Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Oğulları Rusiyaya işləməyə gedən ata: 'Bayram ərəfəsində həmişə pul göndərərdilər'


Rusiya rublu
Rusiya rublu

Azərbaycanın cənub rayonlarından da dolanışıq üçün Rusiyaya gedənlər az deyil. Rusiyanın Ukraynaya hücumu və bu ölkəyə sanksiyaların genişlənməsi belə ailələrdə də narahatlıqla izlənir.

"Oğlanlarımın ikisi də Rusiyadadır. Burada rus məktəbində oxuyublar, ali təhsil aldılar. İş tapa bilmədilər, getdilər Rusiyaya. Yaxşı işləri var. İndi vəziyyət yaxşı deyil". Bunu adının çəkilməsini istəməyən Lənkəran rayon sakini deyir. O, sözünə davam edir:

"Bu il pul göndərə bilməyiblər"

"Novruz bayramı (20-21 mart) ərəfəsində həmişə pul göndərərdilər. Bayramı keçirdirdim. Bu il isə hələ pul göndərə bilməyiblər. İki dəfə pul göndərmək istəyiblər, alınmayıb. Onlarla danışıram. Deyirlər ki, hər şeyi demək olmur, qulaq asırlar. Ona görə mən də bilmirəm, onlar necədirlər? Rusiyadan rubl gəlir, hesablayıb Azərbaycan manatı verirlər. Oradan kimsə bir tanış adam gələndə nağd rus pulu gətirir, bazarda dəyişirəm".

Lənkəranın "qara bazar"ında da rubl ucuzlaşıb. Adının çəkilməsini istəməyən pul dəyişən şəxslərdən biri deyir ki, rubl ötən aya nisbətən az gəlir, həm də ucuzlaşıb:

Rubl ucuzlaşıb

"Müharibədən əvvəl 1000 rublu 20-25 manata satırdım. İndi 12-15 manata düşüb. Rubl az gəlir, istəyən çoxdur. Fikirləşirlər ki, rubl qalxar, ona görə almaq istəyirlər".

Həmin şəxs əlavə edir ki, ABŞ dollarının qiyməti sabitdir: "Dollar da dəyişən azdır, satmaq istəmirlər. Qara gün üçün saxlayırlar. 100 dolları 170 manata satırıq. Alanda bir az ucuz alırıq. İran puluna ehtiyac yoxdur, dəyişən yoxdur. İranın qapısı bağlıdır, həm də İran pulunu gətirən yoxdur. Olsa da, mən götürmürəm, risklidir. Bir dəfə ziyana düşmüşəm. Qazanc azalıb. Halbuki, bayram ərəfəsi qazanc iki-üç dəfə artardı".

İranla sərhəddəki Astara sərhəd keçid məntəqəsinin önündə də əvvəlki illərdə olan qələbəlik yoxdur. Koronavirus pandemiyası ilə bağlı iki il əvvəl İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb. İndi keçidin qarşısında minik maşınları dursa da, İrana nə gedən var, nə də gələn. Amma sərhədyanı ticarətlə məşğul olanlardan biri deyir ki, İrandan mallar gəlir:

"Maşın var, pulunu veririk, gətirirlər"

"Mal sarıdan korluq çəkmirik. Maşın var, pulunu veririk, gətirirlər. Ərzağa icazə verməsələr də, gətirilir. İrandan gələn malların qiymətində artım yoxdur. Alış-verişi də ABŞ dolları, İran rialı və Azərbaycan manatı ilə edirik".

Yazıda səslənən fikirlərə, hələlik, Azərbaycan Dövlət Gömrük Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Bu müharibədən bir neçə gün əvvəl də Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra isə Qərb və dünyanın bəzi ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan və İran sanksiyalara qoşulmur.

XS
SM
MD
LG