Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Ankarada çörək almağa çıxan jurnalist... İranda həbsdədir


Mohammad Bağer Moradi
Mohammad Bağer Moradi

Mayda Türkiyədə itkin düşən iranlı dissident jurnalist hazırda İranın İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) nəzarətindədir.

Mohammad Bağer Moradi noyabrın əvvəllərində İrana deportasiya edilib. Bundan öncə isə o, beş ay Türkiyədə “qanunsuz” saxlanıb. Bu haqda məlumatı AzadlıqRadiosuna jurnalistin ailəsini təmsil edən türkiyəli vəkil Salih Efe verib.

Rəsmi araşdırma başlanıb, amma...

Moradinin ailəsi onun mayın 30-da çörək almaq üçün Ankarada yaşadığı evdən çıxdığını və bir daha geri dönmədiyini deyir. Türkiyə mediası onun atılmış maşınının ertəsi gün evinin yaxınlığında tapıldığını bildirib.

Media onu da yazır ki, Moradinin Tehrandan gələn ailə üzvləri yerli prokurorluğa oğullarının yoxa çıxması ilə bağlı rəsmi müraciət ediblər. Müraciətdə onlar oğullarının oğurlandığından şübhələndiklərini də qeyd ediblər. Rəsmi araşdırmanın başlanmasına rəğmən Moradi tapılmayıb.

İyunda Türkiyə mediası jurnalistin atası Mohsen Moradinin oğlunun İran kəşfiyyatı tərəfindən oğurlandığı haqda iddiasını dərc edib.

Sonrakı aylar ərzində bu barədə heç bir məlumat verilməyib. Noyabrın 4-də isə Moradi ailəsi ilə qısa telefon əlaqəsi yaradıb. Və onlara İranda, “kəşfiyyat strukturlarının” nəzarətində olduğunu deyib. Moradi ailəsinə həmin zəngdən cəmi bir neçə gün öncə İrana gətirildiyini söyləyib. Bundan sonra onun ailəsinə daha iki dəfə zəng vurduğu bildirilir.

Atasına təzyiq

Mənbələr Moradinin İİKK-nin kəşfiyyat qanadının nəzarətində olduğunu deyirlər. Son illərdə çox sayda jurnalist, siyasi və ictimai fəal, ətraf mühit fəalı, habelə ikili vətəndaşın həbsinin arxasında bu məhz bu qurum dayanır.

Mənbələr Moradinin atasının ötən həftə İİKK tərəfindən oğlunun Türkiyədəki fəaliyyəti barədə sorğu-sual edildiyini bildirirlər. Bundan başqa İİKK ona oğlunu canlı TV-də etirafa razı salmağı tapşırıb.

İranda siyasi məhbuslara müstəntiqlərin diktəsi ilə “cinayətlərini” etiraf etdirmək praktikası yeni deyil. Bir çox siyasi məhbuslar buraxıldıqdan sonra bu praktikanı tənqid edərək təzyiq altında etiraf etdiklərini bildiriblər.

34 yaşlı Moradi 2014-cü ildə İranda dövlət əleyhinə fəaliyyətlə bağlı beş il həbs cəzasına məhkum edilib. Bundan sonra o, Türkiyəyə qaçıb.

Türkiyə iranlı qaçqınlar üçün təhlükəsiz ölkədirmi?

Türkiyəli vəkil Efe AzadlıqRadiosuna bu ölkədə müxalif jurnalistə sığınacaq verildiyini deyib. Onun sözlərinə görə, Moradinin İrana gizli deportasiyası Türkiyə qanunları və beynəlxalq hüququn, o cümlədən 1951-ci il BMT Qaçqınlar Konvensiyasının kobud pozulmasıdır.

Efe həmçinin bildirib ki, Moradi ailəsinə Türkiyə kəşfiyyat əməkdaşları tərəfindən oğurlandığını və deportasiya edilənə qədər naməlum məkanda saxlanıldığını deyib. Vəkil Moradinin Türkiyədə saxlandığı müddətdə sorğu-sual edildiyini və işgəncəyə məruz qaldığını da deyir.

"Bu artıq bizim hökumət tərəfindən iranlı siyasi qaçqının qanunsuz və gizli deportasiyası ilə bağlı dördüncü, yaxud beşindi haldır. Hesab edirəm ki, Türkiyə iranlı qaçqınlar üçün təhlükəsiz ölkə sayıla bilməz”, – Efe vurğulayır.

Türkiyə iranlı dissident və fəalların tez-tez pənah apardığı ölkələrdən biridir. Ancaq bu ölkə həm də İran kəşfiyyatının dissident ovuna çıxdığı əsas məkanlardandır. Bu isə Türkiyədə yaşayan İran vətəndaşlarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur. Moradinin başına gətirilənlər bu narahatlığı daha da artıracaq.

XS
SM
MD
LG