Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

Həkim: 'Koronavirusa görə karantinin sərtləşdirilməsinə əsas yoxdur'


Bakıda sərt karantin
Gözlə
Embed

No media source currently available

0:00 0:02:15 0:00

Bakıda sərt karantin (2020)

Rəsmi rəqəmlərə görə, Azərbaycanda son günlərdə koronovirusa yoluxma artmaqdadır. TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ötən həftəki açıqlamasında yoluxmanın 48 faiz artdığı deyilirdi. Buna görə də rəsmi qurumlar əhalini yenidən peyvəndlənməyə, ehtiyatlı olmağa çağırır, hətta karantin qaydalarının yenidən sərtləşdirilmə ehtimalı səslənir.

"Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər",- birgə açıqlamada belə deyilirdi.

Son rəqəmlərə görə, iyulun 11-də koronavirusa yoluxma 32 nəfər olub, xəstəlikdən ölüm faktı qeydə alınmayıb.

Bütün bunların fonunda Azərbaycan hələ də quru sərhədləri açmır, Türkiyə ilə quru sərhədi belə yaxında bağladı. Bütün bunlar camaat arasında ən müxtəlif dedi-qoduların yaranmasına əsas verir.

M.İbrahimqızı
M.İbrahimqızı

Deputat: "Xəstələrin sayı artarsa, bir yol qalır"

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan"a deyir ki, xəstələrin sayı artarsa, vəziyyəti tənzimləməyə ehtiyac yaranacaq: "Əhalimiz peyvəndlənib, bir hissəsi xəstələnib-sağalıb. Xəstələrin sayı artarsa, bir yol qalır - məhdudiyyətlər tətbiq olunsun".

Deputat yoluxmaların sayının tək Azərbaycanda yox, başqa ölkələrdə də artdığını söyləyir: "Azərbaycanda da bir neçə gün əvvəl gündəlik yoluxmanın sayı 5 idisə, hazırda say ikirəqəmlidir. İnsanların miqrasiyası, kontaktları, xeyir-şər mərasimləri buna təsir göstərir. Əgər yoluxmaların, ölümlərin sayı kəskin artsa, müəyyən məhdudiyyətlər tətbiq oluna bilər".

Komitə üzvü Azərbaycan hökumətinin koronavirusla mübarizə siyasətinin doğru olduğunu, onu hətta beynəlxalq təşkilatların da təqdir etdiyini vurğulayır: "Azərbaycan ən az itki verən ölkələrdən oldu".

A.Əliyev
A.Əliyev

Həkim: "Yoluxma sayı artsa belə durum təhlükəli deyil"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə yoluxma sayı artsa belə bunun təhlükəli olmadığını bildirir. Onun sözlərinə görə, koronavirusa yoluxmuş xəstələrdə ağırlaşma sayı artarsa, onda nəsə barədə düşünmək olar. Hərçənd o bunu mümkün saymır: "Çünki virus mutasiyaya uğradıqca onun öldürücülük qabiliyyəti azalır".

Mütəxəssis bugünlərdə yoluxma sayı artsa da, ağırlaşma və ölüm sayının minimum olduğuna diqqət çəkir: "Son statistik rəqəmlərdə bir nəfərin koronavirusdan öldüyü qeyd olunur. Mən onun COVID-dən öldüyünə şübhə edirəm. Bunu müəyyən etmək üçün meyit autopsiya olunmalıdır, tədqiqat aparılmalıdır. Bizdə isə o təhlil aparılmır".

Həkimin sözlərinə görə, dünyada hər il 1 milyarda yaxın insan qripə yoluxur: "Bəyəm ona görə karantin olur? Hazırda COVID-19 xəstəliyinə görə karantinin sərtləşdirilməsinə heç bir əsas yoxdur və olmayacaq. O, artıq qrip kimi mövsümi yoluxucu bir xəstəliyə çevrilib və insanların 99 faizi bunu yüngül keçirəcək".

E.Şahinoğlu
E.Şahinoğlu

Siyasi şərhçi versiyalar səsləndirir

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu karantinin yenidən sərtləşdirilməsi ehtimalının gündəmə gəlməsi və quru yolların hələ də qapalı qalması ilə bağlı dörd versiya olduğunu söyləyir: "Birinci versiya kimi yoluxmaların sayının artması Gürcüstanda, Türkiyədə və İranda xəstəliyin tam aradan qaldırılmamasıdır. İkinci versiya odur ki, Rusiyada və İranda müəyyən təxribatçı qruplar var və onlar təhlükəsizliklə bağlı Azərbaycana problem yarada bilər. Üçüncü versiya odur ki, Azərbaycan erməni separatçılarına qarşı antiterror əməliyyatı həyata keçirə bilər. Dördüncü versiya da səsləndirilir, o da AZAL ilə bağlıdır. Yəni, təyyarə biletlərinin qiymətlərini yüksək saxlamaq üçün insanların quru yolla Türkiyəyə, Gürcüstana keçərək Avropa ölkələrinə üz tutmasına imkan verilmir".

E.Şahinoğlu səsləndirilən versiyaların hər birinin ağlabatan olduğunu düşünür: "Amma hətta təxribatçı qruplar təhlükəsi varsa belə, sərhədləri əbədi qapalı saxlamaq düzgün deyil. Azərbaycanın müvafiq güc strukturları təhlükəsizlik məsələləri ilə məşğul olmalıdır. Onda gərək bütün ölkələr öz sərhədlərini qapalı saxlasın".

TƏBİB bir gün öncə yenidən əhalini diqqətli olmağa çağırıb.

XS
SM
MD
LG