Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:46

Maya Yaqublu: 'Mən Tofiqə necə deyim, vətənini sevmə?'


T.Yaqublu və M.Yaqublu
T.Yaqublu və M.Yaqublu

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü, xuliqanlıqda ittiham olunan Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu AzadlıqRadiosuna müsahibə verib.

- Maya xanım, yenə Tofiq Yaqublu həbsdədir, yenə onu azadlıqdan məhrum etmə təhlükəsi gözləyir, rəsmi ittiham irəli sürülüb. Alışdınızmı bu duruma, yoxsa bu qədər həbslərdən yoruldunuz?

- Tofiq bəy həmin gün – martın 22-də heç nə etmədi. O, haqq yolundadır, sözün düzünü deyən, millətini, vətənini sevən insandır. Tofiq bəydən narazı deyiləm. Hakimiyyət onun tənqidinə dözə bilmir. Onun səsini belə kəsirlər. Tofiqi tutdunuz, Tofiq kimi yüzləri var, sözlərini deyəcəklər.

- Onun həbsini gözləyirdinizmi? Ötən il 19 oktyabr aksiyasından sonra inzibati qaydada həbs cəzası alan yoldaşınız orda övladları, ailəsi ilə hədələndiyini iddia etmişdi.

- Hər vaxt gözləyirdik ki, bu hakimiyyət bizə nəsə edə bilər. 19 oktyabrda onun özünü tutdular, ağır işgəncələr vermişdilər, təhdid etmişdilər, övladlarıyla təhdid etmişdilər. Bu qanuna sığan iş deyil ki, siyasətçini övladları ilə hədələyəsən, bu yoldan çəkindirməyə çalışasan. Millətin dərdini çəkən insanı niyə ailəsiylə təhdid etməlidirlər? O, səhv idi. Amma dedikləri kimi də etdilər. Demişdilər ki, bu yoldan çəkinməsən oğlunu da o biri qızının arxasınca göndərəcəyik. Belə haqsızlıq, belə vicdansızlıq olarmı? Bir ana kimi bu təhdidləri eşitmək mənim üçün çox qorxulu, həm də çox ağır idi. Mən bir övladımı itirmişəm. Onun dərdini çəkə bilmirəm, yoldaşım da, mən də o dağı, o yükü daşıya bilmirik. O ki qala o biri övladlarımızla bizi təhdid etsinlər...

- Dediniz ki, təhdidləri eşitmək qorxulu və ağır idi. O zaman Tofiq bəyə «Bəlkə siyasi fəaliyyətinə, tənqidi çıxışlarına ara verəsən» deyib onu çəkindirmək istədinizmi?

- Tofiq heç nə etmədi. Onlar tutmağı da bacarmadılar, kişi kimi tuta bilmədilər. Sən bazara gedən, ailəsinə azuqə alan insanın durduğu yerdə maşınını vur, şərlə... Özüm orda olmasam deyərdim ki... Nə bilim... Tofiq qarışqanı ayaqlayacaq adam deyil. O ki qala onları təhdid etsin, hücum çəksin. Onun nə təbiəti, nə də tərbiyəsi buna imkan verər. Onu, sadəcə, şərlədilər, ssenari üzrə həbs etdilər.

- Siz özünüz hadisənin şahidi olmusuz. Nə baş verdiyini qısaca danışa bilərsiniz?

- O qadını (T.Yaqublunun avtomobilini vurduğu iddia edilən sürücünün həyat yoldaşını nəzərdə tutur –A.R.) maşından zorla araladım. Az qalırdı şüşəni qırıb Tofiqi içəridə boğa. Dedim: «Ay qız, tərbiyən olsun, atan yaşında kişidir, neynirsən?». Tofiq dedi ki, bunu qəsdən edirlər, bunlar məni təxribata çəkirlər, məni tutdurmaq istəyirlər. Mənə də bir az təpindi: «Sənə deyirəm, polis gələnə kimi keç maşında əyləş». Qəza olanda polis iki saata güclə gəlir, bu hadisə vaxtı polis 2 dəqiqə keçməmiş ora gəldi. Onlar gələndə Tofiq də düşdü ki, «mən maşını tərpətməmişəm, burda durmuşdum, o məni vurdu». Polis də baxdı. Amma nə bir sığortadan, nə də yol polisindən kimisə çağırdılar. Heç araşdırmadılar ki, maşının vurulmasında kim günahkardır. Polis qabaqda oturdu, Tofiqə də dedi: «Sür şöbəyə!». Orda da özünü içəri apardılar. Bir müddət sonra aşağı düşdü, telefonu mənə vermək istədi. İnanırsınız necə cumdular, telefonu əlimdən aldılar. Mənim özümü şöbədə köşk vardı, ora saldılar... Yaxşı, tutalım, yoldaşım qəza törədib, mənim çantamı niyə axtardınız, telefonumu əlimdən aldınız? Yəni, hadisə yerində birdən nəsə kadr çəkilər, onları silmək üçün etdilər.

- Rəsmi ittihamda deyilir ki, Tofiq Yaqublu sürücünü vintaçanla vurub, ona xətər yetirib. Sürücü Elxan Cəbrayılov özü və yoldaşı isə KİV-ə müsahibədə yaranın izini də göstərdilər.

- Nə yaxşı elə vintaçan da ordaydı? Tofiq adam vurandı? Tofiq o tərbiyənin sahibi deyil. Vintaçan da baqajda olur. Kim yanında saxlayır vintaçanı? Necə oldu Tofiq maşını açdı, baqajdan vintaçanı çıxartdı, bunları döydü? Özü də Tofiq onun yarısı boydadır.

- Həmin sürücü də, yoldaşı da danışanda bədənlərində xəsarət izlərini göstərdilər. Onların iddiasına görə, həmin xəsarətləri Tofiq bəy yetirib.

- Hadisə baş verən zaman orda olanlar dedilər ki, bu adamlar ər-arvad deyil. Bu işlə məşğuldurlar, yəni, işverəndirlər. Qadın tərbiyədən kənar sözlər işlətdi, mən Azərbaycan qadınında elə hərəkət görməmişdim. Aqressiv idi. Tofiq də dedi ki, bunlar təxribatçıdır, məqsəd də məni cərimələməkdir, saxlamaqdır. Biz elə bildik, onu cərimələyəcəklər. Ancaq ən ağır cəzanı - 221.3 maddəsini, xuliqanlıq ittihamı verdilər. Sözün düzünü deyənə xuliqanlıq verdilər. Nə oldu müxalifətçilərin hamısı xuliqan olur, narkoman olur? Bütün dünya bilir ki, şərləmək üçün başqa bəhanə tapa bilmirlər...

- Tofiq Yaqubluya yenidən ittihamın irəli sürülməsi, deyəsən, Sizin üçün gözlənilməz olub.

- Vallah, bu hakimiyyətdən hər şey gözləyirəm artıq. Pandemiya vaxtında, koronavirus vaxtında insanları tut içəri sal. Nəinki yoldaşım, başqaları da tutulur, 30 sutkalıq, 10 sutkalıq verilir. Bütün dünyada pandemiya dövründə ağır cəza törədənləri də həbsdən buraxırlar. Bizdə də kim sözünü deyir, türməyə salırlar.

- Yəqin Sizin üçün çətindir, çünki indi tək qalmısınız.

- Mənim üçün çox çətindir. Evdə tək qalmışam. Yoldaşımı şərlədilər, tutdular. Qızım yeni ailə qurub, oğlum əsgərdir. Heç utanmadılar ki, bunun oğlu əsgərdir, vətəni qorumağa gedib, atasını tutub həbsxanaya saldılar. Utanmadılar.

- Yeri gəlmişkən, oğlunuz Rəhim necə qarşıladı xəbəri?

- Necə qarşılayacaq? Pis oldu. Amma o da atasını tanıyır, bilir kimdir, nəçidir, bilir şərləyiblər. Nə qədər böhtan olar? 2013-cü ildə İsmayıllı hadisələrinə görə şərləyib həbs etdilər. Bir gün əvvəl hadisə olmuşdu, bina da yanmışdı, dağıdılmışdı hər yer. Ertəsi gün yoldaşımı müxbir kimi çəkilişə göndərmişdilər. Hər şeyi onun boynuna qoydular, guya Tofiq təşkilatçılıq edib.

M.Yaqublu ailəsi ilə birlikdə
M.Yaqublu ailəsi ilə birlikdə

- Tofiq bəylə bugünlərdə görüşmək imkanınız olub?

- Heç cinayətkarla elə davranmırlar. Nə görüşə bilirik, nə paltar göndərə bilirik, nə də yemək. Başa düşdük ki, virusa görə içəri azuqə keçirilmir, bəs paltara nə deyirsən? O paltarlar evdə gigiyenik qaydada yuyulub, ütülənib. Onu da götürmədilər. Məcbur oldu orda özü yeni paltar, dəyişəcək alsın. Belə özü ilə danışanda deyir, «narahat olma», ürək-dirək verir mənə. Evdə tək qadın qalır, Tofiq necə narahat olmasın?

- Bugünlərdə Sizə baş çəkən olurmu?

- Pandemiyaya görə hamı evində oturur. Heç kim gəlib getmir. Bax belə.

- Yeri gəlmişkən, Tofiq bəy həbsdədir və qapalı mühitdədir, koronavirusa yoluxma ehtimalı var, buna görə narahatsınızmı?

- Narahatam. Hətta koronavirusa yoluxdura bilərlər. Hər şey gözləyirəm. Dünən Aqil Hümbətov adlı bir nəfəri tutub psixiatrik xəstəxanaya salıblar ki, dəlidir. Sözünü deyən dəlidir? Sözünü deyənin kimisini dəli edirlər, kimisini xuliqan, kimisini də narkoman. Belə hakimiyyət olar?

- Tofiq Yaqublu döyüşçü olub, Siz də...

- Döyüşçü olsa da, rahat insandır, qarışqanı ayaqlamaz. Onunla yol gedən yorulmaz. Amma sözünü deyəndir.

- O, Qarabağda döyüşüb, Siz gözləmisiniz, həbs olunub, gözləmisiniz.

- Hər zaman yolunu gözləmişəm, bəli.

- İndi yolunu gözləmək çətindir, ya müharibədə olanda?

- O vaxt da çətin idi, indi də. O vaxt iki körpə qız uşağını qoydu, könüllü müharibəyə getdi. Mənə müharibəyə getdiyini axırıncı gün söylədi. Dedi: «Dözə bilmirəm, könüllü gedirəm». Onda da gözlədim. Nə bilim, vətənini sevəndir. Necə deyim, vətənini sevmə?

- Adətən, Siz mətbuata danışmamısınız, kənardan izləmisiniz prosesi, yəni, daha çox Nigar danışıb, Rəhim danışıb, Siz susmusunuz. Bu, Sizin seçim idi?

- Ona görə qıraqda qalmışam ki, yoldaşım özü mübarizə yolundadır, qızım da onun kimi. Mən partiya üzvü deyiləm. Ailəsinin qayğısını çəkən bir insanam.

- Bütün çətinliklərə rəğmən, sizin ailənizi pozitiv görmüşük, yoldaşınız da, uşaqlar da belədir. Haradan qaynaqlanır bu pozitivlik?

- Ailəmiz əvvəldən belədir. Uşaqlarımıza əvvəldən sərbəstlik vermişik. Siyasətçi ailəsində böyüyən uşaq sözünü düzünü, haqqı deməyi, yaxşını pisdən seçməyi bacarmalıdır. Bizim uşaqlar mitinqdə böyüyüb.

- Bəs indi necə, nikbin ola bilirsizmi?

- İnanırıq ki, hər şey yaxşı olacaq, hər şey gec-tez düzələcək. Heç nə əbədi deyil.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. T.Yaqublu Cinayət Məcəlləsinin (CM) 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Müxalifətçi 2013-cü ildə İsmayıllıda baş verən iğtişaşlardan sonra 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. T.Yaqublu o zaman da rəsmi ittihamı qəbul etməmişdi

XS
SM
MD
LG