Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:25

Meyvə ala bilənlər azalır...


►“Keçənilki alverimin heç 30 faizini də indi edə bilmirəm”

Bakıya yaxın qəsəbələrdən birində illərdi kiçik mağazasında kartof-soğan satan Vəli Məmmədov bu payızı zərərlə başa vuracağını düşünür. Deyir ki, ötən illə müqayisədə kənd təsərrüfatı mallarının topdansatış qiymətlərindəki artım, üstəlik, təklif bolluğunda alıcı azlığı onun illərdi çörəyini çıxardığı kiçik biznesi təhlükə qarşısında qoyub:

“Sədərəkdəki meyvə bazarından alıram. Hər gün getmirəm, çünki aldığım malı 2-3 günə zorla satıram. Bəzi mövsümü məhsullar var ki, artıq onların bahalanma vaxtıdır, pomidor, xiyar getdikcə bahalanır. Elə yaşıl lobya da bahalanır, 10-15 gündü ki, hər dəfəsində qiymət artımı olur”.

Buna da bax: “Banklar iflas olacaq”

“Bir yeşik narıngini 3 günə sata bilmirəm”

Vəli dayı deyir ki, Gədəbəy kartofu bu il xırda olduğundan qiyməti İran, Gürcüstan məhsuluna bərabər olub:

“Topdansatışda kilosu 10 qəpik artıb, 75-80 qəpikdən alıram, üstünə də 10 qəpik qoyub satıram. Türkiyədən kartof gəlmir, Gürcüstanla İrandan gəlir. Camaat da daha çox onu alır, çünki yerli xırdadı, amma onlar böyükdür”.

Müsahibimiz xatırlayır ki, ötən il xiyar-pomidor bu vaxtlar daha ucuz olub:

“Bircə narıngi keçən ilkinə nisbətən ucuzdu. Amma keçən il bir gündə 3 yeşik satırdım, indi 1 yeşiyi 3 günə satıram”.

Vəli dayı təkcə bahaçılıqdan yox, həm də alıcıların azalmasından şikayətlənir:

“Satanlar çoxalıb. Hara baxırsan, meyvə-tərəvəz satırlar. Keçən ilki alverimin heç 30 faizini də indi edə bilmirəm. Alıcıların çoxu meyvənin üzünə də baxmır”.

Buna da bax: Lift işləmədiyi üçün anasını qucağında qaldırır...

Rəsmi statistika deyir ki...

Dövlət Statistika Komitəsi oktyabrda kənd təsərrüfatı məhsullarının 1,8 faiz bahalaşdığını bildirir.

Statistikaya görə, birillik bitkilərdən pomidorun, xiyarın, sarımsağın, badımcanın, soğanın, kartofun, şirin bibərin qiymətləri də bahalaşıb. Göy lobyanın qiyməti isə ucuzlaşıb. Digər birillik bitkilərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində çoxillik bitkilərdən heyvanın, narın, üzümün, armudun, qozun, almanın qiymətləri ucuzlaşıb. Digərlərinin isə qiymətləri sabit qalıb. Heyvandarlıq məhsullarından yumurtanın, ev quşlarının, südün qiymətləri bahalaşıb, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər müşahidə olunmayıb.

Buna da bax: İran Müqaviməti azərbaycanlıların etirazlarını dəstəkləyib

“Bazarda 5 faizə qədər qiymət artımı var”

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun araşdırmasına görə, rəsmi statistika artan faizi “bir az yumşaldıb”. Onun sözlərinə görə, bazarlarda mütəmadi apardıqları monitorinqlərə görə, kənd təsərrüfatı məhsullarında 5 faizə qədər artım var.

O, artımın bir səbəbini mövsümlə bağlayırsa, digər səbəbini də maliyyə vəziyyəti və aqrar sektordakı problemlərlə izah edir:

“Artım idxal məhsullarında da müşahidə olunur. Bilirsiz ki, manatın dəyərinin düşəcəyi ehtimalları var. Sahibkarlar da ehtimal edilən zərəri qarşılamaq üçün işlərini ehtiyatlı tuturlar”.

Buna da bax: AXCP fəalı vicdan məhbuslarının yanına göndərilir

Növbəti bahalaşma bayramlarda gözlənir

Vahid Məhərrəmov ət və süd məhsullarının, eləcə də digər tərəvəz məhsullarının bahalaşacağını gözləyir. Onun sözlərinə görə, ötən il olduğu kimi bu il də heyvandarlıqda yem catışmazlığı yaşanacaq, ancaq o vaxtkı kimi ətin ucuzlaşacağı gözlənmir:

“Bu il fermerlər istədikləri qədər yem istehsal edə bilmədilər, ot istehsalı azaldı. Təbii ki, bu da heyvandarlığa təsir edəcək. Mal-qarada artım olsa da, yem çatışmazlığı istehsala təsir edəcək ”, - eskpert deyir.

Müsahibimiz növbəti bahalaşma dalğasını Yeni il və Novruz bayramları ərəfəsində gözləyir. Əvvəlki müşahidələrinə söykənən ekspertin fikrincə, bazarda “bir dəfə qalxan qiymətin sonradan enməyini” görmədiyindən hesab edir ki, kənddən gələn ərzaq məhsullarında qiymət artımı davam edəcək.

XS
SM
MD
LG