Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:28

Azərbaycanın dostu kimi tanınan Lieberman İsrailin müdafiə naziri oldu


Avigdor Lieberman
Avigdor Lieberman

Əvvəllər xarici işlər naziri olmuş Lieberman-ın hökumətə qayıdışı ölkə daxilində və xaricində birmənalı qarşılanmayıb

İsrailin baş naziri Benjamin Netanyahu və onun müdafiə naziri vəzifəsinə namizədi – ultramillətçi Avigdor Lieberman ötən gün koalisiya barədə razılaşma imzalayıblar.

Təhlilçilər yeni koalisiyanı İsrailin tarixində ən sağçı hökumət adlandırıblar. Buna baxmayaraq, tərəflər koalisya hökumətinin “məsuliyyətli fəaliyyət göstərəcəyini” vəd ediblər.

2013-cü il seçkisində Benjamin Netanyahu Avigdor Lieberman-la birgə qələbə qaznıb
2013-cü il seçkisində Benjamin Netanyahu Avigdor Lieberman-la birgə qələbə qaznıb

Bu koalsiya Netanyahuya habelə parlamentdə lazım olan çoxluğu təmin edəcək. Baş nazirin hazırda 120 mandatlıq parlamentdəki çoxluğu cəmi bir nəfərdir.

Əvvəllər xarici işlər naziri olmuş Lieberman-ın hökumətə qayıdışı ölkə daxilində və xaricində birmənalı qarşılanmayıb və İsraildə yaşayan ərəb azlığı bu təyinatı pisləyib.

Avigdor Lieberman əvvəllər özünün ziddiyyətli bəyanatları ilə tanınıb. O Fələstin-İsrail danışıqlarına, Türkiyə və Misir kimi regional ölkələrə mənfi münasibətdə olub.

Reuters agentliyi yazır ki, Lieberman-ın kiçik Yisrael Beitenu partiyası ilə Netanyahu-nun hakim Likud partiyası arasında koalisiya sazişinin imzalanması mərasimində “iki lider ivrit dilindən ingilis dilinə keçərək beynəlxalq birlik üçün bəyanat veriblər”.

Bu saziş Netanyahuya parlamentdə 6 səs çoxluğu verəcək.

Yeni nazir işğal olunmuş ərazidə yaşayır

Mərasimdə çıxış edən Netanyahu deyib ki, onun hökuməti fələstinlilərlə sülh danışıqlarına sadiq olaraq qalır. O bildirib ki, bununla yanaşı İsrail vətəndaşlarının təhlükəsizlyinin qorunması da davam etdiriləcək.

ABŞ Dövlət Departamenti bildirib ki, İsrailin yeni hökumətini onun əməllərinə görə qiymətləndirəcək.

Fələstin rəsmiləri isə bildirirlər ki, şəxsi evi işğal olunmuş Qərb sahilində yerləşən Lieberman-ın hökumətə qayıdışı İsrail-Fələstin danışıqlarının perspektivinə kölgə sala bilər.

Lakin bir vaxtlar Misiri Asuan su bəndini bombalamaqla hədələmiş və Qəzzadakı Həməs liderlərinin məhv edilməsinə çağırmış Lieberman bəyanatında “daha məsuliyyətli siyasət yürüdəcəyini” vəd edib.

Yisrael Beitenu təşkilatı Netanyahunun dindar-millətçi koalisiyasında altıncı siyasi partiya olacaq.

Likudun belə bir koalsiya qərarına etiraz edən keçmiş müdafiə naziri Moshe Yaalon ötən cümə istefa verib.

Azərbaycana silah satışı

Maraqlıdır ki, millətçilər Yaalonu fələstinlilərlə yumşaq rəftara, mötədillər isə əksinə, məsələn İsrailin Azərbaycana hərbi texnika satması kimi məsələlərə görə tənqid edirdilər.

Xarici işlər nazirləri Elmar Məmmədyarov və Avigdor Lieberman, fevral, 2010, Bakı.
Xarici işlər nazirləri Elmar Məmmədyarov və Avigdor Lieberman, fevral, 2010, Bakı.

Son həftələrdə İsrailin sosial-demokrat müxalifəti hökuməti Qarabağ münaqişəsinın olduğu regionu silahla təchiz etməkdə günahlandırırdı. Bu tənqidlər xüsusilə də Ermənistan və Azərbaycan arasında “dörd günlük müharibə” dövrünə təsadüf edirdi.

Ermənistan hökuməti də İsrailin Azərbaycana silah satışını tənqid etmiş və İsrail mediasının yazdığına görə rəsmi narazılğını bildirmişdi.

Lakin təhlilçilər bu qənaətdədirlər ki, Avigdor Liebermanın müdafiə naziri olacağı təqdirdə İsrail-Azərbaycan hərbi-siyasi əməkdaşlığı daha da genişlənəcək.

4 ildə 5 səfər

Təkcə bunu demək kifayətdir ki, Lieberman İsrailin xarici işlər naziri olduğu dövrdə, 2010-2014-cü illər arasında Azərbaycana beş dəfə səfər edib.

Öz növbəsində Azərbaycan müxalifəti də Liebermanı “Əliyev hökuməti ilə həddən-ziyadə yaxın münasibətlərə” görə tənqid edirdi.

Avigdor Lieberman Bakı sinaqoqunda ibadət zamanı, 10 fevral 2010
Avigdor Lieberman Bakı sinaqoqunda ibadət zamanı, 10 fevral 2010

Buna səbəb Lieberman-ın Azərbaycan hökuməti barədə tərifli bəyanatlar verməsi idi. Məsələn 2013-cü ilin aprelində Bakıda səfərdə olan Lieberman “Azərbaycanın stabil və sürətlə inkişaf edən ölkə olduğunu, bunun nəticəsində ölkənin beynəlxalq birliyin etibarlı tərəfdaşına çevrildiyini” söyləmişdi.

İsrail xarici işlər naziri həmçinin bir çox sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyirdi.

Bundan əvvəl, 2010-cu ilin martında ABŞ-ın “Foreign Policy” dərgisi iddia edirdi ki, “İsrail İrana mümkün hücum üçün Azərbaycanın hava limanlarından birini alıb”.

O vaxt hər iki ölkə bu iddiaları təkzib etmişdi.

2014-cü ilin aprelində Bakıya səfəri zamanı Lieberman Azərbaycan mediasına açıqlamasında demişdi ki, “Azərbaycanı öz evi hesab edir”.

Bioqrafiyasından səhifələr

Avigdor Lieberman 1958-ci ildə, o vaxt SSRİ-nin tərkibində olan Moldaviya SSR-in Kişinyov şəhərində doğulub

1978-ci ildə İsrailə köçüb

İsrailin tələbə hərəkatlında fəal olan Lieberman 1993-1996-cı illərdə Likud Partiyasının baş katibi vəzifəsini tutub

Bundan sonra Likudu tərk edərək özünün Yisrael Beiteinu (İsrail Evimizdir) partiyasını yaradıb. Bu təşkilat xüsusilə də Sovet İttifaqının çökməsindən sonra İsrailə mühacirət etmiş 1 milyonluq rusdilli əhali arasında populyardır

Onun partiyası 1999-cu ildə parlamentə 4 mandat qazanıb

1999-2002-ci illərdə milli infrastruktur naziri, 2003-2004-cü illərdə nəqliyyat naziri olub

2004-cü ildə baş nazir Ariel Sharon-un İsrail qüvvələrini Qəzza zolağından çəkmək planlarına etiraz etdiyinə görə vəzifəsindən azad olunub

2011-ci ildə onun partiyası artıq 11 deputatla təmsil olunurdu. O bunun sayəsində Kadima partiyasının hökumətində baş nazirin müavini və strateji məsələlər naziri vəzifələrinə gətirilib

2009-cu ildə parlamentə 15 mandat alan Yisrael Beiteinu ölkənin üçüncü partiyasına çevrilib

Bunun ardınca öz dəstəyini Kadimadan geri çəkərək Likhuda verən Lieberman Netanyahu-nun hökumətində xarici işlər naziri postu ilə mükafatlandırılıb

2013-cü ildə Lieberman siyasi qalmaqalla bağlı istefa verib. O dostbazlıqda və himayədarlıqda ittiham olunurdu. Bununla əlaqədar keçirilən məhkəmədə təqsirli bilinməyib. Bunun ardınca o, xarici işlər naziri vəzifəsinə bərpa olunub və bu vəzifədə 2015-ci ilin mayınadək qalıb.

Lieberman-ın müdafiə naziri vəzifəsində “məsuliyyətli fəaliyyət” göstərəcəyi vədinə baxmayaraq, bir sıra İsrail siyasətçiləri, o cümlədən keçmiş müdafiə naziri Moshe Arens onun təyinatını “səhv” adlandırıb, Fələstin rəsmiləri isə Lieberman-ın “regional təhlükə” olduğunu dilə gətiriblər.

XS
SM
MD
LG