsud Pezeşkian qalib gəlib. Seçkidə yeganə islahatçı namizəd olan Pezeşkiandan prezident kimi gözləntilər nədir?

İRANA QARŞI SANSKİYALARIN GÖTÜRÜLMƏSİ...

İranın Azərbaycandakı keçmiş səfiri Əşfar Süleymani seçki dönəmində Pezeşkianı dəstəkləyənlərdən biri olub. Deyir ki, prezidentdən əsas gözləntilər həm daxili, həm də xarici problemlərlə bağlı işlərə başlamağıdır:

“Məişət, iqtisadiyyat problemləri var. Xarici siyasətdə sanksiyalar məsələsinin həlli vacibdir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp nüvə sazişini ləğv etdi, sanksiyaların da təsiri altında problemlər başladı. İranda valyuta dəyərdən düşdü, bahaçılıq oldu və s. Pezeşkianın gəlməyi ümid yaradıb ki, işlər düz yolla başlanıb gedə bilər. Qatar relsdən çıxıb, qatarın düz yolla getməyini istəyirik”.

Əfşar Süleymani deyir ki, problemlərin həllinə çox vaxt lazımdır. Üstəlik, bu problemlərin həlli təkcə İrandan aslı deyil, burada həm regional, həm ABŞ-da qarşıdan gələn seçkilərin nəticəsi və digər məsələlər də rol oynayır.

PEZEŞKİANDAN ƏSAS GÖZLƏNTİLƏR...

Məsud Pezeşkian iyulun 5-də keçirilən səsverməin ikinci turunda ultramühafizəkar rəqibi Səid Cəliliyə qalib gəlib. O, seçicilərin 49,8 faizinin iştirak etdiyi seçkidə 16,3 milyondan çox səs qazanıb.

Reuters agentliyi seçkilərdən sonra İranda bir neçə yerli sakindən yeni prezidentdən gözləntilərini soruşub. Onlar əsasən qiymətlərin ucuzlaşması, gənclərin daha rahat iş tapmaları, qızların küçədə asanlıqla gəzə bilməsi, verdiyi vədləri gerçəkləşdirməsini gözlədiklərini bildiriblər.

XAMENEYİNİN XEYİR- DUASI OLMASA....

Bakıda "Orta Doğu Araşdırmalar Mərkəzi"nin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan isə deyir ki, İran ali rəhbərinin, necə deyərlər, xeyir-duası olmadan prezident hansısa qərarlar verə bilməz:

“Ayətullah Seyid Əli Xameneyi üçün bu namizədlərdən hansı birinin prezident seçilməsinin fərqi yoxdur. Çünki onların hər biri ələnib və hamısı rejimə sadiqdir. Siyasi, dini, ideologiyanın daşıyıcılarıdır, yəni bu rejimin törəmələridilər. Pezeşkian da, ondan əvvəlkilər də, ondan sonrakılar da ali dini rəhbərin tapşırıqlarının, qərarlarının proqramlarının birinci, baş icraçılardır. Nə qədər ki, İran konstitusiyası dəyişdirilməyib, bu belə də olacaq”.

Ona görə də Sədrəddin Sultan hesab edir ki, İranda kimin prezident seçilməsinin elə də önəmi yoxdur, siyasi və digər bütün əsas qərarları ali dini rəhbərlik verir. O düşünür ki, prezidentin hansısa təşəbbüsləri ola bilər, amma ali rəhbərliyin razılığı olmasa, bu təşəbbüsləri gerçəkləşdirə bilməz.

İRAN AZƏRBAYCANLILARININ GÖZLƏNTİLƏRİ...

69 yaşlı Pezeşkian keçmiş ürək cərrahıdır, İranın keçmiş səhiyyə naziridir. 2022-ci ildə hicab qaydalarını pozmaqda suçlanaraq saxlanan Məhsa Əmininin ölümünə görə İran hökümətini, məscidləri tənqid etmişdi.

Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən deputatı idi. 2016-cı ildə İran parlamentində “Türk Bölgələri Fraksiyası” yaradıb.
Pezeşkianın prezident seçilməsi həm də uzun illərdir əslən İran azərbaycanlılarının problemlərinə diqqət artıracağı ilə bağlı ümidlər yaradıb.

Ancaq əslən İran azərbaycanlısı, İveçrədə yaşayan “Tribun dərgisinin” redaktoru Əlirza Ərdəbili də İrandakı azərbaycanlıların sosial, təhsil və digər problemlərinin həll olunacağına elə də ümidli deyil:

“Cuzi azadlıqlar gözlənilə bilər. Amma ciddi azadlıqlara nə qanunda yer var, nə də ki, ali dini rəhbər, nə də onun ətrafındakı icazə verər”.

Əlirza Ərdəbili də vurğulayır ki, İran konstitusiyasına görə prezidentin elə də böyük səlahiyyətləri yoxdur və bütün qərarlar ölkənin ali liderindən gəlir.

BOYKOT ÇAĞIRIŞLARI...

İran hökumətinin tənqidçiləri və dissidentlər əvvəlki seçkilər dəyişikliyə səbəb olmadığı üçün bu səsverməni boykot etməyə çağırmışdılar.

İranda seçkilərə namizədlər sərt xətt tərəfdarı qurumların yoxlamasından keçərək buraxılır, bu qurumlar rejimə mümkün təhlükələri öncədən neytrallaşdırırlar.

Ultramühafizəkar prezident İbrahim Rəisi mayda Azərbaycandan qayıdarkən helikopter qəzasından öləndən sonra İranda növbədənkənar prezident seçkiləri keçirilib. Qərbin qatı tənqidçisi olan Rəisi Xameneinin mümkün varisi sayılırdı.

XS
SM
MD
LG