Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]


London mülkləri təhlükədə - Diktatorların əmlakı müsadirə edilə bilər
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

London mülkləri təhlükədə - Diktatorların əmlakı müsadirə edilə bilər [video]

İnsan haqlarını pozan diktatorların və yaxınlarının Londonda aldıqları mülklər əllərindən çıxa bilər. Bununla bağlı britaniyalı millət vəkilləri hökumətin “kriminal maliyyə fəaliyyəti haqqında” qanununa əlavələr təklif ediblər.

Hesablamalara görə Londonun əmlak bazarına mənşəyi bəlli olmayan 2 milyard dollarlıq vəsait yatırılıb.

“Panama Papers” adı ilə tanınan məşhur qalmaqallı sənədlər və başqa jurnalist araşdırmalarında iddia edilir ki, bu mülklərin sahibləri arasında Azərbaycan prezidenti İlham Əliyevin övladları da var. Bu araşdırmalarda Azərbaycan prezidentin qızlarının Londondakı mülklərinin ümumi dəyəri 60 milyon dollar miqdarında qiymətləndirilir.

Buna da bax: “The Mail on Sunday” “Leyla Əliyevanın London mülkünün” şəklini dərc edib

'Prezident övladlarının malikanələrinin olmasında qeyri-adi bir hal yoxdur'

Prezident Administrasiyası London mülkləri ilə bağlı araşdırmaya hələ ki münasibət bildirməyib. Amma Yeni Azərbaycan Partiyasından millət vəkili Yevda Abramov AzadlıqRadiosu-na deyib ki, prezidentin övladlarının malikanələrinin olmasında qeyri-adi bir hal yoxdur.

Mülk sahibi sərmayənin təmiz olduğunu sübut etməlidir

Amma insan haqları fəalları deyirlər ki, Britaniyada təklif edilən dəyişiklik qəbul edilsə, Bakıdan səslənən bu fikirlər işə yaramaya bilər. Çünki, şübhəli malikanə ilə bağlı Britaniya polisi məhkəmə qarşısında məsələ qaldırsa, onda həmin mülkün sahibi sərmayənin təmiz qazanc olduğunu sübut etməli olacaq.

Buna da bax:​ Azərbaycanın birinci ailəsinin Londondakı şəxsi mülklərinin siyahısı

"Global Witness" təşkilatının insan haqları və anti-korrupsiya fəalı Chido Donn düşünür ki, qanuna əlavədən sonra çirkli pulların Britaniyada gizlədilməsi xeyli çətinləşəcək:

“Yeni qanun layihəsini hökumət verib və maliyyə cinayətkarlığına qarşı hökumətin sərt mövqeyinin nümayişi kimi qiymətləndirilib. Bu çox müsbət hal kimi qiymətləndirilə bilər. Əlbəttə, burada Global Witness kimi bizim və başqa təşkilatların apardığı kampaniyanın böyük təsiri olub. Qanun layihəsinə bəzi əlavələr bizim koalisiyamızın və ya kənar koalisiyaların təşəbbüsü ilə daxil edilib. Ola bilər ki, bu bəndlər səsvermədə qəbul olunmasın. Lakin ölkədə hazırkı siyasi ab-hava, millət vəkillərinin bu müddəaları dəstəkləyəcəyinə ümid verir ki, qanun qəbul olunacaq”.

Milyonlarla, milyardlarla dəyəri olan daşınmaz əmlak ofşor şirkətlərin mülkiyyətindədir. Chido Donn hesab edir ki, bu sərvət çirkli pullar ola bilər və ya hansısa siyasətçinin öz ölkəsində korrupsiya yolu ilə əldə etdiyi vəsaitlərlə alına bilər.

Buna da bax: Paşayevlərin gəlirli Retro biznesi

Sərhədsiz Reportyorlar Təşkilatının Böyük Britaniya bürosunun direktoru Rebecca Vincent yeni qanun layihəsinin önəmini yalnız antikorrupsiya ilə mübarizəyə yox, həm də öz ölkəsində insan haqlarını pozanlara yönəlməsinə görə önəmli sayır. O ümid edir ki, bu həm də korrupsiyadan yazan jurnalistlərə dəstək ola bilər:

“Xədicə İsmayılova korrupsiyanı aşkarlayan araşdırmalarına görə hədəfə gələn jurnalistlərə bir nümunədir. Ona görə də bu qanuna əlavə həm də qlobal əhəmiyyət daşıyır. Korrupsiya ilə mübarizədə, media azadlığının qorunması üçün də önəmlidir. Biz ümid edirik ki, Britaniya parlamentinin üzvləri bu qanun layihəsinin lehinə səs verəcəklər”.

Deyək ki, bu qanun qəbul olundu. Bəs, Londondakı mülklərin çirkli pullarla alındığı necə sübut olunacaq?

Buna da bax:​ Müsavat mülklərlə bağlı araşdırma tələb edir

"Ən çətini isbatlama olacaq..."

"Global Witness" təşkilatının insan haqları və antikorrupsiya fəalı Chido Donn hesab edir ki, layihədə əsas məqamlardan biri məhz bu mülklərin çirkli pullarla alınmasını isbatlamaqla bağlıdır:

“İstər hökumət müqavilələrindən əldə olunmuş pul olsun, istərsə də büdcədən oğurlanmış pul - bunu isbat etmək polisin üzərinə düşür. Qanuna da məhz bununla bağlı dəyişiklik təklifi edilib. Bu dəyişiklik təklifi “mənşəyi açıqlanmamış sərvətin araşdırılması üçün order” adlanır. Dəyişikliyin mahiyyəti belədir. Tutaq ki, polis Leyla Əliyevanın bahalı penthauzda yaşadığı barədə informasiyaya malikdir və polis düşünür ki, ortalıqda bu ailənin korrupsiyasına dair iddialar var. Mülkün həddən artıq bahalı olması polisdə bu mülkün alınması üçün ödənən pulun cinayət yolu ilə qazanılmış, oğurlanmış ola bilməsi şübhəsi yarada bilər. Bu halda polislər məhkəmədən Leyla Əliyeva və ya bu mənzilin sahibi olan şirkətlərin mülkə ödənən pulun qanuni olduğunu isbatlatmaq üçün order ala bilərlər. Yəni, polis isbat etməyəcək ki, bu mülk çirkli pulla alınıb, ya yox. Mülkün sahibi bu mülkləri almaq üçün əldə olunan vəsaitin mənşəyini göstərməlidir. Yəni, mülkün təmiz pulla alındığını sübut etmək və pulun mənşəyini göstərmək məsuliyyəti tamamilə onun sahibinin üzərinə düşür”.

Buna da bax:​ "Ofşordan istifadə eləyən elə məmurların özləri deyil?!"

Chido Donn əlavə edir ki, bütün bunlar qanunun yalnız bir hissəsidir. Hazırda "Global Witness" digər təşkilatlarla birgə bu cür daha çox qanunlarla bağlı kampaniya aparır. Çünki hökumət belə qanunların qəbulunu vəd edib. Bu təşkilatlar hökumətə həm də ictimaiyyətə açıq mülkiyyət reyestrini qəbul etməyi təklif edir. Bu reyestrdə ofşor şirkətlər vasitəsilə alınan mülklərin əsl sahiblərinin kimlikləri haqda informasiyaların açıqlığı istənir.

Bakı sakinlərindən soruşmuşuq ki, onlar Azərbaycan rəsmilərinin Londonda milyonlarla dollarlıq mülkləri olduğuna necə inanırlar:

Rəsmilərinin Londonda dəbdəbəli villaları olmasına vətəndaş inanırmı?
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Korrupsiya və təşkilatlanmış cinayətkarlıq üzrə jurnalist koalisiyasının araşdırmalarına görə Azərbaycan prezidentinin ailəsi Londondan başqa – Moskva, Karlovı Varı, Dubay şəhərlərində mülklərə sahibdir. Bu mülklərin ümumi dəyəri 140 milyon dollar civarında qiymətləndirilir.

XS
SM
MD
LG