Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:35

Lukaşenka: Putin Krım barədə danışıqlara razı idi...


Lukaşenka və Putin yaxta gəzintisində (Arxiv fotosu)
Lukaşenka və Putin yaxta gəzintisində (Arxiv fotosu)

Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Rossiya 1 telekanalında məşhur propaqandaçı aparıcı Olqa Skabeyevaya müsahibəsində iddia edib ki, ötən ilin martında Rusiya prezidenti Vladimir Putin Ukrayna hökuməti ilə Krımın statusu barədə danışıqlara razı idi.

Lukaşenkanın sözlərinə görə Putin şəxsən ona Ukrayna ilə iki ölkənin rəsmiləri tərəfindən razılaşdırılmış müqavilənin layihəsini vermişdi.

Belarus başçısının iddiasına görə həmin sənəddə ilhaq olunmuş Krımın “uzunmüddətli icarəsi” barədə müddəa var idi.

Lukaşenko bildirib ki, Donbasın mənsubiyyəti məsələsi isə Rusiya və Ukrayna dövlət başçılarının Türkiyədə keçiriləcək üzbəüz görüşündə müzakirə edilməliydi:

"Əgər Rusiya bu sənədi oxusaydı, başına hava gələrdi. Bu, Rusiya üçün qətiyyən sərfəli sənəd deyildi. Amma Rusiya razılaşmışdı”.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bundan əvvəl sülh müqaviləsi layihəsinin mövcudluğu barədə Ukrayna prezident ofisinin keçmiş müşaviri Oleksi Arestoviç danışmışdı.

Onun sözlərinə görə 2022-ci ilin yazında Rusiya ordusunun ilk ağır itkilərindən sonra Moskva demək olar ki, Krım və Donbasa nəzarət də daxil müharibədən əvvəl qoyduğu bütün tələblərindən imtina etmişdi.

Razılaşdırılmamış müddəalar Ukrayna ordusunun 50 min əsgərdən çox olmaması, Ukraynanın neytral statusu və Ukraynada rus dilinə ikinci dövlət dili statusunun verilməsi idi.

Kreml inkar edir

Arestoviç iddia edirdi ki, danışıq qrupuna daxil ölkələr artıq Putin və Zelenski arasında şəxsi görüşün detallarını razılaşdırmışdılar, lakin son anda Ukrayna lideri Rusiya başçısı ilə bütün danışıqlardan imtina etdi.

Onun sözlərinə görə buna səbəb Ukraynanın Buça şəhərində törədilmiş vəhşiliklər idi.

Ukrayna ordusu Buçanı azad etdikdən sonra rusiyalıların onlarca ukraynalını vəhşicəsinə qətlə yetirdiyi məlum olmuşdu.

Həqiqətən də Rusiya və Ukrayna nümayəndələri Rusiyanın Ukraynaya fevral müdaxiləsindən sonra ilk günlərdə Belarus və Türkiyədə danışıqlar aparırdılar.

İstanbulda görüşməli idilər

Məlumatlara görə İstanbulda keçirilən görüşdə Rusiyanın əsas tələbi – Ukraynanın NATO üzvlüyündən imtinası müqabilində Kiyevə təhlükəsizlik qarantiyaları verən sənəd razılaşdırılmışdı.

Həmin sənəddə deyilirdi ki, Krımın statusu məsələsi təxirə salınır. Bundan sonra heç bir görüş olmadı və heç bir sənəd də imzalanmadı.

Lakin iyunun 14-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Aleksandr Lukaşenkanın Putinin Krımın icarəsi məsələsini müzakirə etməyə hazır olduğuna dair iddialarını rədd edib:

“Yox bu belə deyil. Krım Rusiyanın ayrılmaz hissəsidir, bu Rusiya regionudur”.

Buça qətliamı

Ötən ilin aprelində Ukrayna qoşunları Kiyev vilayətini Rusiya işğalçılarından azad etdikdən sonra bu şəhərdə yüzlərcə ukraynalının cəsədləri aşkar olunub.

Buça sakinləri bildirirdilər ki, Rusiya əsgərləri yerli əhalini güllələyir, zorlayır və işgəncə verirdilər.

Bundan sonra Ukrayna və bir sıra başqa ölkə başçıları Rusiyanı hərbi cinayətlər törətməkdə ittiham ediblər.

Rusiya Müdafiə Nazirliyi bütün ittihamları rədd edirdi.

Lukaşenko: 'Rusiya Belarus ərazisində taktiki nüvə bombaları yerləşdirir'
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Moskva iddia edirdi ki, Buçada çəkilən foto və video materiallar “Kiyev rejimi tərəfindən Qərb mediası üçün səhnələşdirilib”.

Lakin Qərbin peyk görüntüləri Rusiya Müdafiə Nazirliyinin yalan məlumat verdiyini üzə çıxarmışdı.

Bu görüntülərdən məlum olurdu ki, qətlə yetirilənlərin meyitləri Rusiya qoşunları Buçada olarkən artıq küçələrə səpələnmişdi.

Rusiyada Buçada baş verənlər barədə məlumatlar yayan şəxslərə qarşı onlarca cinayət və yüzlərcə inzibati işlər qaldırılıb.

Bir çox müttəhimlər uzunmüddətli həbsxana cəzasına məhkum edilib.

XS
SM
MD
LG