Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:38

Araşdırma: Kremlin Moldovanı qəsb etmək planı


Moldovada anti-Rusiya aksiyasının plakatı
Moldovada anti-Rusiya aksiyasının plakatı

Kremlin Kişinyovu Moskva ilə tədricən yaxınlaşdırmağa dair xüsusi planı var.

Bu barədə bir qrup Almaniya mediaları yazır. Sözü gedən medialar Moldovada rusiyayönlü qüvvələrə dəstək verilməsi və ölkə hökumətinin Qərblə yaxınlaşmasının qarşısının alınmasına dair strateji sənədi ələ keçirdiklərini və təhlil etdiklərini bildirirlər.

Bu jurnalist təhqiqatını Almaniyanın WDR, NDR teleradio kanalları, Süddeutsche Zeitung qəzeti, habelə onların beynəlxalq partnyorları olan Yahoo News, Delfi Estonia, Kyiv Independent, Expressen, Frontstory.pl, VSQuare, Belarusian Investigative Center, Dossier Center və Rise kimi media qurumları aparıblar.

Qərb ekspertləri sənədin orijinallığını təsdiq edirlər.

Beş səhifəlik strateji planda Moldova ilə siyasi, hərbi, ticari və iqtisadi bağların çoxaldılması, habelə təhlükəsizlik və ictimai sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Forpost

Bu sənəddə Kişinyova Rusiyanın Qərblə qarşıdurmasında mühüm forpost kimi baxılır.

Məqsəd yaxın 10 ildə xarici qüvvələrin, o cümlədən NATO-nun Moldovanın daxili işlərinə qarışmasının qarşısını almaqdır.

Bu mənada Moldovanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi İttifaqına üzv edilməsi tədbirlərinə xüsusi diqqət yetirilir.

Plan müəlliflərinin fikrincə Kişinyov oriyentasiyasını Rusiya təchizat bazarına yönləndirməli, habelə rus dilinin distant tədrisi sistemini tətbiq etməlidir.

Plana görə 2030-cu ilədək ölkədə rusdilli mediaların geniş şəbəkəsi yaradılmalıdır.

Plan maddələrindən birində Dnestryanı separatçı bölgədə Rusiya qoşunlarının möhkəmləndirilməsi nəzərdə tutulur.

Eyni dəst-xətt

Belə görünür ki, bu planı da Belarus Respublikasının Rusiyaya birləşdirilməsi planının üzərində işləyənlər tərtib ediblər.

Rusiya prezidentinin administrasiyası medianın bu plan barədə sorğularına cavab verməyib.

Son günlərdə Kişinyovda keçirilən rusiyayönlü etiraz aksiyalarında polis 7 şübhəli saxlayıb.

Onlar Rusiya xüsusi xidmətlərinin tapşırığı ilə Moldovada sabitsizlik yaratmaq cəhdində ittiham olunurlar.

Moskva inkar edir

Ötən ay Moldovanın qərbyönlü prezidenti Mayya Sandu bildirmişdi ki, Moskva ölkə hakimiyyətinə öz adamlarını gətirməyə çalışır.

Moldova xüsusi xidmətləri Rusiyanın bu planları barədə Ukraynadakı həmkarlarına xəbər veriblər.

Sandunun fikrincə Moskvanın məqsədi Moldovanın Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq və ondan Ukraynaya qarşı müharibədə istifadə etməkdir.

Rusiya XİN buna cavabında bildirmişdi ki, Mayya Sandunun iddiaları tamamilə əsassızdır və heç bir faktla təsdiq olunmur.

Rusiya habelə Kiyevi Moldovadakı gərginliyi artırmaqda və Kişinyovu Moskva ilə “sərt qarşıdurmaya” çəkmək cəhdində ittiham etmişdi.

XS
SM
MD
LG