Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:49

İraqda bazaya raket hücumunda 'bir neçə' ABŞ personalının yaralandığı bildirilir


Əl-Ənbardakı bazada ABŞ texnikası, arxiv fotosu
Əl-Ənbardakı bazada ABŞ texnikası, arxiv fotosu

Avqustun 5-də axşam gələn xəbərlər Yaxın Şərqdə münaqişənin genişlənəcəyi ilə bağlı narahatlığı gücləndirib. ABŞ-ın sözçüsü İraqda hərbi bazaya raket hücumunda “bir neçə” amerikalı personalın yaralandığını deyib. Hücuma görə məsuliyyəti iranpərəst döyüşçülər götürüblər.

“İraqdakı Əl-Əsəd hava bazasında ABŞ və koalisiya qüvvələrinə qarşı şübhəli raket hücumu olub. İlkin məlumatlara görə, bir neçə ABŞ personalı xəsarət alıb”, sözçü bildirib.

Hücumun detalları, potensial itkilər, dəyən ziyan dəqiq açıqlanmayıb.

ABŞ əsgərlərinə hücumlar

İraqın Ənbar vilayətindəki bazaya hücuma görə məsuliyyəti İraqda yerləşən silahlı qruplaşma, İranın “proksi qrupları”ndan biri götürüb. ABŞ-ın bu ölkədə qalan əsgərlərini bir qismi həmin vilayətdədir. Bir neçə gün əvvəl ABŞ-ın hava zərbəsindən İraqda dörd iranpərəst ekstremist öldürülüb.

Son günlər İranın dəstəklədiyi qruplar ABŞ əsgərlərinə raket hücumlarını bərpa ediblər, görünür, Vaşinqtonu İsraillə sıx əməkdaşlığa görə cəzalandırmaq istəyirlər.

Bu arada İranın ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ekstremist qruplaşmasının lideri İsmayıl Haniyənin qətlinə görə intiqam alacağı sarıdan narahatlıq artır. Livandakı Hizbullah silahlı qruplaşmasının komandiri də Haniyə ilə eyni gündə Beyrutda qətlə yetirib.

Tehran hücumlara görə İsraili günahlandırsa da, o məsuliyyəti götürməyib.

İran avqustun 5-də bildirib ki, İsrailin cəzalandırılması Yaxın Şərqdə qeyri-sabitliyin artmasının qarşısını alardı, lakin Tehran İsmayıl Haniyənin qətlindən sonra onsuz da yüksək olan gərginliyin eskalasiyasını istəmir.

Rusiya İranı, Vaşinqton İsraili dəstəkləyir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 5-də Tehrana işçi səfərə gedib. O, bugünlərdə and içmiş prezident Məsud Pezeşkianla görüşüb.

İran dövlət mediasına görə, Pezeşkian Şoyquya deyib ki, Tehran “strateji tərəfdaşı” ilə əlaqələri genişləndirmək istəyir, Moskvanın dəstəyini dəyərləndirir.

Sergey Şoyqu (solda) Məsud Pezeşkianla görüşür, 5 avqust, 2024-cü il
Sergey Şoyqu (solda) Məsud Pezeşkianla görüşür, 5 avqust, 2024-cü il

Bundan bir gün öncə isə ABŞ müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) Tehran hücum edərsə, Vaşinqtonun İsrailə “qətiyyətli dəstək” verəcəyini deyib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) avqustun 5-də deyib ki, Vaşinqton diplomatik kanallarla mesajlar göndərərək ölkələri Tehrana regionda eskalasiyanın “heç kəsin marağında olmadığını” çatdırmağını istəyib.

Vaşinqton və Tehranın diplomatik əlaqələri yoxdur, bir-birinə mesajları üçüncü ölkələr vasitəsilə çatdırırlar.

Tehran isə Haniyənin qətlinə görə İslam Ölkələri Təşkilatının fövqəladə iclasını çağırıb. 57 ölkədən ibarət qrupun avqustun 7-də yığışacağı gözlənilir.

HƏMAS oktyabrın 7-də oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri öldürüb, 250 nəfər girov götürülüb, bir qismi sonradan buraxılıb.

Girovların bir qisminin Qəzzada vəfat etdiyi, bəzilərinin sağ olduğu güman edilir. İsrail Qəzzada kütləvi əməliyyat keçirir, azı 39 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq onların neçəsinin dinc sakin, neçəsinin döyüşçü olduğu açıqlanmır.

Aprelin 13-də İran İsrailə 300-dən çox dron və raketlə hücumu məhdud itki və dağıntılara səbəb olub. Bu hücumun aprelin 1-də Dəməşqdəki İran konsulluğuna İsrailin şübhəli hava zərbəsinə cavab olaraq gerçəkləşdirildiyi açıqlanıb. Həmin hücumda ikisi general olmaqla yeddi iranlı komandir öldürülüb.

XS
SM
MD
LG