Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

‘Kral imtiyazı’. Kadırov kimlərə, niyə medal verir


Ramzan Kadırov (solda) və Viktor Zolotov
Ramzan Kadırov (solda) və Viktor Zolotov

Aprelin əvvəlində Rusiya Federasiyası İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyanın Şimali Qafqaz regionuna, Çeçenistanın paytaxtı Qroznıya səfəri edib.

Səfər çərçivəsində Kremlin dəstəklədiyi Çeçenistan lideri Ramzan Kadırov onu “Çeçenistan Respublikasına xidmətlərinə görə” regionun ən yüksək mükafatı olan Əhməd Kadırov ordeni ilə təltif edib. Bastırkin isə Kadırova İstintaq Komitəsinin “Şücaət və Cəsarət” medalını verib.

Bu medaldan son aylarda federal məmurlara və prezident Vladimir Putin dövründə qurulmuş siyasi sistemin digər tanınmış simalarına çox verilib. Təhlilçilər deyirlər ki, Kadırov bununla regiondan kənarda, xüsusən də Moskvada nüfuzunu və təsirini artırmağa çalışır. 2007-ci ildə Putinin vəzifəyə təyin etdiyi Kadırovun avtoritarizmi tənqid edilir, o, insan haqlarını kobud şəkildə pozmaqda ittiham olunur.

Praqadakı Çarlz Universitetinin siyasət üzrə professoru Emil Aslan medalların paylanmasını ‘kral imtiyazı’ adlandırır. “Mükafatı alan şəxsin vəzifəsi nə qədər yüksəkdirsə, onu verən şəxsin – bu halda Ramzan Kadırovun – statusu da bir o qədər yüksəlir", – o deyir.

177 min dollarlıq 43 medal

Əhməd Kadırov ordeni Kadırovun 2004-cü ildə Qələbə Günü paradında öldürülən atası, Çeçenistanın keçmiş prezidentinin adına təsis olunub. 36 ədəd almaz, sapfir və yaqutla hazırlanmış hər bir medalın qiyməti 315 min rubl (4125 dollar) təşkil edir. 2022-ci ilin sonunda regional hökumət 43 medal sifariş edib ki, onların da dəyəri 13,5 milyon rubldur (177 min dollar).

Kadırov bu illər ərzində Rusiya Milli Qvardiyasının rəhbəri və Putinin köməkçisi Viktor Zolotovu, Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının milli qanunverici orqanın aşağı palatasındakı fraksiyasının rəhbəri Leonid Slutskini medalla təltif edib.

Keçən il Kadırov bu fəxri adı Ukraynanın qismən Rusiyanın nəzarətində olan iki bölgəsinə Moskvanın təyin etdiyi işğalçı hakimiyyət rəhbərlərinə verib. Luqanskda Leonid Paseçnik və Donetskdə Denis Puşilin bu mükafata layiq görülüb.

Emil Aslanın sözlərinə görə, orden və medalların verilməsi bir daha təsdiq edir ki, “Kadırov öz kral istəyinə görə mükafatlandıra və cəzalandıra bilən qüdrətli şəxsiyyətdir”.

Əlaqələri möhkəmləndirmək

Qafqaz üzrə ekspert, çexiyalı Tomas Baranets AzadlıqRadiosuna bildirib ki, regional liderin dövlət xadimlərinə mükafatlar təqdim etməsi “görünməmiş” haldır.

“Kadırov özünü sadəcə, [Rusiya] Federasiyasının kiçik bir bölgəsinin rəhbəri hesab etmir və heç vaxt da hesab etməyib. Üstəlik, Kadırovun federal səviyyədə yaxşı əlaqələr qurmaq arzusu var. Bastrıkinə medal vermək belə əlaqələri möhkəmləndirməyin bir yoludur”, – o söyləyib.

Şimali Qafqazda insan haqları müdafiəçisi Stanislav Dmitrievski bu təcrübəni Kadırov “ağalığı” adlandırır. “Adətən, daha yaşlı və daha avtoritar şəxs mükafatlandırma ilə məşğul olur. Ən azı hökumətlər arası münasibətlərdə belə olur”, – o deyir.

Federal səviyyədə nüfuzlu şəxslərə verilən mükafatlarla yanaşı, Kadırov qohumlarına, siyasi müttəfiqlərinə, habelə idmançılar, sənətçilər və blogerlər kimi yerli məşhurlara da fəxri adların verilməsi kimi daha ənənəvi avtoritar təcrübə də yürüdür.

“Bütün diktatorların belə oyunlara qarşı zəifliyi var”, – Dmitrievski söyləyir.

Ailə üzvlərinə mükafatlar

Martda o, özünə, anasına və ölümündən sonra atasına regional insan hüquqları müdafiəsi mükafatı verdi. Həmin ay 15-yaşlı oğlu Adəmi və 17-yaşlı oğlu Əhmədi Terrorla Mübarizədə Mükəmməlliyə görə medallarla təltif etdi.

2022-ci ilin iyununda o, Çeçenistanın mədəniyyət naziri olan 23-yaşlı qızı Aişatı Əhməd Kadırov ordeni ilə təltif edib. Bu medal onun mədəniyyət sahəsinə “böyük töhfəsinə” görə verilib. Digər laureatlar arasında Dövlət Dumasının deputatı, keçən il Kadırovu tənqid edən bir şəxsin ailəsinin bütün üzvlərini öldürəcəyinə söz vermiş Adam Delimxanov və onun iki qardaşı da var.

Fəallar, müxaliflər, iddia olunan qurbanlar Kadırov hakimiyyətini insan haqları pozuntularına himayəçilikdə suçlayıb. Bu pozuntulara adam oğurluğu, işgəncə, məhkəməsiz qətllər, siyasi rəqiblərin öldürülməsi və cinsi azlıqların təqibi daxildir. Baş Prokurorluq və Bastrıkinin İstintaq Komitəsi, hüquq müdafiəçilərinin çağırışlarına baxmayaraq, iddiaları araşdırmaqdan imtina edib.

XS
SM
MD
LG