Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

Qırğızıstan prezidenti qırğız dili ilə bağlı Lavrova necə cavab verdi?


Qırğızıstan prezidenti Sadır Japarov
Qırğızıstan prezidenti Sadır Japarov

Qırğızıstan prezidenti Sadır Japarov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Qırğızıstan Respublikasının dili haqqında” qanun barədə dediklərinə cavab verib.

Lavrov dövlət məmurlarından işdə qırğız dilindən istifadəni tələb edən bu qanunu “o qədər də demokratik olmayan” adlandırmışdı.

Japarov iyulun 24-də Qırğızıstanın Kabar dövlət xəbər agentliyinə müsahibəsində deyib ki, “Rusiya xarici işlər naziri görünür bu qanunu oxumayıb”:

“Bu qanunda rus dilini diskriminasiya edən heç bir norma yoxdur. Əksinə qanunda deyilir ki, rus dilindən rəsmi səviyyədə istifadə olunacaq. Bu norma Qırğızıstanın Konstitusiyasında da var”.

Japarov əlavə edib ki, yeni qanun müəllimlərə və həkimlərə şamil edilməyəcək.

Japarov bunu da deyib ki, qırğızlara rus dilini bilmək, qırğız dilini bilmək qədər vacibdir.

“Çünki MDB ölkələri ilə rus dilini bilmədən əməkdaşlıq alınmayacaq. Biz Çinə, ərəb ölkələrinə və elə Avropa ölkələrinə gedəndə də rusca danışırıq. Bu halda biz öz dilimizi də tam mənasında əxz etmək istəyirik. Baxın görün, deputatlar, məmurlar necə çıxış edirlər: yarısı rusca, yarısı qırğızca. Bizim heç birimiz nə rus dilini, nə də qırğız dilini tam bilmirik”.

Lavrov nə demişdi

Japarov müsahibəsinin sonunda həm qırğız, həm də rus dilini lazımınca bilməyə, habelə ingilis, fransız, çin və başqa dilləri də öyrənməyə çağırıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 19-da Rusiya qeyri-kommersiya şirkətlərinin rəhbərləri ilə görüşdə demişdi ki, “hazırda MDB məkanında sadə olmayan proseslər” gedir:

“Qırğızıstanda bir neçə ay bundan əvvəl qanun qəbul edilib. Bu ideya ortaya çıxanda biz qırğız dostlarımıza xəbərdarlıq etdik ki, bu o qədər də demokratik addım deyil. Yəni bütün dövlət məmurlarından qırğız dilini bilmək və işdə istifadə etmək tələbi məsələsini deyirəm. Burda dövlət məmurları kateqoriyasına müəllimlər də, dövlət tibb müəssisələrinin həkimləri də daxil edilib. Biz bir neçə dəfə xəbərdarlıq etdik, amma başqa xətt üstün gəldi...”

Miqyaslı qanun

AzadlıqRadiosunun Qırğız xidməti yazır ki, Sadır Japarov ötən həftə “Qırğızıstan Respublikasının dili haqqında” Konstitusiya qanununu imzalayıb. Qanun iyulun 18-də qüvvəyə minib.

Qanuna görə bütün dövlət və bələdiyyə idarələrinin qulluqçuları, o cümlədən parlamentin deputatları və yerli bələdiyyələrin üzvləri, hakimlər, prokurorlar, vəkillər, notariuslıar, tibb və təhsil işçiləri qırğız dilində danışa bilməlidirlər.

Bundan başqa qırğız dilindən seçki və referendumların keçirilməsində, məhkəmə, dəftərxana və qanunvericilik aktlarının, beynəlxalq müqavilələrin hazırlanmasında istifadə icbari elan edilir.

Qanuna görə eyni tələblər coğrafi adlara, toponimlərə, ad, soyad, kitab nəşri, kütləvi informasiya vasitələri, teleradio yayımları və reklamlara da tətbiq edilir.

XS
SM
MD
LG