Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:47

Məhbusun qəfil yerdəyişməsi və müəmmalı ölümü...


Nurani İbrahimov
Nurani İbrahimov

-

«Nuranini işgəncəylə öldürüblər. Bunu hamı bilir. Nə qədər ört-basdır etsələr də, əlimizdəki fotolar da isbatlayır ki, ona işgəncə verilib».

Bunu AzadlıqRadiosuna fevralın 12-də 6 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişmiş 25 yaşlı məhbus Nurani İbrahimovun ailə üzvləri deyir.

YERİ DƏYİŞƏNDƏN SONRA ONU GÖRƏN OLMAYIB

Atası Fuad İbrahimovun sözlərinə görə, Nurani əvvəllər 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılırmış. Qəfil bir qərarla onu 6 saylı müəssisəyə köçürüblər. Bu köçürülmə kimin sifarişi olub, ailə bunu araşdıracağını bildirir:

«Onu qəflətən 2 saylı müəssisədən 6 saylıya etap elədilər. 3-4 gün idi orada saxlanırdı, eşidən kimi getdik. Pal-paltar, yemək aparmışdıq. Dedilər, «yeməyi götürə bilmərik, burada hər şey var yeməyə». Dedik, «heç olmasa, paltarları götürün». Dedilər, «ehtiyac yoxdur, müəssisədə kombi istilik sistemi var». Onu da götürmədilər».

Ailə üzvləri üzlərini çevirib evə qayıtmaqdaykən, Nuraninin ölüm xəbəri çıxıb. Bu xəbər ailəni məyus etməklə yanaşı, həm də xeyli təəccübləndirib. Çünki bu vaxta qədər Nurani nə sağlamlığından, nə də əvvəl saxlandığı müəssisədə hər hansı təzyiqə məruz qalmasından bir kəlmə də şikayət etməyib. 6 saylı müəssisəyə köçürüldükdən sonra isə ailəsi onu nə görə, nə də səsini dinləyə bilib.

Fuad İbrahimov
Fuad İbrahimov

«TƏPİK İZLƏRİDİR»

Fuad İbrahimov deyir, indi əsl həqiqəti ört-basdır etmək üçün Nurani haqqında rəy formalaşdırmaq istəyirlər:

«Guya narkotik udub, narkotik bükümü qarnında partlayıb. Mənim oğlum 13 yaşından ibadətdə olub. Həbsxanada da ibadətinə davam edirdi. Onun əli heç vaxt belə çirkinliklərə bulaşmayıb. Onu vurublar, döyüblər, əziblər, «pres»dən çıxa bilməyib, ölüb. Şəkillər də var, bədənindəki izlər hamısı təpik izləridir».

Nuraninin əmisi Akif İbrahimov ağlayaraq dərdini bölüşür: «Bədənində göyərmiş izlər vardı, baxan kimi bilinir ki, uşağımızı döyüb öldürüblər. Tezliklə bu işin üstü açılsın, bunu edənlər cəzalarına çatsın».

«İBADƏTLƏ MƏŞĞUL İDİ»

Fərhad Adıgözəlov Nuraninin həmyaşıdıdır. Bir məhəllədə yaşayıb, böyüyüblər. Nuraninin həbsxanadan gələn ölüm xəbəri onu da məyus edib:

Mərhumun bədənindəki izlər.
Mərhumun bədənindəki izlər.

«Başını aşağı salıb ibadəti ilə məşğul olurdu. Heç kəslə işi yox idi. Həbsə düşməsi də bir təsadüf idi. Atası iki gün əvvəl yanına getmişdi. Gəldi dedi ki, «yanına buraxmadılar». Heç pal-paltar, yemək də götürməmişdilər atasından...».

Ailə üzvlərini şübhələndirən məsələlərdən biri də Nuraninin öldüyü tarixdir. Atada şübhələr var ki, onu oğlu ilə görüşə buraxmamaqları, gətirdiyi pal-paltarı, yeməkləri geri qaytarmaqları həmin vaxt oğlunun artıq həyatda olmamasına görə imiş.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən 3 gündür ki, məsələ ilə bağlı münasibət bildirəcəklərini desələr də, hələ də açıqlama verilməyib.

Baş Prokurorluq da hələlik faktla bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

Nurani İbrahimov 2011-ci ildə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib və 7 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG