Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:52

Kilsə Paşinyanı hakimiyyətdən salmaq gücündədirmi? (Video)


Erməni keşiş Paşinyana qarşı. Yerevan etirazları
Gözlə

No media source currently available

0:00 0:07:52 0:00

Erməni keşiş Paşinyana qarşı. Yerevan etirazları

Sərhəd Tavuşdan başlayan, Yerevandakı on minlərin mitinqinə çevrilən etirazların lideri Erməni Kilsəsinin arxiyepiskopu Bagrat Galstanyan kimdir? AzadlıqRadiosu Azərbaycan xidmətinin #İzahla proqramı bu suala cavab axtarıb.

Eurasianet dərgisi mayın 9-dakı mitinqə 20 mindən çox insanın qatıldığını bildirib. Müxalifətə yaxın mənbələr daha böyük rəqəm səsləndirir.

Yerevanda jurnalist Yuri Manvelyan təsdiqləyir ki, bu, baş nazir Nikol Paşinyana qarşı təşkil olunmuş ən izdihamlı mitinqlərdən biridir.

Bununla belə Manvelyan inanır ki, meydanlara çıxanları müxtəlif vasitələrlə ələ alıblar. Bu məlumatı başqa yerdən təsdiqlətmək mümkün olmayıb.

Bütün hallarda Manvelyan deyir ki, indi Ermənistanda nə keşiş Galstanyan populyardır, nə də Kilsə, nə ki, onlarla eyni cəbhədə olan müxalifət. Onlar Paşinyanı devirəcək gücdə deyillər:

“Kilsənin heç vaxt humanist bir qurum imici olmayıb. Onların adı müxtəlif vaxtlarda müxtəlif qalmaqallarda, korrupsiyada hallanıb. Onlar demokratiya və s. də tələb etməyiblər. Məsələn, vaxtilə Robert Koçaryanı etirazçıların ölümünə görə, digər qanunsuz əməllərə görə tənqid etməyiblər. Onların cinayətkar oliqarx imici var. Bəzi din xadimləri lap varlıdır. Bir sözlə, hamı bilir onlar necə dolanır, necə yaşayır”.

Manvelyan deyir ki, bu, Paşinyanın əleyhinə olan qüvvələrin mitinqlərinin davamıdır. Nə vaxt ki böyük hadisə baş verir, mitinqə çıxırlar. İndi də sadəcə olaraq öz aralarından başqa bir qüvvəni- Kilsəni seçib, qabağa veriblər.

Bir az da keşiş Qalstanyan haqda

Ermənistanın Tavuş vilayətinin arxiyepiskopu 53 yaşlı Baqrat Galstanyan 10 ilə yaxındır ki, bu vəzifədədir. Əslən Gümrüdəndir.

Müxtəlif dini vəzifələrdə, o cümlədən Kanada ermənilərinin arxiyepiskopu kimi fəaliyyət göstərib. Kanadada teologiya üzrə elmlər doktorluğu müdafiə edib.

Qalstanyan həm də Kanada vətəndaşıdır. AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu amil onun baş nazir olmaq perspektivini mümkünsüz edir.

Qalstanyanın etiraz aksiyaları sərhəddəki Tavuş vilayətindən başladı. Keşiş və tərəfdarları “Vətən Uğrunda Tavuş” hərəkatı elan ediblər və sərhədlərin qismən demarkasiyasının dayandırılmasını və baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Etirazlar aprelin 19-dakı sərhəd razılaşmasından sonra başlayıb. Bəzi sakinlər deyirlər ki, yeni sərhəd çəkiləndə onların təhlükəsizliyi daha da həssas vəziyyətə gəlir.

Yuri Manvelyan etirazçıların sərhəd kəndlərinin və ya erməni xalqının mövqeyini əks etdirməsinə inanmadığını deyir. Çünki çoxluq sülh istəyir, nəinki münasibətlərin pisləşməsini.

Yuri Manvelyan inanır ki, keşiş keçmiş prezidentlərə - Robert Koçaryana, Serj Sarkisyana bağlıdır. Onlar da öz növbəsində Paşinyandan fərqli olaraq Kremlə yaxın qüvvələrdir.

Amma Galstanyan özü deyib ki, onu gah Rusiyaya, gah da Avropa Birliyinə bağlayırlar. Lakin o, bir Tanrıya, bir də vətəninə xidmət eləyir.

“Nə müxalifət, nə kilsə populyar deyil”

Azərbaycanda orta yaşlı nəsil Erməni Kilsəsinin siyasətdə rolunu 1980-ci illərin sonunda kilsənin Qarabağakı erməni separatçılara dəstəyi ilə xatırlayır.

Lənkəran Dövlət Universitetinin sabiq tarix müəllimi, siyasi fəal Yadigar Sadıqlı həmin dövr haqda deyir ki, erməni kilsəsi daha çox erməni diasporunun separatçılara yardım etməsinə lobbiçik edirdi.

Bəs indi necə? Kilsə Ermənistanın dövlət siyasətinə təsir edəcək qədər nüfuzlu ola bilərmi?

Yerevanda Regional Araşdırmalar İnstitunun direktoru Riçard Giraqosian deyir ki, indi durum fərqlidir:

“Erməni kilsəsinin bir beynəlxalq şəbəkəsi var. Onlar dünyada erməni diasporu ilə işləyir. Dağlıq Qarabağ hərəkatı və müharibəsi vaxtı kilsə fəal idi. Amma indi baş verən başqadır. Bu, Ermənistanın daxili məsələsidir. İlk dəfədir ki, kilsə demokratik yolla seçilmiş hökumətə qarşı çıxır, müxalifəti dəstəkləyir. İlk dəfədir ki, belə şey baş verir”.

Riçard Giraqosian deyir ki, bir neçə səbəbdən bu aksiyaların davamlı olacağını düşünmür.

“Çünki nə müxalifət, nə kilsə populyar deyil, onlar ermənistanlılar üçün keçmişdir. Üstəlik, iştirakçılar Paşinayana alternativ namizəd və siyasət irəli sürə bilməyiblər”.

Gədəbəy sakinləri: 'Ermənilər ilə sıx alver edirdik'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

“Azərbaycanın əzici ritorikası Paşinyanın vəziyyətini çətinləşdirə bilər”

Amma Yerevanda Tətbiqi Siyasət İnstitutunun təhlilçisi Sergey Melkonyan AzadlıqRadiosunun CurrentTime TV layihəsinə müsahibəsinə deyir ki, keşiş Galstanyan nüfuzlu adamdır, camaatın ona hörməti var.

Onun sözlərinə görə, prezident İlham Əliyev çıxışlarında deyir ki, Ermənistan Qazaxın dörd kəndini qaytardı. Bu isə elə qavranır ki, Ermənistan Azərbaycanın təzyiqi ilə növbəti dəfə güzəştə gedir:

“Sizə İlham Əliyevin bəyanatını oxuyum. “Bugün bizim tələbimizlə Qazaxın dörd kəndi geri qayıdır. Bu, belə davam edəcək. Burda söz haqqı bizə sahibdir”. Burda bizim tələbimiz sözünü işlədir. O, Almatı bəyannaməsi haqda danışmır, delimitasiya-demarkasiya haqda danışmır, konsensus haqda danışmır. Burda açıq-aşkar güc nümayiş etdirmək təhdidi var və bu təhdidə görə, Ermənistan növbəti güzəştə gedir. Qeyd edim ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və Qazaxın dörd kəndi də bu əraziyə aiddir. Üstəlik, bu kəndlər anklav olmayan, işğalda olan ərazilərdir”.

Azərbaycan hakimiyyət rəsmiləri bəyanatlarında sülh müqaviləsi imzalamağa hazır olduqlarını deyirlər.

Tarixçi, siyasi fəal Yadigar Sadıqlı hesab edir ki, rəsmi Bakı indiki halda Azərbaycanın milli maraqlarını düşünürsə, danışıq tərzini dəyişsə yaxşıdır:

“Bu əzici ritorika Paşinyanın vəziyyətini daha da pisləşdirə, Rusiyaya xidmət edə bilər”.

44 günlük müharibədən sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı dəfələrlə etiraz aksiyaları keçirilib. Amma Qarabağdakı məğlubiyyətə rəğmən Paşinyanın partiyası 2021-ci ildəki seçkidə qalib gəlib.

Azərbaycan və Ermənistan isə sərhədin yalnız bir faizini razılaşdırıblar. Sülh müqaviləsi də hələ imzalanmayıb.

XS
SM
MD
LG